İsrail Baş naziri Benyamin Netanyahu İrana mesaj göndərərək, ölkəsinin hazırda müharibədə maraqlı olmadığı və Tehrana hücum etməyi planlaşdırmadığını bildirib.
Bu barədə İsrailin rəsmi yayım qurumu “Kan” məlumat yayıb.
Kanal diplomatik mənbələrə istinadla qeyd edib ki, mesaj yaxınlarda Rusiya Prezidenti Vladimir Putin vasitəsilə çatdırılıb. Netanyahu son həftələrdə Putinlə bir neçə telefon danışığı aparıb.
Mənbələrin sözlərinə görə, İsrail Tehranın hesablama səhvinə yol verərək, İsrailin hücumunun qaçılmaz olduğuna inanıb qabaqlayıcı zərbə endirməsindən ehtiyat edir. Netanyahunun mesajının məqsədi məhz bu ssenarinin qarşısını almaqdır.
Bununla belə, İsrail Baş naziri bu gün Knessetdə çıxışında xəbərdarlıq edib ki, İrandan istənilən hücumun ağır nəticələri olacaq.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki İsrailin İrana “zərbə endirmək niyyətində olmadığı” mesajını məhz Rusiya üzərindən ötürməsi təsadüfi deyil:
"Yayılan informasiyalar doğrudursa, Netanyahunun İrana məhz Rusiya Prezidenti Vladimir Putin vasitəsilə mesaj göndərməsi təsadüfi sayılmamalıdır. İlk növbədə, mövcud mərhələdə ABŞ Yaxın Şərqdə yeni bir hərbi eskalasiyaya maraqlı deyil. Xüsusilə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik proseslərin dalana dirəndiyi bir vaxtda.
İsrailin İrana “zərbə endirmək niyyətində olmadığı” mesajını məhz Rusiya üzərindən ötürməsi də bu kontekstdə başa düşülməlidir. Moskva həm Tehran, həm də Təl-Əvivlə birbaşa əlaqə kanallarına malik azsaylı aktorlardan biridir və regionda mühüm vasitəçi rolunu qoruyub saxlayır. Bu baxımdan Rusiya İsrail üçün həm mesajın daha inandırıcı çatdırılması, həm də mümkün yanlış hesablamaların qarşısının alınması baxımından uyğun platforma sayılır.
Bu proseslər eyni zamanda formalaşmaqda olan yeni geosiyasi sistemin ilkin əlamətləri kimi də dəyərləndirilə bilər. Vaxtilə kəskin ziddiyyətlər içində olan dövlətlər arasında indi situativ də olsa, ortaq maraqlar ön plana çıxmağa başlayır. İsrail-Rusiya münasibətlərində müşahidə olunan bu nisbi yaxınlaşma ABŞ–Rusiya münasibətlərində mümkün yumşalma cəhdləri ilə müəyyən paralellik təşkil edir. Başqa sözlə, regional və qlobal aktorlar mövcud risklər fonunda müəyyən əməkdaşlığa üstünlük verməyə başlayırlar".