Millət vəkilinin təklifi reaksiyalara səbəb oldu

Fazil Mustafadan maraqlı təklif

Qarabağda bir küçəyə Georgi Vanyanın adı verilsin
 
 Milli Məclisin deputatı Fazil Mustafa maraqlı təkliflə çıxış edib. Deputat bildirib ki, madam separatçılarla, terrorçularla mübarizə aparırıq, onları cəzalandırırıq, o halda sülhsevər, işğala qarşı çıxan, separatizmi lənətləyən bir və ya bir neçə erməni obrazını rəsmi səviyyədə diqqət mərkəzinə çəkməliyik. Onun sözlərinə görə, bu, diplomatiyamız üçün faydalı material olardı: “Xatırlayırsınızsa, Ermənistanda bir ictimai xadim vardı: Georgi Vanyan (1963-2021). Onu xeyli əziyyətlər verərək COVİD-19 pandemiyası dövründə Tbilisidə müalicə aldığı xəstəxanada müəmmalı şəkildə öldürdülər. Hökumət və cəmiyyət səviyyəsində çox əziyyətlər verdilər. Səbəb bu idi ki, adam Ermənistanı işğalçı dövlət, Qarabağdakı addımları da separatçılıq kimi qiymətləndirir və oradakı terrorçu xuntaya qarşı açıq bəyanatlar verirdi. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iki xalq arasında müharibənin öz millətindən olan səbəbkarlarını ittiham edirdi. Əslində, ermənilərin içində bəlkə də ən uzaqgörən adam sayıla bilərdi. Erməni mühitində bu cür cəsur fikirləri açıq şəkildə duyurmaq böyük cəsarət tələb edən bir xarakterdən xəbər verir. İndi biz Georgi Vanyan adını ermənilərin içində sülh tərəfdarı bir obraz kimi təbliğ etsək, qalib dövlət və millət kimi beynəlxalq arenada yaxşı bir imic əldə etməklə yanaşı, digər ermənilərin də barışcıl məcraya yönəlməsinə az da olsa təsir göstərə bilərik". Parlament üzvü vurğulayıb ki, azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə Georgi Vanyanın adını vermək mümkündür: "Təbii ki, ağıllı həmvətənlərimiz nə demək istədiyimizi anlayacaqlar. Başqa millətlərin dəyərlərini ehtiva edən adların qabardılması bizdən elə də bir şey aparmaz, lakin siyasət olaraq faydamıza istifadə edilə biləcək məqamlar ortaya qoyar”.
Millət vəkilinin təklifinə bəzi sosial şəbəkə istifadəçiləri dəstək veriblər:
Tahir Huseynov:
- Georgi Vanyan kimi cəsarətli, doğruların yanında olan, haqqı deyən və müdafiə edən insanların adını unutdurmamaq çox doğru bir iş olardı.
Quliyev Güloğlan:
- Kifayət qədər məntiqli və cəsarətli fikirdir. Qarabağın taleyi artıq (şükürlər olsun) həll olunub. İndi kənardan gələn təzyiqləri neytrallaşdırmaq üçün həm də bu cür addımlar atılmalıdır. Burada heç bir problem yoxdur.
  Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, ermənilərlə bir yerdə yaşayacağıqsa xeyli psixoloji problemlər olacaq:
“Bizim görəcəyimiz əsas işlərdən biri erməniləri başa salmaq, proseslərdə ədalətli mövqe tutmağa inandıra bilməkdir. Bunun üçün də gərginliklə iş görmək olmaz. Gərək müəyyən qarşılıqlı, ahəngdar münasibət yaradan işlər görülsün ki, bunlardan biri də o küçələrdən birinə hansısa erməninin adının verilməsi ola bilər”.
  Sosioloq bunun zəruri olmadığını da qeyd edib: “Təbii ki, bizə düşmənçilik edən ermənilərin yox, qarşılıqlı əlaqəyə kömək edən, fəaliyyətləri olmuş ermənilərdən kimlərinsə adını vermək olar. Fazil Mustafanın bu təklifinə normal baxıram, amma belə tələsik qərar qəbul etmək olmaz. Ümumi, düşünülmüş bir konsepsiya olmalıdır. O konsepsiyaya uyğun addımlar atılması məqsədəuyğundur”.

  Deputatın təklifini şərh edən siyasi şərhçi Tural İrfan isə "Sherg.az"a bildirib ki, ermənilər ümumiyyətlə etibarsız millətdir, amma buna baxmayaraq, sivil və obyektiv düşünənləri də olub. Ekspertin sözlərinə görə, indiki məqamda sağlam düşüncə sahibi olmuş erməniləri qabartmaq, xatırlatmaq faydalı ola bilər: 

"Hörmətli Fazil Mustafanın irəli sürdüyü təklifi dəstəkləyirəm. Daşnakçı təfəkkürə, saxta "böyük Ermənistan" xülyalarına qarşı çıxan ermənilərlə dialoq, münasibət də qurmaq olar. Azərbaycana, türk millətinə qarşı cinayətlərdə əli olmayan ermənilərlə müsbət niyyətli davranış normaldır. Konkret küçələrə erməni adlarının verilməsinə nə qədər ehtiyac olduğunu deyə bilmərəm. Həmin ərazilərdə nə qədər erməni yaşayacağı dəqiq məlum olandan sonra belə bir fikir haqda düşünmək olar. Reallıq odur ki, bölgədəki ermənilərin əksəriyyəti gediblər və çoxu qayıtmağı düşünmür. Əgər Xankəndi, Xocalı, Əsgəran kimi yerlərdə böyük əksəriyyət azərbaycanlılar olacaqsa, erməni şəxsiyyətlərin adlarını o yerlərə verməyin nə dərəcədə düzgün olub-olmayacağı müzakirə mövzusudur. Əgər adıçəkilən yerlərdə ermənilər müəyyən qədər yaşayacaqsa, millət vəkilinin qeyd etdiyi kimi, erməni millətindən olan normal simaların adlarından iki xalqın sülh içində yaşaması naminə istifadə etmək mümkündür. Bu məsələdə problem yoxdur".