- Putin qərar verə bilmir, Paşinyan məsuliyyəti üzərinə götürmür
Bişkekdə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın qarşısına qoyduğu sualın cavabı gecikmədi. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı Putinin “Ermənistanın bazaya ehtiyacı yoxdursa, hətta sabah gedərik” açıqlamasından sonra Baş nazir Nikol Paşinyan Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələcəyi təqdirdə, İrəvanın bunu etiraz etməyəcəyini bildirib. "Armenpress"in məlumatına görə, Paşinyan bu məsələyə Ermənistan hökumətinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə toxunub.
“Bu müddət ərzində Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq. Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olmasını həyati zərurət hesab etmirik. Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz etiraz etməyəcəyik, amma onlar qalmaq istəsələr, biz bunu da müzakirə etməyə hazırıq. Amma biz bu müddət ərzində bu məsələləri heç vaxt qaldırmamışıq”, - Paşinyan qeyd edib.
Əslində, Putinin açıqlaması ilə Moskva bildirdi ki, Rusiya hərbi bazasının Ermənistanda qalması yalnız Ermənistanın istəyindən və ehtiyacından asılıdır. Putin “heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik” deməklə məsuliyyəti də faktiki olaraq İrəvanın üzərinə qoydu.
Paşinyanın cavabı isə Rusiyanın hərbi mövcudluğundan tam imtina barədə qəti qərardan daha çox, Moskva ilə münasibətlərdə məsuliyyəti üzərinə götürmədən yeni manevr imkanlarının saxlanılması kimi görünür. Paşinyan faktiki olaraq “biz çıxarılmasını tələb etmirik, amma Rusiya özü getmək istəsə, buna qarşı çıxmayacağıq” mesajını verir. Qeyd edək ki, 102-ci hərbi baza məsələsi yalnız iki ölkə arasındakı münasibətlərin elementi deyil. Gümrüdəki baza uzun illərdir Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun əsas dayaqlarından biri hesab olunur. Bu səbəbdən onun taleyi ilə bağlı istənilən dəyişiklik Ermənistanın təhlükəsizlik siyasəti ilə yanaşı, regiondakı mövcud hərbi-siyasi balans baxımından da diqqət çəkir.
Mövzunu şərh edən araşdırmaçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bu məsələnin kifayət qədər mürəkkəb olduğunu deyib. Onun sözlərinə görə, hazırda həm Rusiya, həm də Ermənistan ilk addımın qarşı tərəfdən atılmasını gözləyir:
“Vladimir Putin 102-ci hərbi bazanın Ermənistandan çıxarılması ilə bağlı qərar verə bilmir. Halbuki Ukrayna cəbhəsində Rusiyanın əlavə hərbi qüvvəyə ehtiyacı olduğu bir şəraitdə Ermənistandakı bazanın çıxarılması müəyyən hərbi resursların başqa istiqamətlərə yönəldilməsinə imkan verə bilər. Lakin Moskva buna baxmayaraq, bu addımı atmağa tələsmir. Bunun əsas səbəblərindən biri 102-ci bazanın Ermənistan ərazisindən çıxarılmasının uzunmüddətli və strateji nəticələrinin əvvəlcədən dəqiq proqnozlaşdırılmasının çətin olmasıdır”.
Asəf Quliyevin fikrincə, söhbət yalnız Rusiyanın Ermənistandakı hərbi mövcudluğundan getmir. 102-ci baza Moskvanın Cənubi Qafqazdakı hərbi-siyasi təsir imkanlarının mühüm elementlərindən biridir:
“Bu səbəbdən bazanın çıxarılması qərarı Rusiyanın regiondakı mövqelərinə və Ermənistanla münasibətlərinə təsirsiz ötüşməyə bilər. Moskva üçün əsas sual da məhz bundan ibarətdir: hərbi bazanın çıxarılması taktiki baxımdan müəyyən üstünlüklər yaratsa da, bunun strateji baxımdan Rusiyaya hansı nəticələr gətirəcəyi əvvəlcədən tam aydın deyil”.
Araşdırmaçı qeyd edib ki, Ermənistan tərəfi üçün də vəziyyət o qədər sadə deyil. Onun fikrincə Nikol Paşinyan hökuməti Rusiyanın hərbi bazasının ölkədən çıxarılmasını tələb edən qəti qərar verməkdən çəkinir:
“Paşinyan belə bir qərara Moskvanın necə reaksiya verəcəyini proqnozlaşdıra bilmir. usiyanın Ermənistana qarşı müxtəlif siyasi və iqtisadi addımlar atması, iqtisadi təzyiq və ya digər məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi ehtimalı İrəvanın nəzərə almalı olduğu amillər sırasındadır. Ermənistan hökuməti bu ehtimalları gözardı edə bilmir. Bu baxımdan Paşinyanın “Rusiya özü çıxmaq qərarı verərsə, etiraz etməyəcəyik” mövqeyi müəyyən mənada İrəvana əlavə manevr imkanı yaradır. Ermənistan bir tərəfdən Rusiyanın hərbi mövcudluğunu həyati zərurət kimi qiymətləndirmədiyini nümayiş etdirir, digər tərəfdən isə bazanın çıxarılmasını tələb edən tərəf kimi çıxış etmək və bunun mümkün nəticələrinə görə məsuliyyət daşımaq istəmir. Bir sözlə, tərəflərin hər ikisi ilk addımı atmaqdan çəkinir. Rusiya bazanı özü çıxarmaqla Cənubi Qafqazdakı hərbi mövcudluğunun zəifləməsi riskini, Ermənistan isə bazanın çıxarılmasını tələb etməklə Moskvanın mümkün siyasi və iqtisadi reaksiyasını nəzərə alır”.
A. Quliyev sonda bildirib ki, 102-ci hərbi bazanın gələcəyi məsələsində hazırda tərəflər arasında qərarsızlıq deyil, daha çox qarşılıqlı məsuliyyətdən yayınma və mümkün nəticələri ölçüb-biçmə mərhələsi müşahidə olunur:
“Hər iki tərəf üçün əsas məsələ bazanın qalması və ya çıxarılmasından daha çox, bu qərarın hansı tərəfdən verilməsi və həmin qərarın doğuracağı nəticələrin kimin üzərinə düşəcəyidir”.