Lavrov və Rubionun danışıqları başa çatıb, görüş 35 dəqiqə davam edib

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında Filippinin paytaxtı Manilada keçirilən görüş başa çatıb.

Sherg.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, görüş 35 dəqiqə davam edib.

ABŞ dövlət katibinin rəsmi iş qrafikinə əsasən, Rusiya xarici işlər naziri ilə görüş üçün təxminən yarım saat vaxt ayrılmışdı.

Görüşün nəticələri ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub, Rusiya isə bu təklifi qəbul edib. Lavrov və Rubio artıq dördüncü dəfə üz-üzə görüş keçiriblər.

Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri sonuncu dəfə ötən ilin sentyabr ayının sonunda Nyu-Yorkda görüşmüşdülər.