İsrail mediasında dərc olunan təhlildə Baş nazir Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın dəstəyini itirdiyi, bunun isə Vaşinqtonla Təl-Əviv arasındakı münasibətlərə təsir etdiyi bildirilib.
Sherg.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetində dərc olunan təhlilə görə, Trampın Qəzza və İran məsələlərindəki narazılığı, eləcə də Netanyahunun vədlərini yerinə yetirməməsi ABŞ prezidentinin İsrail hökumətinə münasibətini dəyişib.
Məqalədə qeyd olunur ki, Netanyahu İran üzərində qələbə, Tehranda hakimiyyət dəyişikliyi və Qəzzada müharibənin başa çatdırılması ilə bağlı Trampa verdiyi vədləri reallaşdıra bilməyib. Bu vəziyyətin Trampın Abraham sazişlərini genişləndirmək və Yaxın Şərqdə sülh təşəbbüslərini irəli aparmaq planlarına mane olduğu iddia edilir.
Təhlildə həmçinin ABŞ ictimaiyyətində Fələstinlilərə rəğbətin artdığı və Qəzzadakı hərbi əməliyyatların Vaşinqtonla Təl-Əviv arasındakı münasibətlərə ciddi zərbə vurduğu vurğulanır.
Müəlliflərin fikrincə, ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İsrail üçün vəziyyət daha da mürəkkəbləşə bilər. Bununla belə, məqalədə Trampın mövqeyini dəyişə biləcəyi də istisna olunmur.
Təhlil “Netanyahu Trampı, İsrail isə ABŞ-ı itirib” qənaəti ilə yekunlaşır. Qeyd edək ki, bu fikirlər İsrail qəzetində dərc olunan müəllif təhlilində yer alıb.