- Putin çətin seçim qarşısındadır, enerji böhranı, səfərbərlik və etirazlar ölkəni təhlükəyə sürükləyir
Rusiyada yeni səfərbərlik ehtimalı yenidən gündəmə gəlib. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, Kreml həm mümkün səfərbərlik, həm də bunun doğura biləcəyi ictimai narazılıq və iğtişaş risklərinə qarşı hüquqi və inzibati hazırlıqlarını sürətləndirir.
Son günlər qəbul edilən qanunlar, “Rosqvardiya”nın səlahiyyətlərinin genişləndirilməsi təşəbbüsü və ehtiyatda olan hərbçilərlə bağlı əvvəlki qərarlar Moskvanın Ukrayna müharibəsi fonunda şəxsi heyət ehtiyacını qarşılamaq üçün yeni addımlara hazırlaşdığı barədə müzakirələri gücləndirib. Bəs Kreml həqiqətən ümumi səfərbərliyə yaxınlaşırmı və belə bir qərar Rusiyanın daxili sabitliyinə necə təsir göstərə bilər?
Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, hazırda Rusiya olduqca çətin vəziyyətdədir:
“Çünki Rusiyanın mövcud situasiyadan çıxmaq üçün həm hərbi, həm də maliyyə-iqtisadi resursları o qədər də geniş deyil. Rəsmi Kiyev Ukrayna savaşını tədricən Rusiya ərazisinə keçirməyə başlayıb və bu istiqamətdə kifayət qədər ciddi uğurlar qazanmaqdadır. Belə bir şəraitdə, təbii ki, Rusiyanın canlı qüvvə itkilərinin kompensasiya olunması Rusiyanın Ukrayna savaşında əldə edə biləcəyi nəticələrə birbaşa təsir göstərə bilər.
Hələlik resurslar məhduddur. Ona görə də canlı qüvvə itkilərini qısa müddətdə kompensasiya etmək üçün Kremlin ümumi səfərbərlik elan etməkdən başqa çıxış yolu qalmamış görünür. Ancaq Kreml hələlik ümumi səfərbərliyi rəsmi şəkildə elan etməyə o qədər də həvəs göstərmir. Çünki bu baş verərsə, Ukrayna savaşının bütün ağırlığını Rusiya vətəndaşları daha ciddi şəkildə hiss etməyə başlayacaqlar. Ona görə də Rusiya çalışır ki, ümumi səfərbərliyi qeyri-rəsmi şəkildə reallaşdıra bilsin. Bu da ondan ibarətdir ki, ümumi səfərbərlik elan etmədən çağırış yaşına çatmış və hərbi xidmətə yararlı şəxslər qeyri-rəsmi şəkildə, yəni ümumi səfərbərlik elan edilmədən hərbi xidmətə cəlb olunsun və savaş bölgəsinə göndərilsinlər. Kremlin ilk reallaşdırmağa çalışdığı variant bundan ibarətdir”.
Analitik qeyd edib ki, ökədə böyük həcmdə narazılığın və yaxud etiraz dalğasının yaranmasını istəmirlər:
“Təbii ki, bu cəhdləri yaxın vaxtlarda reallaşdırmağa çalışacaqlar. Amma sentyabr ayında növbəti seçkilər yekunlaşdıqdan sonra Rusiyanın vəziyyəti elə bir həddə çata bilər ki, Kreml ümumi səfərbərliyi rəsmi şəkildə elan etmək məcburiyyətində qalsın. Bu da Kreml üçün olduqca təhlükəli variantdır. Çünki bu halda onsuz da Putin hakimiyyətinin fəaliyyətindən və Ukrayna savaşının uzanmasından narazı olan Rusiya cəmiyyətində ciddi etiraz dalğasının baş qaldıracağı qətiyyən istisna deyil. Rusiya vətəndaşları öz ailə üzvlərinin Ukrayna savaşında həlak olmasına qətiyyən razı görünmürlər. Ona görə də böyük ehtimalla, əgər ümumi səfərbərlik və yaxud da kütləvi orduya çağırış prosesi başlayarsa, bu, Kreml üçün ölkə daxilində xaosun yaranması təhlükəsini ortaya çıxara bilər. Xüsusilə də Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr nəticəsində Rusiyanın ciddi enerji böhranı ilə üzləşdiyi bir şəraitdə bu, Kreml üçün olduqca təhlükəli variantdır”.
E. Xalidbəyli söyləyib ki, Rusiya hazırda enerji infrastrukturunun çox önəmli bir hissəsini itirib və enerji defisitini neft satdığı ölkələrdən benzin idxal etməklə kompensasiya etməyə çalışır:
“Bu da hələlik yetərli görünmür. Belə bir şəraitdə həm enerji böhranı, həm sosial-iqtisadi böhran, həm də kütləvi orduya çağırış və ümumi səfərbərlik Rusiyada narazılığı və etiraz dalğasını daha da genişləndirə bilər. Bunun nəticəsində Kremlin çox ciddi ölkədaxili xaosla üzləşməsi ehtimalı qətiyyən istisna deyil”.