Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə aparılan ikitərəfli münasibətlər barədə diqqətçəkən açıqlamalar verib. Ölkəsinin indiyədək kiçik layihələrə öyrəşdiyini deyən Paşinyan Ankaraya açıq mesaj göndərərək “böyük oynamalıyıq” ifadəsini işlədib.

Sherg.az-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında regiondakı strateji layihələr və qonşu ölkələrlə münasibətlər barədə mühüm açıqlamalar verib. O, xüsusilə TRIPP (Regional İnfrastruktur və Sülh Layihəsi) layihə planının İran tərəfi ilə koordinasiyası və Türkiyə ilə normallaşma prosesi ilə bağlı sualları cavablandırıb.

Paşinyan bildirib ki, Ermənistan adətən kiçikmiqyaslı layihələrlə məşğul olub, lakin artıq iri layihələrə fokuslanmalıdır. O, bunun müəyyən çətinliklər yaratdığını vurğulayıb:

“Bizim problemimiz həmişə kiçik layihələrlə işləməyimiz olub. Böyük layihələrə öyrəşməmişik və onların özünəməxsus xüsusiyyətləri var: həmişə həll olunmamış məsələlər buraxır və yenilərini yaradır. Masadakı bir problemi həll etdikdə, müzakirə olunmalı dörd yeni məsələ ortaya çıxır. TRIPP layihəsi o qədər böyükmiqyaslıdır ki, hər mərhələdə bir məsələni aydınlaşdıranda yeni problemlər üzə çıxır”.

Türkiyənin prosesə hazırlığını müsbət qiymətləndirən Paşinyan ikitərəfli dialoqda artıq konkret addımların atılmalı olduğunu deyib:

“Türkiyənin hazır olmasını məmnuniyyətlə qarşılayıram. İkili dialoqda artıq həm simvolik, həm də simvolik olmayan, lakin böyükmiqyaslı addımların atılmasının vaxtı çatıb”.