- “Çünki Kərki üzərində tam nəzarət Azərbaycan üçün böyük çəkindirici amil və geostrateji üstünlük deməkdir”
- “Paşinyan və müxalif dairələrin fikirləri Kərki kəndi üzərində toqquşur. Nikol bu ərazinin Azərbaycana aid olduğunu danmır”
Hazırda Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarının ana xəttini sərhədlərin delimitasiyası və demarkasiyası prosesi təşkil edir. İki ölkə arasında dövlət sərhədinin hüquqi müstəvidə bərpası 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinə əsaslanır.
2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan Dövlət Komissiyalarının 8-ci görüşündə tarixi razılıq əldə olunub. Müqaviləyə əsasən, Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycanın suveren nəzarətinə qaytarılıb. Buna baxmayaraq, Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvanın Kərki kəndləri hələ də Ermənistanın işğalı altındadır.
Hazırda tərəflərin diqqət mərkəzində dayanan əsas məsələ Kərki kəndinin gələcək statusudur. Ermənistanın Baş naziri Nikol Paşinyan Kərkinin Ermənistan ərazisi olmadığını açıq şəkildə etiraf edərək, anklavlar probleminin həllinin vacibliyini vurğulayıb. Baş nazirin sözlərinə görə, delimitasiya prosesi elə nizamlanmalıdır ki, yeni sərhəd xətti sərhədyanı bölgələrdə yaşayan sakinlərin gündəlik yaşamı və logistikası üçün əlavə maneələr yaratmasın.
Mövzu ilə bağlı ermənişünas alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Ermənistan hökumətinin "Qarabağ klanı"na qarşı başlatdığı həbs dalğası Bakı və İrəvan arasındakı delimitasiya prosesinə müsbət təkan verəcək:
“Paşinyanın da dediyi kimi, hazırda ən çox müzakirə olunan məsələ Ermənistandakı anklavların Azərbaycana qaytarılmasıdır. Paşinyan və müxalif dairələrin fikirləri Kərki kəndi üzərində toqquşur. Nikol bu ərazinin Azərbaycana aid olduğunu danmır. O, Kərkinin ölkəmizə qaytarılmalı olduğunu bildirir. Lakin müxalifət hesab edir ki, Kərkinin Azərbaycana verilməsi Ermənistanın cənuba gedən yolunu kəsəcək. Bu səbəbdən onlar Kərkinin əvəzinə Gədəbəy ərazisindəki Başkənddən imtina edərək, həmin yeri Azərbaycana vermək istəyirlər”.
Professorun sözlərinə görə, Kərki ilə Başkəndin strateji çəkisi müqayisə olunmazdır:
“Azərbaycan belə bir dəyişməyə əsla razı ola bilməz. Kərki kəndinin nəzarətimizə keçməsi Ermənistanın Zəngəzura doğru bütün logistikasını iflic edir. Ermənistan tərəfi danışıqlar prosesində bu məsələni aradan qaldırmağa cəhd göstərə bilər. Biz əsla Kərkidən imtina etməməliyik. Çünki Kərki üzərində tam nəzarət Azərbaycan üçün böyük çəkindirici amil və geostrateji üstünlük deməkdir”.