Paşinyan sülhdə yox, gərginlikdə maraqlıdır

Baş nazir hansı məqsədlə 1975-ci ilin xəritəsini israrla gündəmə gətirir?

  Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı sülh prosesindən danışıb. Baş nazirin fikrincə, ən mühüm məsələ sülh prosesinin bir neçə əsas prinsip əsasında davam etməsini təmin etməkdir. Paşinyan bildirib ki, bu prinsiplər Avropa Birliyi Şurasının rəhbərinin 2023-cü il iyulun 15-də Brüsseldə verdiyi bəyanatda qeyd olunub: “Prinsiplərdən biri odur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qəbul edirlər. Yəni Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu anlayışı təsdiqlənir. Almatı bəyannaməsi delimitasiya və demarkasiya prosesinin siyasi əsasını təşkil etməlidir. Delimitasiya və demarkasiyanın hansı xəritələrə uyğun aparılacağının razılaşdırılması vacibdir. Bu, 1975-ci ilin xəritələri əsasında aparılmalıdır. Bundan əlavə, regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir". Baş nazir vurğulayıb ki, əgər Azərbaycan bu prinsiplərə sadiqliyini açıq şəkildə təsdiq edərsə, o zaman güman etmək olar ki, sülh müqaviləsinin bağlanması yalnız qısa zaman məsələsidir: "Problem ondadır ki, Azərbaycanın yüksəkvəzifəli şəxsləri bu prinsiplərə sadiqliklərini təsdiq etməyiblər. Bu, şübhələr yaradır ki, onlar sülh dedikdə Ermənistanın ərazi bütövlüyünə müəyyən iddialarını nəzərdə tuturlar. Əgər onlar bu üç prinsipə sadiqliklərini təsdiq etsələr, biz sülhü praktik olaraq qurulmuş hesab edə bilərik".

  Ermənistan baş nazirinin çıxışını "Sherg.az"a dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Nikol Paşinyan qeyri-müəyyən şəxsdir və əvvəlcə söylədiyini daha sonra danır, inkar edir. Deputat diqqətə çatdırıb ki, erməni baş nazir bir gün sülhdən, başqa gün isə müharibədən, qarşıdurmadan danışır: "Paşinyan arada özünü normal qonşuluq münasibətlərinə dəyər verən verən şəxs kimi göstərməyə çalışsa da, bir müddət sonra Azərbaycanın daxili işlərinə kobudcasına qarışmağa başlayır. Bu insan hələ hansı mövqedə olduğunu aydınlaşdıra bilməyib. Paşinyanın 3 prinsipindən üçüncüsü, yəni xəritə məsələsi təklif yox, Azərbaycan qarşısında konkret şərtdir. Baş nazir hansı məqsədlə 1975-ci ilin xəritəsini israrla gündəmə gətirir? Niyə 1920-ci ilin, yaxud digər dönəmin xəritəsindən danışmır? Doğrudanmı 1975-ci ilin xəritəsi SSRİ-nin xəritələrinin surətidir, yoxsa Ermənistan tərəfindən üzərində korrektə edilmiş, yalançı möhür vurulmuş bir xəritədir?! Paşinyan, həqiqətən də, sərhədlərin demarkasiya və delimitasiyasını istəyirsə, buna görə komissiya yaradılıb. Proses gedir, müxtəlif xəritələr nəzərdən keçirilir. Həmçinin mübahisə doğuran, fikir ayrılıqlarına səbəb olan ərazi sahələri barədə müzakirələr aparılır. Sərhədlərin demarkasiyası sadə məsələ deyil. Proses bəzən uzun müddət, onilliklər ərzində davam edir".
  Parlament üzvünün sözlərinə görə, əsas məsələ odur ki, hər iki tərəfin bunda marağı olsun: "Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyırsa, Almatı bəyannaməsini qəbul ediriksə, digər məsələlər texnikidir. Komissiya yaradılır və bu məsələnin üzərində uzun müddət işləyirlər. Paşinyan sadəcə olaraq özünü dünyaya "sülhpərvər" kimi göstərir. Digər tərəfdən, Azərbaycanla münasibətlərin uzun müddət gərgin qalmasında maraqlı olduğunu sübuta yetirir".