Naxçıvanla bağlı 800 illik dövlətçilik xətti YENİ MƏRHƏLƏYƏ keçir - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində keçirilən görüşlər, təqdim olunan layihələr və qəbul edilən qərarlar muxtar respublikanın inkişafı ilə bağlı qarşıdakı dövrün əsas istiqamətlərini müəyyənləşdirir. Səfər zamanı iqtisadiyyat, sənaye, nəqliyyat, enerji, sosial təminat, şəhərsalma, təhlükəsizlik və tarixi-mədəni irsin qorunması kimi müxtəlif sahələri əhatə edən məsələlər diqqət mərkəzində olub.

Bu istiqamətlər üzrə həyata keçirilən tədbirlər Naxçıvanın mövcud potensialının daha səmərəli istifadəsi və gələcək inkişaf imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Səfər çərçivəsində səsləndirilən fikirlər və atılan addımlar Naxçıvanın sosial-iqtisadi inkişafı, infrastrukturunun yenilənməsi və regional imkanlarının artırılması ilə bağlı dövlət siyasətinin əsas prioritetlərini əks etdirir.

Millət vəkili Məlahət İbrahimqızı Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcəyi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini aydın şəkildə göstərib:

"Müsahibənin mahiyyətindən görünür ki, Naxçıvana yanaşma yalnız sosial-iqtisadi inkişaf proqramlarının icrası ilə məhdudlaşmır. Burada təhlükəsizlik, enerji müstəqilliyi, nəqliyyat bağlantıları, sənayeləşmə, idarəetmə islahatları və tarixi dövlətçilik irsinin müasir inkişaf modeli ilə birləşdirilməsi vahid strategiyanın tərkib hissələridir.

Bu baxımdan Naxçıvanın tarixi yalnız keçmişə aid məsələ deyil. Bu qədim diyar Azərbaycan dövlətçilik düşüncəsinin mühüm dayaqlarından biridir. Prezident İlham Əliyevin əvvəlki çıxışlarında xüsusi vurğuladığı kimi, qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan olub. XII əsrdə Azərbaycan Atabəylər dövlətinin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan Naxçıvan həmin dövrün qüdrətli şəhərlərindən birinə çevrilib. Bu tarixi irs Naxçıvanın Azərbaycan dövlətçilik tarixindəki xüsusi yerini göstərən mühüm faktordur".

Deputat tarixdən gələcəyə uzanan dövlətçilik xəttindən də danışıb:

"Naxçıvanın bugünkü inkişafını təhlil edərkən onun dövlətçilik tarixini nəzərə almamaq mümkün deyil. Atabəylər dövründə Naxçıvanın siyasi və mədəni mərkəz kimi yüksəlişi, Əcəmi Naxçıvani kimi böyük memarın yaradıcılığı və Möminə xatun türbəsi kimi nadir memarlıq nümunələrinin meydana gəlməsi bu torpağın Azərbaycan tarixindəki çəkisini nümayiş etdirir. Azərbaycan Prezidentinin 2025-ci ildə imzaladığı sərəncamda da Əcəmi Naxçıvaninin fəaliyyətinin Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanla sıx bağlılığı xüsusi qeyd edilir.

Bu tarixi kontekstdə Ulu Öndər Heydər Əliyevin Naxçıvan fəaliyyətinin əhəmiyyəti daha aydın görünür. XX əsrin sonlarında mürəkkəb siyasi şəraitdə Naxçıvanın müdafiəsi, milli dövlətçilik atributlarının bərpası və xalqın milli iradəsinin ifadə olunması baxımından Heydər Əliyevin fəaliyyəti mühüm tarixi mərhələ təşkil etdi. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Naxçıvanın ən ağır sınaq illərində Ulu Öndərin burada olması və xalqın onun ətrafında birləşməsi Azərbaycanın sonrakı müstəqillik yolunda mühüm rol oynayıb.

Beləliklə, Naxçıvanın tarixində bir-birindən əsrlərlə uzaq iki böyük dövlətçilik mərhələsi arasında məntiqi bağlılıq görünür: Atabəylər dövrünün dövlətçilik irsi və Heydər Əliyevin XX əsrin sonlarında Naxçıvanda nümayiş etdirdiyi milli dövlətçilik mövqeyi. Bu xətt müasir Azərbaycanın dövlət siyasətində də davam etdirilir".

Parlamentari təhlükəsizlikdən enerji müstəqilliyinə doğru atılan addımlara da diqqət çəkib:

"11 avqust müsahibəsində Prezidentin diqqət çəkdiyi ilk məsələlərdən biri Naxçıvanın təhlükəsizliyidir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması onun təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Bu məqsədlə Əlahiddə Ordunun yaradılması, hərbi texnika və müasir komando qüvvələri ilə təminat Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsinin mühüm elementləri kimi təqdim olunur.

Lakin Prezidentin müsahibəsində diqqətçəkən məqam təhlükəsizlik anlayışının yalnız hərbi sahə ilə məhdudlaşdırılmamasıdır. Enerji təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm komponenti kimi nəzərdən keçirilir. Naxçıvanda yeni 300 meqavatlıq istilik elektrik stansiyasının yaradılması, Günəş elektrik stansiyalarının tikintisi və mövcud enerji potensialının genişləndirilməsi bu siyasətin praktik ifadəsidir. Məqsəd yalnız Naxçıvanın enerji ehtiyaclarını ödəmək deyil, gələcəkdə onun enerji ixracatçısına çevrilməsi üçün imkan yaratmaqdır.

Bu, Naxçıvanın inkişaf modelində mühüm dəyişiklikdir. Əvvəllər əsas məqsəd enerji təminatının dayanıqlığını qorumaq idisə, indi qarşıya enerji istehsalını artırmaq və ixrac potensialı formalaşdırmaq vəzifəsi qoyulur".

Millət vəkili Zəngəzur dəhlizi məsələsinə də toxunub:

"Müsahibənin strateji baxımdan ən mühüm istiqamətlərindən biri Zəngəzur dəhlizi məsələsidir. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının uzun illər ölkənin əsas hədəflərindən biri olduğunu bildirdi.

Bu məsələnin əhəmiyyəti təkcə nəqliyyat və logistika ilə ölçülmür. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa bağlantısının təmin edilməsi ölkənin iqtisadi və geosiyasi imkanlarını genişləndirə, Naxçıvanın regional tranzit mərkəzinə çevrilməsinə yeni imkanlar yarada bilər. Bu baxımdan dəhliz həm Azərbaycanın ərazi bütövlüyünün praktiki əlaqələndirilməsi, həm də regionun yeni iqtisadi xəritəsinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Prezidentin müsahibəsində Naxçıvan Sənaye Parkının yaradılması xüsusi yer tutur. Parkın yaradılması ilə əsas hədəflərdən biri yeni iş yerlərinin açılması, istehsal imkanlarının genişləndirilməsi və Naxçıvan iqtisadiyyatının daha şaxələndirilmiş modelə keçirilməsidir.

Bu istiqamətdə kənd yollarının yenilənməsi, sosial obyektlərin tikintisi və təmiri, uşaq bağçalarının yaradılması kimi layihələr də iqtisadi inkişafın sosial nəticələrə çevrilməsinə xidmət edir. Təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolların çəkilməsi və əsaslı təmiri ilə bağlı planların 26 yaşayış məntəqəsini və təxminən 160 min nəfəri əhatə etməsi dövlət siyasətinin regional inkişaf aspektini göstərir.

Naxçıvan üçün qarşıdakı mərhələ yalnız yeni binaların və infrastruktur obyektlərinin tikilməsi deyil. Əsas məqsəd istehsal edən, enerji yaradan, ixrac imkanlarını genişləndirən və müasir idarəetmə mexanizmləri ilə inkişaf edən iqtisadi sistem qurmaqdır".

Deputat Ulu Öndərin siyasi irsindən və yeni idarəetmə modelindən də danışıb:

"Müsahibədə səslənən fikirlərin mühüm hissəsi idarəetmə islahatları ilə bağlıdır. Prezident Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin yaradılmasını, eyni zamanda muxtar respublikanın statusunun qorunmasını xüsusi vurğulayıb.

Burada mühüm bir siyasi məqam var: idarəetmənin təkmilləşdirilməsi Naxçıvanın muxtariyyətinin aradan qaldırılması kimi deyil, mövcud status çərçivəsində daha səmərəli idarəçilik mexanizmlərinin formalaşdırılması kimi təqdim olunur. Prezidentin fikrincə, məqsəd Naxçıvanın inkişafını sürətləndirmək, insanların rahat və təhlükəsiz həyatını təmin etməkdir.

Bu yanaşma Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən biri ilə səsləşir: dövlət strukturları milli maraqlara və xalqın rifahına xidmət etməli, idarəetmə isə zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanın inkişafına yalnız regional layihələr toplusu kimi baxmaq düzgün olmaz. Burada daha geniş dövlətçilik strategiyası formalaşır.

Bir tərəfdə qədim Azərbaycan dövlətçiliyinin mühüm səhifələrindən olan Atabəylər dövləti və onun paytaxtı Naxçıvan, digər tərəfdə XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin Naxçıvanda qoruduğu milli dövlətçilik iradəsi, üçüncü tərəfdə isə müasir Azərbaycanın təhlükəsizlik, enerji, nəqliyyat, sənaye və idarəetmə siyasəti dayanır".

Məlahət İbrahimqızı qeyd edib ki, bu mənzərədə Naxçıvan keçmişin yadigarı deyil, gələcəyin mühüm strateji məkanlarından biri kimi çıxış edir:

"Atabəylər dövründə siyasi və mədəni mərkəz olan Naxçıvanın müasir dövrdə enerji, sənaye, logistika və təhlükəsizlik baxımından regional əhəmiyyətini artırmaq istiqamətində atılan addımlar tarixi irslə müasir dövlət quruculuğunun bir-birini tamamladığını göstərir.

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edən siyasi xətt bu gün yeni reallıqlar şəraitində davam etdirilir. Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlər isə göstərir ki, qarşıdakı mərhələnin əsas hədəfi Naxçıvanı daha təhlükəsiz, daha güclü iqtisadiyyata malik, enerji istehsal edən və ixrac edən, müasir idarəetmə sisteminə sahib inkişaf etmiş bir məkana çevirməkdir.

Bu baxımdan 11 avqust müsahibəsi yalnız Naxçıvanın bugünkü vəziyyətinə dair hesabat deyil. O, həm də qədim Atabəylər dövlətindən Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbinə, oradan isə müasir Azərbaycanın strateji inkişaf konsepsiyasına uzanan tarixi-siyasi xəttin yeni mərhələsini ifadə edir.

Səfərin mühüm məqamlarından biri də Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Bu layihə regionda sənaye potensialının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və məşğulluq imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır".

Millli məclisin üzvünün fikrincə sənayenin inkişafı Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi və yerli istehsal imkanlarının gücləndirilməsi üçün mühüm istiqamətlərdən biridir:

"Naxçıvanın nəqliyyat infrastrukturunun yenilənməsi də səfərin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev elektrik mühərrikli yeni avtobuslarla tanış olub, eyni zamanda dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işlərinə baxıb. Bu layihələr şəhər nəqliyyatının müasirləşdirilməsi, ekoloji baxımdan daha səmərəli nəqliyyat sisteminin formalaşdırılması və Naxçıvanın nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Səfər zamanı sosial istiqamətdə də mühüm addımlar atılıb. Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edilməsi dövlət sosial xidmətlərinin vətəndaşlara daha əlçatan formada təqdim olunması baxımından əhəmiyyətlidir. Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlinin qoyulması isə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davam etdirildiyini göstərir.

Naxçıvanın gələcək şəhərsalma inkişafı da səfərin diqqət mərkəzində idi. Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub. Uzunmüddətli inkişaf sənədi şəhərin müasir tələblərə uyğun planlaşdırılması, yaşayış və ictimai məkanların inkişaf etdirilməsi, nəqliyyat və infrastruktur imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Səfər Naxçıvanın zəngin tarixi-mədəni irsinə də xüsusi diqqətlə yadda qalıb".

Deputat bildirib ki, Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak Naxçıvanın tarixi-memarlıq irsinin qorunmasına göstərilən diqqətin nümunəsidir:

"“Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması turizm infrastrukturunun inkişafı üçün yeni imkanlar yaradır.

Səfərin digər mühüm istiqaməti təhlükəsizlik və müdafiə məsələləri olub. Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak Azərbaycan Ordusunun, o cümlədən Naxçıvandakı hərbi potensialın gücləndirilməsinin dövlət siyasətində mühüm yer tutduğunu nümayiş etdirir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Prezident Sərəncamının imzalanması səfərin nəticələrinin daha geniş müstəvidə davam etdiriləcəyini göstərdi. Həmçinin Naxçıvan ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kənd yollarının siyahısı təsdiqləndi".

Parlamentari sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri həm görülən işlərin qiymətləndirilməsi, həm də qarşıdakı dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Səfər çərçivəsində təqdim olunan layihələr və qəbul edilən qərarlar Naxçıvanın iqtisadi və sosial potensialının daha da gücləndirilməsinə şərait yaradır. Şəhər mühitinin müasirləşdirilməsinə və tarixi diyarın Azərbaycanın ümumi inkişaf prosesində rolunun artırılmasına xidmət edir”.