Muhammet Karacakaya: Sosial media və süni intellekt Türk dünyasını birləşdirəcək

Türk dünyasının elmi və mədəni tarixində xüsusi yer tutan I Bakı Türkoloji Qurultayı mühüm hadisələrdən biri hesab olunur. Bu qurultay türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin elmi şəkildə araşdırılması baxımından böyük əhəmiyyət daşıyıb. Eyni zamanda müxtəlif türkoloqların bir araya gəlməsinə imkan yaradıb. Bu görüşlər ortaq elmi mühitin və əməkdaşlığın formalaşmasına töhfə verib.

Bu il qurultayın ildönümü həmin elmi ənənəni yenidən xatırlamaq üçün fürsət hesab olunur. 

Hacettepe Universiteti Türk Xalqbilimi Bölməsinin tələbəsi Muhammet Bekir Karacakaya Sherg.az-a Bakı Türkoloji Qurultayının 100 illiyində yeni bir tələbə qurultayı təklifindən danışıb:

"Bu il 100 illiyini qeyd etdiyimiz I Bakı Türkoloji Qurultayı yalnız elmi toplantı deyil, həm də mədəniyyət və sivilizasiya təsəvvürünün elanıdır. Bu qurultay Türk dünyasının ortaq dil, mədəniyyət və düşüncə üfüqünü yenidən qurmaq iradəsinin tarixi ifadəsidir.

Dünya türklüyünün müstəqillik və azadlıq uğrunda mübarizə apardığı, imperial güclərlə savaşdığı dövrdə türk ziyalılarının sivilizasiyamızın ən əsas dayaqları olan dil, mədəniyyət və ədəbiyyat üzərində düşünməkdən vaz keçməyiblər. Bu onların Türk dünyasının gələcəyinə olan sarsılmaz inamlarının və sivilizasiya təsəvvürlərinin ən güclü göstəricilərindən biri olub.

Türk dünyasının birləşməsi ideyasına ürəkdən bağlı olanların düşüncəsindən heç vaxt çıxmayan İsmail bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” sözü diqqətlə incələndikdə ilk sırada “dildə birlik” vurğusunun yer aldığı görünür. Çünki eyni dili və eyni hissləri paylaşmadan ortaq fikir müstəvisində birləşmək mümkün deyil. Ortaya qoyulan ortaq fikirlərin həyata keçirilə bilməsi də yalnız bu bağlılıq sayəsində mümkündür.

M.Karacakaya rəqəmsal medianın müxtəlif ölkələrdə yaşayan türk tələbələrin bir-birləri ilə ünsiyyət qurmaqlarını asanlaşdırdığını söyləyib:

"Bu gün sosial media, rəqəmsal arxivlər, süni intellekt tətbiqləri və onlayn təhsil şəbəkələri sayəsində Türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan gənclər heç vaxt olmadığı qədər bir-birinə yaxınlaşa bilirlər. Lakin bu yaxınlıq hələ ortaq mədəni istehsala və güclü akademik qarşılıqlı təsirə yetərincə çevrilməyib.

Necə ki, 1926-cı ildə Bakıda Türk dünyasının və dünyanın müxtəlif bölgələrindən gələn türkoloqlar bir-birlərinin işlərindən xəbərdar olaraq ortaq elmi zəmin yaratmışdılar, bu gün də eyni zəmi gənc tədqiqatçıların yenidən qurması mümkündür.

Bu baxımdan, Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə təşkil ediləcək Tələbə Qurultayı gənc türkoloqlar üçün aşağıdakı mövzuları müzakirə etmək baxımından mühüm platforma yarada bilər:

• Türk dillərinin rəqəmsal mühitdə gələcəyi

• Ortaq əlifba və ünsiyyət imkanları

• Sosial media vasitəsilə inkişaf edən mədəni qarşılıqlı təsir

• Rəqəmsal mədəni mühitin və süni intellektin türkoloji tədqiqatlara töhfələri

• Yeni nəslin kimlik, yaddaş və mənsubiyyət anlayışı

Türk dünyasının müxtəlif universitetlərində indiyədək tələbələrin bir araya gəldiyi müxtəlif türkoloji qurultaylar təşkil edilib. Bu toplantıların məruzə kitabları da nəşr olunub və mühüm akademik nəticələr əldə edilib. Biz də iştirak etdiyimiz bəzi akademik qurultaylar vasitəsilə Türk dünyasından tələbələrlə dostluqlar və qardaşlıq bağları qurmaq imkanı əldə etdik. Bu təşkilatların hər biri son dərəcə dəyərlidir". 

Müsahibimiz vurğulayıb ki, I Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə təşkil olunacaq Tələbə Qurultayı, qurultayda iştirak edəcək bakalavr və magistr tələbələri üçün güclü motivasiya mənbəyi olacaq:

"Bu, Türk dünyası gəncliyi üçün həyəcanverici bir inkişaf kimi qiymətləndirilə bilər. Eyni zamanda gənc nəslin bu xatirəyə və mirasa olan bağlılığını və sahib çıxmaq istəyini artıracaq. Bugünün tələbələri sabahın akademikləri və alimləridir. Buna görə də bakalavr və magistr səviyyəsində təhsil alan türkoloji tələbələrinin bu gün quracağı əlaqələr yalnız qısa müddətli tanışlıqlar olaraq qalmayacaq. Qarşıdakı 20-30 ilin akademik dünyasını formalaşdıracaq institusional və intellektual əməkdaşlıqların əsasını təşkil edəcək. Erkən dövrdə qurulan bu əlaqələr zamanla ortaq layihələrə və elmi tədqiqatlara çevrilərək türkoloji araşdırmaların istiqamətini müəyyən edə bilər.

Bu düşüncələrlə əlaqədar qurumları, universitetləri, akademik çevrələri və mədəni təşkilatları I Bakı Türkoloji Qurultayının 100-cü ilində, yaxud 101-ci ildönümündə Türk dünyasının seçilmiş universitetlərindən bakalavr və magistr tələbələrinin iştirakı ilə Tələbə Qurultayı təşkil edilməsi fikrini dəyərləndirməyə dəvət edirik".

Hacettepe Universiteti tələbəsinin sözlərinə görə belə genişmiqyaslı konqresin həyata keçirilməsi iştirak edəcək tələbələr üçün unudulmaz təcrübə və güclü motivasiya mənbəyi olacaq:

"Bu, gənc tədqiqatçıların türkoloji sahəsində böyük zəhmətləri olan dəyərli alimlərimizlə bir araya gəlməsi üçün mühüm imkan yaradacaq.

Bu münasibətlə istəyimizi "Şərq" qəzetində ifadə edirik. Belə bir konqresin, 100 il əvvəl olduğu kimi, Bakıda keçirilməsinin Azərbaycanımıza çox yaraşacağını düşünürük. Bu çağırışı səlahiyyətli türkoloq ağsaqqallarımıza açıq məktub kimi təqdim edirik. Qardaş ölkə Türkiyədən salam və hörmətlərimizlə!".