Makron gec-tez dərsini alacaq - ŞƏRH

Fransanın fəaliyyəti Qafqazda sülhə ən böyük təhdiddir

"Fransanın xarici siyasətində xüsusi yer alan turkofobiya fiaskoya uğrayacaq"

“Fransa tərəfi yaxşı bilir ki, erməni sakinlərin, həqiqətən də, gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycan tərəfi Ağdam-Xankəndi və digər alternativ yollar təklif edib. Avropa İttifaqı və BQXK-nin bu yollardan istifadəyə dəstək verməsinə baxmayaraq, Fransa tərəfinin Ermənistanın manipulyasiyalarına uyaraq bu razılaşmalara dəstək verməməsi təəssüf doğurur”. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, məhz bu alternativ yollardan istifadə ilə bağlı Ermənistanın və onun tabeliyində olan separatçı rejimin əldə olunmuş razılaşmanı pozmasına Fransa tərəfinin heç bir reaksiya verməməsi, bu ölkənin bölgədə gərginliyi daha da artırmaq səylərindən xəbər verir: 

“Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirir. Azərbaycanın ərazilərindən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə əsl maneə olduğunu da rəsmi Parisə xatırlatmaq yerinə düşər". 

Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev deyib ki, Fransanın Ermənistan mövzusunda ölkəmizə qarşı qərəzli davranışları xristian təəssübkeşliyi və antitürk siyasətinin nəticəsidir. Analitikin sözlərinə görə, bu məsələdə Fransadan nəsə ummaq mərhələsi artıq geridə qalıb:

 "Fransa birmənalı olaraq ermənipərəst siyasət yürüdür. Amma Fransanın xarici siyasətində xüsusi yer alan turkofobiya fiaskoya uğrayacaq. Türkiyə və Azərbaycanın bir-birinə daha çox yaxınlaşması, eyni zamanda Rusiya ilə balanslaşdırılmış siyasət yürütməsi Fransanın bizə yönəlik ədalətsiz fəaliyyətini neytrallaşdıracaq. 

Eyni zamanda E.Makronun Ermənistanla sülh müqaviləsinin bağlanmasını əngəlləməsi Qarabağda erməni əsilli insanların bu siyasətdən bezməsi və birdəfəlik bu torpaqları tərk etməsi ilə nəticələnə bilər. Əlbəttə, belə arzuda olan ermənilərin təhlükəsiz gedişinə yardım ediləcəyi şübhəsizdir. Bir sözlə, Fransanın fəaliyyəti Qafqazda sülhün təmin olunmasına bir təhdiddir. Tədricən, bütün dünyada nüfuzdan düşməyə başlayan Fransa bu günlərdə Nigeriyadan, ümumiyyətlə, Afrikadan da öz dərsini almaqdadır".