- “Xalqlarımızın birliyi hər şeydən üstündür!”
Türkiyədə keçirilən “Türk Dünyası Gənclik Görüşü” çərçivəsində türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq mədəni və mənəvi dəyərlərin qorunması, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivləri müzakirə olunub.
Son dövrlərdə sosial şəbəkələrdə və ictimai müzakirələrdə iki ölkə arasındakı münasibətlərlə bağlı səsləndirilən fikirlər fonunda dövlətlərarası əlaqələrin mahiyyəti, qarşılıqlı hörmət və dialoqun əhəmiyyəti diqqət çəkən məsələlərdəndir. Bununla yanaşı, nəqliyyat, enerji və logistika sahələrində əməkdaşlıq, eləcə də türk dünyasının gəncləri arasında əlaqələrin genişləndirilməsi ortaq gündəliyin mühüm istiqamətlərini təşkil edir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri, Ankara millət vəkili, professor Kürşad Zorlu Azərbaycan-Türkiyə qardaşlığı və türk dünyası gənclərinin bir araya gətirilməsi ilə bağlı Sherg.az-ın suallarını cavablandırıb.
- Azərbaycan-Türkiyə qardaşlığını necə dəyərləndirirsiniz?
- Bizim qardaşlığımız çox xüsusi hüquqi və mənəvi bağlara əsaslanır. Məncə, bu, dünyada nümunə göstərilə biləcək ən önəmli qardaşlıq münasibətlərindən biridir. Çünki onun təməlində tarix, mədəniyyət, sivilizasiya, dil, inanc və qələbə dayanır. Buna görə də biz bu günlərə, həqiqətən də, böyük bədəllər ödəyərək gəlib çatmışıq. Atalarımızın bizə miras qoyduğu bu qardaşlığı gələcəyə daşımaq kimi bir öhdəliyimiz var.
Dövlətlərimiz, əlbəttə ki, öz suverenlik hüquqlarına və xarici siyasət istiqamətlərinə malikdirlər. Biz bunlara hər zaman hörmətlə yanaşırıq. Türk Dövlətləri Təşkilatının da əsas prinsiplərindən biri budur.
Zaman-zaman bir-birimizlə üst-üstə düşməyən qərarlar da qəbul edə bilərik. Bu, mümkündür və belə qərarlarla bağlı mövqeyimizi münasib şəkildə ifadə edib tənqidimizi bildirə bilərik. Bu da qardaşlıq münasibətlərimizin tələblərindən biridir. Çünki biz bir-birimizi düzgün istiqamətdə irəli aparmaq üçün birlikdə çalışmalıyıq.
Amma bunu edərkən böyük məsuliyyətlə hərəkət etməliyik. Hər şeydən əvvəl, tənqid və qiymətləndirmələrimizi soyuqqanlılıqla, sağlam düşüncə ilə və hörməti əsla itirmədən ifadə etməliyik.
Son dövrlərdə baş verən bəzi hadisələrin xalqlarımız arasındakı qardaşlığı əks etdirmədiyini deməliyəm. Buna görə də yaranmış çətinlikləri və ya ortaya çıxan bu üzücü mənzərəni qısa müddətdə aradan qaldıra bilərik. Çünki xalqlarımızın birliyi hər şeydən üstündür.
Dövlət səviyyəsində də bunu deyə bilərəm: prezidentlərimiz daim əlaqə saxlayırlar və hər kəs bunu bilməlidir. Nazirliklərimiz və bürokratik qurumlarımız da əlaqələrini davam etdirirlər.
Hazırda ən çox diqqət yetirməli olduğumuz məsələlərdən biri Türkiyə-Azərbaycan münasibətlərinin nəqliyyat, enerji və logistika xətlərinin, eləcə də bir çox mühüm beynəlxalq layihələrin əsas qovşağında yer almasıdır. Buna görə də aramıza nifaq salmaq və təxribat törətmək cəhdlərinə qarşı hər iki ölkənin və hər iki xalqın ayıq-sayıq olması, bu cəhdlərin kimlər və hansı qüvvələr tərəfindən həyata keçirilə biləcəyini diqqətlə izləməsi və düzgün nəticə çıxarması lazımdır.
Biz də bu şüurla hərəkət edirik: “Azərbaycanla Türkiyə bir gözdür, heç kim bizi ayıra bilməz”.
- Kürşad bəy, bəs bugünkü tədbiri necə şərh edərdiniz?
- Bu da çox faydalı bir layihə oldu. İlkini Kocaelidə həyata keçirdik. İnşallah, gələn il bu tədbiri daha fərqli bir mövzu ilə təşkil edəcəyik.
Buradan Azərbaycandakı dəyərli rəsmilərə də səslənirəm: bu layihə artıq sizindir. Düşünürəm ki, Bakıda, hətta Qarabağda da belə bir gənclər görüşünün keçirilməsi əhəmiyyətli olar.