- "Trampın siyasəti NATO-nu daha da gücləndirəcək"
- "ABŞ-nin əsas hədəfi İranın təsir imkanlarını zəiflətməkdir"
- "BMT-ni funksiyasız vəziyyətə dünyanın aparıcı gücləri salıb"
ABŞ Prezidenti Donald Trampın son dövrlərdə Yaxın Şərq, Ukrayna müharibəsi, NATO və qlobal təhlükəsizlik məsələləri ilə bağlı atdığı addımlar beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Vaşinqtonun İsrail, Türkiyə, İran və Ukraynaya münasibətdə mümkün siyasət dəyişiklikləri, eləcə də beynəlxalq təşkilatların mövcud böhranlar fonunda rolu ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir.
Türkiyə Strateji və Siyasi Araşdırmalar Vəqfi (TÜRPAV) İdarə Heyətinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert Sinan Demirtürk mövcud geosiyasi proseslərin regional və qlobal təhlükəsizlik mühitinə mümkün təsirləri ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-"Times of Israel"in iddiasına görə, Netanyahu Trampa Suriyada Türkiyənin (%5) və İsrailin (%0,1) təsir zonalarını müqayisə edən bir xəritə təqdim edərək İsrailin mövqeyini müdafiə etməyə çalışıb. Vaşinqton-Təl-Əviv xəttindəki bu diplomatik təzyiqlərə baxmayaraq, Ankaranın Suriyadakı hərbi və siyasi mövcudluğu ABŞ–İsrail balansına necə təsir göstərir?
-İlk növbədə bunu demək lazımdır ki, Türkiyənin Suriyadakı hərbi mövcudluğu uzun müddətdir davam edən hərbi iştirakdır. Bu mövcudluq əvvəllər terrorla mübarizə çərçivəsində, eləcə də sərhədyanı hərbi əməliyyatlar kontekstində formalaşdırılıb.
Lakin xüsusilə Suriya inqilabından sonra Əhməd Əl-Şaraa hökumətinin dəvəti əsasında imzalanan səmərəli əməkdaşlıq və müdafiə sahəsində əməkdaşlıq protokolları çərçivəsində Türkiyə hərbçiləri Suriyanın şimalında müəyyən bölgələrdə avtomobil yollarının və bəndlərin mühafizəsini həyata keçirirlər. Bu fəaliyyət Suriya ordusunun təklifi və Suriya mərkəzi hökumətinin razılığı əsasında həyata keçirilir.
İsrailin bölgədəki hərbi mövcudluğu isə 1967-ci ildən sonra Colan təpələrinin qeyri-rəsmi işğalına əsaslanır. Bu məsələ ərəb-İsrail müharibələrinin əsas qırılma nöqtələrindən biri hesab olunur.
Bundan əlavə, təxminən iki il yarım əvvəl Suriyada hakimiyyət dəyişikliyindən dərhal sonra İsrail işğal etdiyi əraziləri daha da genişləndirdi. Colan təpələri ilə Quneytra arasında yerləşən geniş ərazidə mühüm nəzarət və təhlükəsizlik məntəqələri yaradıldı.
Eyni zamanda, Süveyda şəhər mərkəzini nəzarətdə saxlaya biləcək şəkildə, xüsusilə druz əhalisinin sıx yaşadığı ərazilərdə də mühafizə məntəqələri quruldu. Beləliklə, Süveydəyə hər hansı digər hərbi birləşmələrin müdaxilə etməsinin və ya giriş-çıxışlara təsir göstərməsinin qarşısını ala biləcək təhlükəsizlik zonası formalaşdırıldı.
Bununla yanaşı, İsrail sərhədindən Şama, eləcə də Şamdan Türkiyənin şimal sərhədlərinə qədər uzanan ərazini nəzarətdə saxlaya biləcək hava dəhlizi də yaradılıb.
Bu səbəbdən Türkiyə ilə İsrailin Suriyadakı hərbi potensialını və hərbi mövcudluğunu müqayisə etmək mümkün deyil. Onlardan biri işğalçı qüvvədir. Digəri isə Suriya mərkəzi hökumətinin və Suriya parlamentinin dəvəti ilə, ikitərəfli sazişlər çərçivəsində Suriyada fəaliyyət göstərən, həm Suriya ordusunun, həm də Suriya xalqının terrorla mübarizə istiqamətində müdafiəsinə dəstək verən, eyni zamanda Suriya ordusunun hazırlanmasına, ölkədəki mühüm bəndlərin və avtomobil yollarının mühafizəsinə töhfə verən texniki heyətdir.
Bu iki vəziyyət arasında böyük fərq var.
Bu baxımdan, Netanyahunun apardığı müqayisə beynəlxalq hüquq və regiondakı qüvvələr balansı baxımından reallıqdan uzaq və əsassızdır.
-Netanyahunun Suriya üzərindən Türkiyə nümunəsini ön plana çıxarması ABŞ daxilində Türkiyə ilə bağlı təsəvvürləri və Tramp administrasiyasının Yaxın Şərq strategiyasını necə formalaşdıra bilər?
-İsraillə sıx əməkdaşlıq edən Konqresdəki mühüm qruplar, eləcə də İsrailin maliyyələşdirdiyi bəzi beyin mərkəzləri və lobbi təşkilatları ABŞ-də Tramp və onun kabinetində yer alan mühüm fiqurlara təsir göstərməyə çalışırlar. Lakin Türkiyə xarici siyasətini İsraillə qarşıdurma yaratmayacaq şəkildə planlaşdırır.
Bununla yanaşı, Türkiyə Qəzzada İsrailin həyata keçirdiyi genişmiqyaslı soyqırımı və qətliamları dünya ictimaiyyəti qarşısında tənqid edir. O, eyni zamanda İsraillə hərbi və siyasi qarşıdurmaya girməyi seçməyən ölkə mövqeyindədir.
Buna baxmayaraq, Netanyahunun 27 oktyabrda keçiriləcək İsrail parlament seçkiləri ərəfəsində Türkiyəni hədəfə almasını, eləcə də İsrailin müdafiə naziri İsrael Katsın, milli təhlükəsizlik naziri Ben Qvirin və maliyyə nazirinin Türkiyə əleyhinə verdikləri sərt bəyanatları daha çox ölkədaxili siyasi proseslərin nəticəsi kimi qiymətləndirmək lazımdır. Bu məsələdə Türkiyə sağlam düşüncəyə əsaslanan, daha soyuqqanlı siyasət yürütməyə üstünlük verir.
Bu baxımdan ABŞ-də artıq İsrailə və Türkiyəyə yaxın siyasi qruplar arasında mövqelər çoxdan müəyyənləşib. Hesab edirik ki, Trampın da Netanyahuyla birlikdə ABŞ-nin İsraillə bağlı ənənəvi və ortaq hədəflərə əsaslanan xarici siyasət xətti dəyişməyəcək. Lakin eyni zamanda qəbul etmək lazımdır ki, Tramp Türkiyənin regionda artan geosiyasi əhəmiyyətini də prioritet hesab edir. Bu, Türkiyə baxımından yeni diplomatik tarazlıq formalaşdırır. Bu baxımdan, Netanyahunun və ya israilli nazirlərin narazılıqlarını Türkiyə-İsrail qarşıdurması kimi qiymətləndirmək düzgün olmaz.
Bunlar tamamilə həm İsraildə, həm də ABŞ-də seçkilər ərəfəsində tərəflərin mövqe tutması və siyasi hazırlıq prosesinin əsas elementlərindən biridir.
-Sizcə, Tramp administrasiyası Konqres və İsrail lobbisinin təzyiqlərinə baxmayaraq Türkiyəyə F-35 satışına razılıq verəcəkmi? Bu qərar regiondakı güc balansını necə dəyişər?
-CAATSA sanksiyaları hələ də ABŞ Konqresində qüvvədə qalır. Bu, İsrailin müdaxilə edə biləcəyi və ya söz sahibi olmasını tələb edən bir məsələ deyil.
Bu, tamamilə Türkiyə-ABŞ münasibətləri çərçivəsində formalaşmış və ABŞ Konqresinin təxminən 12 il əvvəl qəbul etdiyi qərarların davamı xarakteri daşıyan prosesdir. Bu baxımdan, Trampın Ankara səfəri zamanı F-35-lərin Türkiyəyə verilə biləcəyi ilə bağlı irəli sürülən mövqeyi hələ də ABŞ Dövlət Departamenti ləngidilir.
Dövlət Departamentinin ABŞ Konqresinə təqdim etdiyi hesabatda S-400 sistemlərinin və Rusiyaya bağlı bəzi hərbi sursatların Türkiyədən çıxarılmadığı əsas gətirilərək, F-35-lərin təhvil verilməsi ilə bağlı hələ də müsbət rəy bildirilməyib. Lakin Tramp seçkilər ərəfəsində Türkiyə ilə münasibətlər kontekstində F-35-lərin verilməsinə razılıq almağa çalışır.
Ancaq bu F-35-lər Türkiyənin uzun illər əvvəl ödəniş etdiyi və Türkiyənin də daxil olduğu 11 ölkə ilə birlikdə hazırlanmış ortaq layihənin tərkib hissəsi idi. ABŞ isə CAATSA sanksiyaları çərçivəsində Türkiyənin pulunu ödədiyi, haqqı olan və hava qüvvələrinin əsas elementlərindən birinə çevrilməli olan F-35-ləri vermədi.
ABŞ bu təyyarələrin Türkiyəyə çatdırılmasının qarşısını almağa çalışırdı. Buna görə də Trampın və ya ABŞ-nin F-35-lərin təhvil verilməsi ilə bağlı mövqeyini Türkiyəyə göstərilən bir lütf kimi qiymətləndirmək düzgün deyil.
Çünki bunlar Türkiyənin inventarına daxil edilməli olan, uzun illər ABŞ və Türkiyə hökumətləri arasında bağlanmış ikitərəfli razılaşmalar əsasında həyata keçirilən və ödənişi əvvəlcədən edilmiş böyük bir layihənin tərkib hissəsi olan mühüm döyüş təyyarələridir.
Bu baxımdan, qeyd etdiyim kimi, İsrailin bu məsələyə etirazları həm hüquqi, həm də siyasi baxımdan əsassızdır. Uzunmüddətli perspektivdə Türkiyə-ABŞ münasibətlərinə təsir göstərə biləcək amil olmayacaq.
-Vaşinqton-Tehran xəttində diplomatik təmas kanalları tamamilə bağlanmayıb. ABŞ-İran münasibətlərinin yenidən normallaşması və ya yeni danışıqlar masasının qurulması hansı şərtlərdən asılıdır? Müharibə yenidən alovlana bilərmi?
-Bölgədəki vəziyyəti müharibə ilə diplomatik axtarışların eyni vaxtda davam etdiyi bir müharibə və sülh dövrü kimi xarakterizə etmək daha doğru olar. Bu baxımdan diplomatik axtarışlar əslində müharibənin davamı hesab edilə bilər.
Diplomatiyanın bitdiyi yerdə qarşıdurmaların yenidən başlaması beynəlxalq münasibətlərin reallıqlarından biridir. Bu mənada hesab edirəm ki, danışıqların başlanmasına hələ müəyyən vaxt var.
Xüsusilə noyabr seçkiləri ərəfəsində ABŞ-nin İrana qarşı müəyyən hərbi müdaxilələri gücləndirmək variantını gündəmdə saxladığını görürük. Netanyahunun Trampa təqdim etdiyi üç mühüm plandan bəhs olundu.
Bu planlara İrana qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsi və hərbi əməliyyatların yenidən gündəmə gətirilməsi daxildir.
Bu baxımdan, xüsusilə də CENTCOM-un verdiyi məlumatlar çərçivəsində İranın cənub bölgələrinə qarşı bu gün etibarilə yenidən hərbi əməliyyatların başladığını görürük.
Xuzistan bölgəsindən ölkənin ən cənubundakı Bəlucistan ərazisinə, Çabahar limanına qədər uzanan xətt boyunca ABŞ-nin intensiv bombardman xəttini formalaşdırdığını müşahidə edirik.
Bu baxımdan, hazırda ABŞ və İsrailin əsas hədəfi bölgədə tam nəzarəti təmin etmək və İranın təsir imkanlarını zəiflətməkdir. Lakin hesab edirəm ki, yalnız bu təsir zəiflədildikdən sonra danışıqlar masasının qəti şəkildə qurulması mümkün olacaq.
-Tramp-Zelenski görüşündən sonra Vaşinqtonun Ukrayna siyasətində mümkün dəyişiklik Moskvanın növbəti addımlarına necə təsir göstərə bilər?
-Bu mövzuda, xüsusilə də 28 iyul tarixində keçirilən NATO Zirvəsindən sonra Trampın mövqeyində mühüm dəyişiklik baş verib. Bildiyiniz kimi, zirvə qərarları çərçivəsində Ukraynaya Avropa ölkələrindən ayrılması nəzərdə tutulan 70 milyard avroluq yardım paketi sonradan 120 milyard avroya çatdırılıb.
Eyni zamanda Böyük Britaniyanın bəzi istehsal müəssisələrini və müdafiə sənayesi obyektlərini yenidən Ukraynada qurmağa üstünlük verib. Eyni zamanda ABŞ i Patriot istehsal müəssisələrinin Ukraynada yaradılması ilə bağlı qərar qəbul edib. Bu həm Böyük Britaniyanın, həm də ABŞ-nin Ukrayna siyasətində mühüm dəyişikliklərə səbəb olub.
Yeni dövrdə, yəni Trampın növbəti iki il yarımlıq prezidentlik müddətində Ukrayna müharibəsində Rusiyaya qarşı daha qəti mövqe sərgiləyəcək. Ukraynanın dəstəklənməsi ilə bağlı tərəddüdlər aradan qalxacaq.
Bununla yanaşı, Rusiyaya qarşı həm Avropa İttifaqı, həm də ABŞ-nin qoyduğu iqtisadi sanksiyaların, xüsusilə neft, təbii qaz və neft-kimya məhsullarına tətbiq olunan embarqoların daha da sərtləşdirilməsi müzakirə olunur.
2026-cı il ərzində bu embarqoların daha yüksək səviyyəyə qaldırılması ehtimalı var. Bu isə, şübhəsiz ki, müharibənin gedişinə təsir göstərəcək.
Çünki Böyük Britaniya, Almaniya, Fransa və Polşa başda olmaqla, Avropa İttifaqının aparıcı ölkələrinin müdafiə xərclərinin əhəmiyyətli hissəsini Ukraynaya yönəltdiyini görürük. Bu da Rusiya-Ukrayna müharibəsində yeni mərhələnin və kritik dönüş nöqtəsinin formalaşmasına səbəb olur.
-Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyaya daha çox zərbələr endirməyə başlayıb. Putin nə edəcək?
-Bəli, pilotsuz uçuş aparatlarından səmərəli istifadə edən Ukrayna döyüş əməliyyatlarını işğal altındakı Krıma və Rusiyanın daxili ərazilərinə qədər genişləndirə bilib. Bu isə Rusiyanın strateji resurslarına çıxış imkanlarının məhdudlaşmasına, mühüm ticarət mərkəzlərinin, böyük limanların pilotsuz uçuş aparatları ilə vurulmasına, eyni zamanda yanacaq infrastrukturunun və neft anbarlarının koordinasiyalı şəkildə hədəfə alınmasına gətirib çıxarıb. Bu müharibə artıq Rusiya vətəndaşlarının da ciddi şəkildə hiss etdiyi genişmiqyaslı qarşıdurmaya çevrilib.
Bu vəziyyət Vladimir Putinin daha da sərtləşməsinə və xüsusilə mülki hədəflərə zərbələri artırmasına şərait yaradır.
Hazırda Kiyev, Poltava, Lvov və Zaporojye kimi bölgələrdə şəhər mərkəzləri, mülki əhalinin sıx yaşadığı binalar, xəstəxanalar, eləcə də hərbi hədəflər ağır raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır. Müharibə daha da sərtləşmiş vəziyyətdədir.
-Bəs sizin proqnozunuza görə, müharibə Ukraynanın xeyrinə nəticələnəcəkmi?
-Müharibənin getdiyi heç bir coğrafiyada hər hansı xalq və ya dövlət üçün bundan fayda və ya xeyir gözləmək mümkün deyil. Necə ki, Rusiya ordusunun hərbçiləri həlak olur, eyni şəkildə Ukraynada da çoxlu sayda mülki şəxs və ukraynalı hərbçi həyatını itirir.
Bu günə olan vəziyyətə görə, təkcə təxminən 750 min ukraynalının müharibədə həyatını itirdiyi bildirilir. Rəsmi rəqəmlərə əsasən isə cəbhədə 350 mindən çox rus hərbçisi həlak olub.
Bu baxımdan, müharibənin Qara dəniz hövzəsinə və Baltik regionuna yayılması da, dünyada Hörmüz və Bab əl-Məndəb böhranlarından sonra yeni enerji nəqli problemlərinin və yeni təhlükəsizlik xəttinin formalaşmasına səbəb olur.
Bu səbəbdən müharibənin sağlam düşüncəyə əsaslanan, məqbul çərçivədə və mümkün qədər tez başa çatdırılması ən doğru seçim olardı.
-Son böhranlarda BMT Təhlükəsizlik Şurasının təsirsizliyi bir daha özünü göstərdi. Dünya diplomatiyası yeni bir "Millətlər Cəmiyyəti böhranı"na doğru gedirmi?
-Bəli. Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən sonra, 1945-ci ildən etibarən formalaşmış dünya nizamının və beynəlxalq münasibətlər sisteminin əsas institutlarından biridir. Lakin BMT-nin tərkibində Təhlükəsizlik Şurasının mövcudluğu, yəni veto hüququna malik ölkələrin olması və bu ölkələrdən hər hansı birinin vetosunun qüvvədə olması, Baş Assambleyanın üzərində dayanan ayrıca Təhlükəsizlik Şurası sistemi formalaşdırıb.
Bu baxımdan, BMT sistemində Təhlükəsizlik Şurasına daxil olan beş və ya yeddi ölkənin Baş Assambleyadan və ümumilikdə dünya ictimaiyyətindən daha üstün mövqeyə malik olduğu bir mexanizm yaranıb. Bu isə uzun illərdir müzakirə olunan və BMT-nin effektiv sanksiya mexanizmlərinə malik olmadığını göstərən sistemdir.
-Belə çıxır ki, Beynəlxalq hüququn sanksiya gücü tamamilə aradan qalxıb?
-Nə Kipr məsələsində, nə Qarabağ problemində, yəni Qarabağı Ermənistanın işğal etdiyi dövrdə, nə də dünyada baş verən digər ciddi insan hüquqları pozuntularında BMT-nin qəbul etdiyi qərarları dövlətlərin tam şəkildə icra etdiyini görmürük.
Bu gün Krımın işğalı, Axısqa türklərinin sürgünü və vətənə qayıdışı məsələsi, eləcə də uzun illər Qarabağı Ermənistanın işğal etməsi ilə bağlı ATƏT-in Minsk qrupu və BMT-nin qəbul etdikləri qərarlar tərəflər tərəfindən yerinə yetirilməyib. Həmçinin Şimali Kipr Türk Cümhuriyyəti və Kipr türklərinin mövcudluğu ilə bağlı məsələlərdə qəbul edilən qərarların həyata keçirilməməsi göstərir ki, BMT-nin qərarlarını xüsusilə ABŞ, İsrail, Rusiya Federasiyası və Çin kimi dövlətlər də icra etmirlər.
Bu isə BMT üçün ciddi legitimlik böhranı yaradır.
Bu baxımdan, əlbəttə ki, BMT sisteminə etimad göstərmək və onun gücləndirilməsinə çalışmaq lazımdır. Lakin dünyanın aparıcı gücləri Birləşmiş Millətlər Təşkilatını faktiki olaraq özləri funksiyasız vəziyyətə salıblar.
-Bəs, Tramp administrasiyasının NATO ilə bağlı tənqidləri alyans daxilində müdafiə xərcləri və kollektiv təhlükəsizlik sahəsində yeni mərhələnin başlanmasına səbəb ola bilərmi?
-Əlbəttə. Bu baxımdan Tramp hesab edir ki, NATO daxilində Avropa ölkələri daha böyük məsuliyyət daşımalı və maliyyə resurslarının səfərbər edilməsi istiqamətində daha fəal rol oynamalıdır. Onun bu israrlı mövqeyi və tənqidlərini son NATO Zirvəsində alyans daha çox nəzərə aldı.
Bu istiqamətdə NATO ölkələri yeni vəzifə bölgüsü apararaq müdafiə xərclərinin artırılması məsələsində ABŞ ilə daha uyğun və koordinasiyalı fəaliyyət göstərəcəklər.
Bundan sonra Trampın Avropa liderlərinə və NATO-ya yönəltdiyi tənqidlərin də azalacağını görəcəyik. Çünki bu, ABŞ ilə Avropa arasında yaşanan nisbi, lakin əhəmiyyətli gərginlik idi.
Düşünürəm ki, bu gərginlik uzunmüddətli perspektivdə aradan qalxacaq. Trampın siyasəti nəticə etibarilə NATO oxunun daha da güclənməsinə töhfə verəcək.