"Məğlubedilməz Putin" mifinin sonu yaxınlaşır? - Ekspertdən maraqlı PROQNOZ

  • Dr. Fatih Fuat Tuncer: “Hakimiyyət dəyişikliyi hələ uzaqdır, amma təhlükəli proses başlayıb”

Rusiya-Ukrayna müharibəsinin uzanması, iqtisadi çətinliklərin dərinləşməsi və cəbhədə yaşanan problemlər fonunda Rusiyada ictimai rəyin necə dəyişdiyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Xüsusilə Vladimir Putinə ictimai etimadın səviyyəsi həm ölkədaxili siyasi sabitliyin, həm də Kremlin gələcək siyasətinin qiymətləndirilməsində mühüm göstəricilərdən biri hesab olunur. İctimai rəy sorğusunun nəticələri isə Putinin dəstək göstəricilərində son illərin ən ciddi geriləmələrindən birinin baş verdiyini ortaya qoyur. 

Beynəlxalq Münasibətlər və Siyasət üzrə ekspert Dr.Fatih Fuat Tuncer Sherg.az-a bu tendensiyanın gözlənilən mümkün siyasi nəticələrindən danışıb: 

"Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) 22-28 iyun tarixləri arasında keçirdiyi son ictimai rəy sorğusu göstərir ki, Rusiya daxili siyasətində uzun müddətdir müşahidə olunmayan miqyasda mühüm dönüş nöqtəsindən danışmaq mümkündür. Üstəlik, bu mənzərəni diqqətçəkən edən əsas məqam ondan ibarətdir ki, məlumatları Kremlə yaxınlığı ilə tanınan rəsmi tədqiqat qurumu açıqlayıb. Sorğuya əsasən, Vladimir Putinə olan ictimai etimad cəmi bir həftə ərzində 3,4 faiz azalaraq 73,3 faizə enib. Rusiyanın siyasi sistemi nəzərə alındıqda, bunu adi bir dalğalanma kimi qiymətləndirmək olmaz.

Qənaətimə görə, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından bəri Putinin etimad göstəricisində qeydə alınan ən kəskin həftəlik geriləmədir. Müqayisə üçün qeyd edim ki, 2026-cı ildə bundan əvvəl müşahidə olunan ən böyük azalma aprelin əvvəlində 1,8 faiz səviyyəsində olub. İyunun son həftəsində qeydə alınan eniş isə bunun demək olar ki, iki qatına çatıb.

Oxşar mənzərə Putinin prezident kimi fəaliyyətinə verilən qiymətləndirmələrdə də müşahidə olunur. Onun fəaliyyətini bəyənənlərin payı cəmi bir həftə ərzində 3,5 faiz azalaraq 66,9 faizə enib. Bu miqyasda geriləmə sonuncu dəfə 2024-cü ilin avqustunda, Ukraynanın Kursk əməliyyatı zamanı qeydə alınıb. Digər tərəfdən, Putinin fəaliyyətini bəyənməyənlərin payının 19,7 faizdən 21,3 faizə yüksəlməsi cəmiyyətdə narazılığın artıq daha görünən xarakter aldığını göstərir. Xüsusilə cəbhədə yaşanan çətinliklər, dərinləşən yanacaq böhranı və iqtisadi təzyiqlər bu dəyişimin əsas səbəbləri kimi ön plana çıxır".

Analitik vurğulayıb ki, mövcud göstəricilər rejim baxımından ciddi xəbərdarlıq xarakteri daşısa da, qısamüddətli perspektivdə Putinin hakimiyyətini itirəcəyini gözləmək üçün yetərli əsas deyil:

"Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, avtoritar rejimlərdə liderin etimad və bəyənilmə göstəricilərinin 65-70 faiz intervalından yuxarı olması sistemin fəaliyyətini davam etdirməsi üçün adətən kifayət hesab olunur. Buna görə də baş verənləri rejimin süqutu kimi deyil, daha çox legitimliyin nəzərəçarpacaq şəkildə aşınmasının başlanğıcı kimi qiymətləndirmək daha doğru olar.

İkinci səbəb ondan ibarətdir ki, Rusiyada bu narazılığı siyasi dəyişikliyə çevirə biləcək təşkilatlanmış və güclü müxalifət mövcud deyil. İnstitusionallaşmış avtoritar sistem ictimai narazılığın seçkilər və ya kütləvi etirazlar vasitəsilə real siyasi təzyiqə çevrilməsinin qarşısını böyük ölçüdə alır.

Üçüncü və bəlkə də ən mühüm amil isə Kreml daxilindəki güc balansıdır. Xalq dəstəyindəki geriləmə yalnız siyasi elita, oliqarxlar və təhlükəsizlik bürokratiyası arasında “Putin artıq sistemi daşıya bilmir” qənaəti formalaşarsa, real hakimiyyət böhranına çevrilə bilər. Hazırkı vəziyyətə baxdıqda isə elitanın mühüm hissəsi hələ də öz siyasi və iqtisadi mövcudluğunu Putin hakimiyyətinin davam etməsi ilə əlaqələndirir".

Politoloq bildirib ki, qarşımızda müharibənin başlanmasından bəri Putinin ictimai dəstəyində qeydə alınan ən sərt və ən sürətli həftəlik geriləmə dayanır:

"Bu vəziyyət uzun illər ərzində formalaşdırılmış “məğlubedilməz lider” imicinin cəmiyyət nəzərində ilk dəfə bu qədər açıq şəkildə aşınmağa başladığını göstərir. Lakin bu fakt təkbaşına hakimiyyət dəyişikliyi üçün kifayət etmir. Belə bir senarinin reallaşması üçün ictimai dəstəyin daha da zəifləməsi, cəbhədə ağır hərbi uğursuzluğun yaşanması və ya Kreml daxilində elit qruplar arasında ciddi güc mübarizəsinin başlaması lazımdır. Mövcud göstəricilər isə hələlik rejim dəyişikliyindən daha çox, hakimiyyətin ictimai legitimliyində diqqətçəkən eroziyanın baş verdiyini göstərir".