- Azər Allahverənov: “Bu proqram Rusiya əmək bazarına daxil olmağı asanlaşdıra bilər”
Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarının ölkədə yaşamağa və işləməyə əvvəlcədən hazırlanması məsələsini gündəmə gətirib. O, bu istiqamətdə yalnız Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin deyil, hökumətin də müvafiq iş aparmasının vacibliyini vurğulayıb. Putin əmək miqrantların gəldiyi ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasının, xüsusilə onların və uşaqlarının rus dilini öyrənməsinin əhəmiyyətini qeyd edib. Rusiya liderinin sözlərinə görə, bu cür hazırlıq olmadan normal miqrasiya prosesinin təşkil edilməsi çətinləşir.
Mövzu ilə bağlı fikirlərini Sherg.az-la bölüşən millət vəkili Azər Allahverənov Rusiyanın daha əvvəl, xüsusilə Mərkəzi Asiya ölkələrində tətbiq etdiyi oxşar proqramların müəyyən müsbət nəticələr verdiyini bildirib:
"Rusiyada belə bir praktika var idi ki, Mərkəzi Asiya respublikalarında, xüsusilə də Tacikistanda müxtəlif mərkəzlərin xətti ilə rus dilinin tədris olunması, rus mədəniyyəti və tarixi ilə bağlı bilgilərin potensial əməkçi miqrantlara öyrədilməsi istiqamətində işlər həyata keçirilirdi. Zamanında elə Tacikistandan 600 mindən çox əməkçi miqrantın Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olması məhz həmin proqramların nəticəsində formalaşmış bir kontingent idi. Sonrakı mərhələdə bu kontingentin Rusiyanın əmək bazarına daxil olduğunu görürdük. Burada müəyyən müsbət nəticələr də oldu.
Xüsusilə dil bilgilərinin aşılanması, tarixinə və digər mədəniyyətinə, əlaqədar davranış tərzlərinə, ictimai əlaqələrə bağlı çox vacib məlumatların potensial əməkçi miqrant olan şəxslərə ötürülməsi həyata keçirilirdi. Burada konkret olaraq şəxs əgər Rusiyaya səfər etmək istəyirsə, həmin şəxslər tədris mərkəzlərinə müraciət edirdilər, o bilikləri əldə edirdilər. Müəyyən nəticələr göstərdikdən sonra sertifikatla təmin olunurdular. Sonra bu əsasda da həmin sertifikatı təqdim etməklə Rusiyanın aidiyyəti strukturları əməkçi miqrantları iş prosesinə cəlb edirdi.
Amma bu, iki dövlət arasında imzalanmış saziş əsasında, dövlətlərarası bir proqram şəklində icra olunan iş idi".
Parlamentarinin fikrincə bu nümunən öz müsbət nəticəsini verdiyi üçün Rusiyada yenidən o modelə qayıtmaq istəyirlər:
"Vladimir Putinin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə məhz bu şəkildə müraciət etməsi və həmin keçmiş təcrübənin müsbət nəticələrindən irəli gələrək dilə gətirilən bir ideya olaraq dəyərləndirilir.
Digər ölkələrdə də buna bənzər tədris proqramlarının fəaliyyət göstərdiyini bilirik. Haradasa, müəyyən mənada, bu çox yaxşı nəticə verə bilər. Ən azından indi son tendensiya ondan ibarətdir ki, Rusiyaya səfər edən əməkçi miqrantlar arasında, xüsusən də ixtisaslaşdıqları istiqamətlərdə biliyə malik olan insanlar elə də çox olmur. Bu da əlavə problemlərə yol açır. İstər əmək bazarında təmsil olunma, istər həmin şəxslərin rəqabətə dözümlülüyünün arzuolunan səviyyədə olmaması- səbəblər sırasındadır. Bu da nəticə etibarilə həmin şəxslərin sonrakı mərhələdə yerli cəmiyyətə inteqrasiyasını bir növ çətinləşdirən məsələdir.
Ona görə də belə bir təklifin dilə gətirilməsi bir tərəfdən əmək dövləti maraqlarına cavab verə bilər. Xüsusilə də miqrasiya siyasətinə nəzər alsaq, daha mütəşəkkil və Rusiya cəmiyyəti üçün fayda gətirəcək tərzdə olmasına dair yanaşmanın sərgiləndiyi şəraitdir".
Ekspert digər tərəfdən, bunun miqrantların da öz maraqlarına cavab verdiyini vurğulayıb:
"Burada çox mühüm gözlənti həyata keçdiyi zaman əməkçi miqrant hərtərəfli şəkildə cəmiyyətin bir tərkib hissəsinə çevrilir. O, cəmiyyətdə də fayda gətirəcək şəxs qismində özünü təsdiq etməyə şərait yaratmış olur.
Bu, ideya olaraq çox yaxşı ideyadır. Bütövlükdə miqrasiya siyasətinin uğurlu şəkildə icra olunmasına gətirib çıxara biləcək bir yanaşmadır. İndi verilən tapşırıqlar əsasında Federal Miqrasiya Xidmətinin hansı addımlar atacağını görəcəyik".