Paşinyan Bakı ilə sülhün şərtlərini açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün ərazi mübadiləsi, anklav və eksklavların aradan qaldırılması prinsiplərinə əsaslanmalı olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Paşinyan sosial şəbəkələrdəki canlı yayımda sazişdən sonra Ermənistanın ərazisinin 29 743 kvadratkilometr olmalı olduğunu deyib. Onun sözlərinə görə, tərəflər dəqiq müəyyən edilmiş ölçülərdə əraziləri dəyişməli, bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır.

Baş nazir həmçinin Bakı və İrəvanın bir-birinə qarşı heç bir ərazi və digər tələblər irəli sürməməli olduğunu vurğulayıb.

Paşinyan Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarından sonra belə bir sülh modelinin mümkünlüyü barədə ilkin təəssüratının yarandığını qeyd edib.