Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun ASEAN sammiti çərçivəsində keçirilən 35 dəqiqəlik görüşündə əsas müzakirə mövzularından biri Ukraynadakı münaqişə olub.
Sherg.az xəbər verir ki, görüşdən sonra Marko Rubio Vaşinqtonun münaqişənin həllində konstruktiv rol oynamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, sülhə nail olmaq üçün yeni ideya və yanaşmalara ehtiyac var və ABŞ tərəflərin maraqlarını nəzərə alan “qızıl orta”nın tapılmasına dəstək verməyə hazırdır.
Rubio qeyd edib ki, əvvəlki təkliflər Ukrayna üçün məqbul olmayıb və hazırkı şəraitdə də bu yanaşmaların qəbul edilməsi çətin görünür. O, münaqişənin gedişi ilə bağlı suallara isə konkret cavab verməyərək, əsas məqsədin hər iki tərəfi qane edəcək sülh razılaşmasına nail olmaq olduğunu vurğulayıb.
Sergey Lavrov isə görüşün nəticələri ilə bağlı qısa açıqlama verməklə kifayətlənib.