"Kiyevdəki arxivlər Azərbaycan tarixinin qaranlıq qalan səhifələrini açacaq" - Tarixçi

  • Ukraynadakı sənədlər Qafqazın keçmişinə yeni işıq salacaq
  • "Bu sənədlər təkcə Azərbaycanın deyil, bütün Qafqazın tarixini dəyişə bilər"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olması tarixi irsin araşdırılması istiqamətində diqqət çəkən hadisədir. 1918-1920-ci illərə aid diplomatik yazışmalar, rəsmi sənədlər və hesabatlar həmin dövrdə Azərbaycan-Ukrayna münasibətlərinin, eləcə də regiondakı siyasi proseslərin daha dolğun öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu cür arxiv materiallarının elmi dövriyyəyə daxil edilməsi Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı araşdırmaların zənginləşməsinə mühüm töhfə verə bilər.

Sherg.az-a danışan tarixçi alim, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz isə söyləyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti ilə bağlı çoxlu sayda araşdırmalar aparılıb, məqalələr və fundamental əsərlər yazılıb: 

"Xarici siyasətlə bağlı bizim tədqiqatçıların apardıqları araşdırmalar diqqəti cəlb edir. Onu da bildirim ki, bu araşdırmaları təkcə vətənimizdə çap etdirməklə kifayətlənməyib, xarici ölkələrdə də geniş təbliğ ediblər.

Ancaq zaman-zaman arxivlərdə aparılan tədqiqatlar və orada yeni materialların üzə çıxarılması göstərir ki, Cümhuriyyət tarixi ilə bağlı hələ görülməli işlər çoxdur. O cümlədən, istər Pribaltika, istərsə də Ukrayna Xarici İşlər nazirliklərindəki məlumatların əldə edilərək çap edilməsi olduqca əhəmiyyətlidir. Həm də bu materiallar təkcə 1918-1920-ci illəri deyil, Cümhuriyyətin qurulması ərəfəsi və ya Cümhuriyyət dövründən sonra torpaqlarımızın işğal edilməsi ilə bağlı real vəziyyəti göstərərdi. Həqiqətləri həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən Pribaltika və Ukrayna səfirliklərinin hesabatları əsasında bir qədər də dəqiqləşdirməyə imkan verərdi. Doğrudur, bizim zaman-zaman Azərbaycanın Ukraynadakı səfiri Yusif Vəzir Çəmənzəminli, onun hələ tələbəlik illərindəki Ukrayna fəaliyyəti, 1917-ci ildə mütləqiyyətin devrilməsindən sonra Rusiya əsarətində olan xalqların birləşməsi və öz azadlıqlarına çatması üçün Kiyevdə keçirilən tədbirlər və s. barədə müəyyən məlumatlarımız vardır". 

Tədqiqatçı qeyd edib ki, həmin məlumatların daha da genişləndirilməsinə və dəqiqləşdirilməsinə ciddi ehtiyac var:

"Məsələn, Yusif Vəzir Çəmənzəminli Ukraynaya səfir təyin edildikdən qısa bir müddət sonra Ukraynanı Rusiya işğal etdi. Bu baxımdan da sonrakı dövrdə Azərbaycan Cümhuriyyəti ilə Ukrayna arasındakı əlaqələr haqqında geniş məlumatımız yoxdur.

Yaxud da Bakıdakı xarici diplomatik nümayəndəliklərlə bağlı verilən məlumatlardan aydın olur ki, Ukraynanın Bakıda vitse-konsulu Qolovan fəaliyyət göstərib. Amma Qolovanın fəaliyyəti, öz ölkəsinə yazdığı hesabatlar və onun Cümhuriyyətin daxili və xarici siyasətinə verdiyi qiymətlə bağlı məlumatlar, demək olar ki, işlənilməyib.

Bu baxımdan da son dövrdə Xarici İşlər Nazirliyinə verilən məlumatlar olduqca maraqlıdır. Açığı, bu materialların tədqiqatçılara təqdim olunmasını səbirsizliklə gözləyirik. Bu baxımdan da həmin diplomatik münasibətləri əks etdirən arxiv materiallarının tədqiq edilərək çap edilməsini arzu edirəm. Həm Ukrayna, həm də Azərbaycan Xarici İşlər nazirliklərinə belə əhəmiyyətli sənədləri üzə çıxardıqlarına və Azərbaycan tədqiqatçılarına təqdim edəcəklərinə görə dərin təşəkkürümü bildirirəm".

Alim məsələnin təkcə Azərbaycan və Ukrayna ilə kifayətlənmədiyini bildirib:

"Həmin sənədlərin geniş tədqiqi bütünlükdə Qafqaz regionu ilə Ukrayna arasındakı məsələləri daha obyektiv, hərtərəfli araşdırmağa imkan verəcək.

Bu materialların Azərbaycana gətirilməsinin, çox böyük elmi, siyasi və tərbiyəvi əhəmiyyəti var. Ümid edirəm ki, yaxın günlərdə onlar Azərbaycana gətiriləcəkdir. Həmin sənədlər əsasında da biz, indiki kimi, Cümhuriyyət dövründə də Azərbaycanla Ukrayna arasındakı əlaqələri daha geniş və hərtərəfli tədqiq edə biləcəyik".