Pəhləvilərin geri dönüş planı yenidən gündəmdədir, amma... - ŞƏRH

Ekspert: İranın taleyini xaric yox, qeyri-fars xalqlar müəyyən edəcək

Avstraliyada Baş naziri Entoni Albanese İranın son şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvini ölkənin lideri kimi tanımağa çağırılıb.

Baş nazirə ünvanlanan məktubu Avstraliyada yaşayan 750-dən çox iranlı imzalayıb. Həmçinin onlar Avstraliya hökumətindən “Şir və Günəş” bayrağını İranın milli simvolu kimi tanımasını xahiş ediblər.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, iranlı siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Sherg.az-a açıqlamasında bu məsələni İran ilə bağlı yaranmış və İsrail-İran gərginliyindən sonra davam edən proses adlandırıb: 

"Bu proses xaricdə yaşayan bəzi səltənətçi və Pəhləvi tərəfdarlarının həyata keçirdiyi kampaniyalarla müşayiət olunur. Onlar müxtəlif ölkələrdə-o cümlədən İngiltərə, Kanada və Avstraliyada bu məsələni gündəmdə saxlamağa çalışırlar. Məlumdur ki, Pəhləvilərin hakimiyyətə gəlməsində əsas rol oynayan dövlət Britaniya olub. Bu gün də Britaniyanın müəyyən planlarının gündəmdə olduğu iddia edilir.

Əgər İran daxilində hər hansı siyasi rejim dəyişikliyi baş verərsə, Pəhləvilərin yenidən hakimiyyətə gətirilməsi ssenarisi nəzərdən keçirilə bilər. Çünki onların həmin dövrdən qalan maraqları və planlaşdırdıqları fəaliyyətlər hələ də köhnə yanaşma əsasında davam etdirilir. Bu baxımdan, İranın siyasi hakimiyyətinin müəyyən mənada İngiltərə ilə əlaqəli olması kimi fikirlər də irəli sürülür".

Ekspert bildirib ki, son qarşıdurmalar zamanı da müşahidə olunur ki, İngiltərə və ona yaxın ölkələr, o cümlədən Avstraliya, bu prosesə açıq şəkildə müdaxilə etmək istəmirlər: 

"Xüsusilə İngiltərə ehtiyatlı mövqe tutur. Çünki onun öz maraqları mövcuddur. Pəhləvi tərəfdarları aylardır ki, bu istiqamətdə fəaliyyət göstərir, Rza Pəhləviyə xaricdən siyasi dəstək qazandırmağa və onu mümkün keçid dövrünün lideri kimi legitimləşdirməyə çalışırlar. Bu cəhdlər ABŞ-də də aparılıb və bəzi senatorların dəstəyi əldə edilməyə çalışılıb. Lakin ABŞ prezidenti Donald Tramp bu məsələdə mövqeyini bir neçə dəfə açıq şəkildə ifadə edib. Onun fikrincə, Rza Pəhləvi liderlik üçün yetərli qabiliyyətə malik deyil. Tramp hesab edir ki, o, yaxşı insan ola bilər. Amma İran kimi mürəkkəb siyasi və ictimai vəziyyəti idarə edə biləcək səviyyədə lider deyil. Trampın mövqeyi ondan ibarətdir ki, İran daxilində yeni liderlərin ortaya çıxmasına şərait yaradılmalı və proses daxildən formalaşmalıdır".

Analitik qeyd edib ki, Rza Pəhləvi və ümumilikdə monarxiya tərəfdarları Trampın mövqeyi ilə razılaşmırlar: 

"Onların əsas məqsədi müxtəlif ölkələrdən- xüsusilə Kanada, İngiltərə və Avstraliyadan siyasi dəstək almaqdır. Fikrimcə bu yanaşma doğru deyil. Bu cəhdlərin uğur qazanma ehtimalı zəifdir. İranın mövcud ictimai-siyasi vəziyyəti göstərir ki, ölkədə köklü və ciddi dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər isə monarxiya çərçivəsində unitar dövlət modelinin bərpası ilə deyil, daha fərqli yanaşmalarla həyata keçirilə bilər. Xüsusilə, İran daxilində yaşayan qeyri-fars millətlərin rolu bu prosesdə həlledici olacaq. Onların milli azadlıq hərəkatları və irəli sürdükləri demokratik tələblər artıq gözardı edilə bilməz. Əgər bu reallıqlar nəzərə alınmazsa, ciddi qarşıdurmalar yaranacaq". 

Siyasi şərhçi vurğulayıb ki, Rza Pəhləvi və onun tərəfdarları hələ də köhnə düşüncə ilə hərəkət edərək, xarici dəstək hesabına hakimiyyətə qayıtmağın mümkün olduğunu düşünürlər:

"Bu, reallığı tam əks etdirmir. Eyni zamanda, Avstraliya baş nazirinin bu istiqamətdə səsləndirdiyi bəyanatlar fərdi və ya diplomatik jest kimi qiymətləndirilə bilər. Bu, dövlətin rəsmi və qəti siyasi qərarı deyil. Ümumilikdə, mövcud reallıqlar olduqca mürəkkəb və çoxşaxəlidir. Bu reallıqları nəzərə almadan hər hansı siyasi planın həyata keçirilməsi mümkün deyil. Heç bir qüvvə öz istəklərini İran daxilində yaşayan qeyri-fars xalqlara diktə edə bilməz".