İsrail mətbuatından Türkiyə etirafı: “Ağır zərbə aldıq”

İsrailin aparıcı nəşrlərindən biri olan "Maariv" Ankarada keçirilən NATO sammitindən sonra Türkiyənin artan regional və beynəlxalq təsiri ilə bağlı diqqətçəkən təhlil yayımlayıb.

Sherg.az xəbər verir ki, nəşr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşlərin Yaxın Şərqdə güc balansına təsir etdiyini vurğulayıb. Təhlildə son diplomatik proseslər “Türkiyədən ağır zərbə aldıq” ifadəsi ilə xarakterizə olunub.

Məqalədə Türkiyənin yalnız diplomatik deyil, həm də hərbi və geosiyasi baxımdan bölgənin əsas aktorlarından birinə çevrildiyi qeyd olunub. Nəşr Ankaranın Avropa ilə Yaxın Şərq arasında strateji mövqeyə malik olduğunu, boğazlara nəzarəti və region ölkələri ilə sərhədlərinin Türkiyəyə xüsusi üstünlüklər qazandırdığını yazıb.

Təhlildə həmçinin Türkiyənin son illərdə vasitəçilik təşəbbüsləri və fəal diplomatiyası sayəsində beynəlxalq nüfuzunu artırdığı bildirilir. Qəzet İsraillə Türkiyə arasındakı rəqabətin davam edəcəyini vurğulayaraq, “İsrail üçün Türkiyə ilə hekayəmiz hələ bitməyib” ifadəsinə yer verib.