Məzardakı aşiqləri ayırmadılar

“Həyatımın ən böyük həyəcanını yaşadım”

  Dünyanın müxtəlif yerlərində aparılmış və aparılmaqda olan arxeoloji qazıntılar zamanı ilginc həyat hekayələri ortaya çıxır. Bunlar arasında heyrətlə qarşılanan sevgi hekayələri də var. Onlardan biri İtaliyada qədim qəbiristanlıq ərazisində aparılan qazıntılar zamanı ortaya çıxmış “Valdaro aşiqləri”nin hekayəsidir. “Sherg.az" “Milliyet.com.tr”yə istinadən həmin hekayəni təqdim edir. “Valdaro aşiqləri” tarixçəsinin 6 min il əvvələ aid olduğu təxmin edilir. Bu aşiqləri müasir dünyamıza tanıdan isə arxeoloq Elena Maria Menotti olub. E.M.Menottinin rəhbərlik etdiyi arxeoloq heyəti 2007-ci ildə İtaliyanın şimalındakı Valdaro bölgəsində qədim məzarlıqda qazıntılara başlayıb. Qazıntılar zamanı bir çox dəyərli tapıntılar əldə edilib. Diqqət çəkən tapıntılardan biri də iki nəfərə aid olan skelet qalıqları olub. Skeletlərdəki kəllələr üz-üzə, bir-birinə baxan vəziyyətdə, bir-birinə sarılmış halda idilər. İki nəfərin bu şəkildə məzara qoyulması arxeoloqların diqqətini çəkib. Arxeoloqlar tapıntıya ad da qoyub; “Valdaro aşiqləri”. Arxeoloqlar iki nəfərin bir-biri ilə qucaqlaşmış halda dəfn edildiyini onların sevgili olmasıyla izah ediblər. Tapıntı haqqında xəbər bütün İtaliyaya, oradan da dünyaya yayılıb və bu tapıntı bir çox insan üçün ölümsüz sevginin rəmzinə çevrilib. Tapıntının fotoları da sürətlə sosial mediada yayılıb. Həm də “Sevgililər Günü”ndən 5 gün əvvəl. Bu da sevgililərin hekayəsini daha da çəkici edib. Arxeoloji qazıntılara rəhbərlik edən Elena Maria Menotti isə bu qalıqları görərkən keçirdiyi hissləri belə anladıb: “Bu tapıntı məni çox həyəcanlandırdı. Bir-birinə sarılmış halda dəfn edilən kişi və qadına bundan öncə heç rast gəlməmişdim. Bu, tayı-bərabəri olmayan bir tapıntıdır. Əvvəllər ana və övladı, övladını qucaqlayaraq ölmüş ana, qadın skeletlərinə rast gəlmişdik. Ancaq bir kişi və qadının bu şəkildə bir-birini qucaqlamış halda dəfn edilmiş olduğunu ilk dəfədir ki, görürdüm. İndiyədək heç bir şey məni bu qədər həyəcanlandırmayıb. İndi ehtimallar üzərində çalışırıq. Əvvəlcə kişi dünyasını dəyişmiş ola bilər, qadınsa sonradan ona qurban edilərək öldürülmüş ola bilər. Ölüm anında neçə yaşında olduqlarını müəyyənləşdirmək üçün skelet qalıqları laboratoriyada incələnəcək. Belə bir ehtimal var ki, onlar çox gənc olub, təxminən 20 yaşlarında”.