Pezeşkian ABŞ ilə diplomatik razılaşmaya gəlməyi hədəfləyir - ŞƏRH

ABŞ İrana qarşı mübarizəni iqtisadi təzyiqlər fonunda davam etdirir. Cəbhədə sakitlik hökm sürsə də, tərəflər ritorikanı sərtləşdirib. Bölgədəki iqtisadi təsir imkanlarının əsas düyün nöqtəsi Hörmüz boğazı ətrafında formalaşıb. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının Amerikaya aid olduğunu və İrana qarşı daha sərt sanksiyalar paketini işə salacaqlarını açıqlayıb. Rəsmi Tehran prezidentin bəyanatını cavabsız qoymayıb. İranın xarici işlər naziri Abbas Əraqçi ən ağır iqtisadi sanksiyaların belə nəticə verməyəcəyini vurğulayıb. Bölgədə artan gərginlik fonunda, İranın hərbi qanadı ilə prezident Məsud Pezeşkianın mövqelərindəki fərqlilik diqqətdən yayınmır. SEPAH müharibə bərpa olunacağı təqdirdə ABŞ-yə qarşı daha ölümcül silahlardan istifadə ediləcəyini bəyan edib. Pezeşkian isə müharibənin danışıqlar yolu ilə sonlandırılmasının tərəfdarıdır. Maraqlısı odur ki, müharibə dövründə, Pezeşkianın bəyanatları SEPAH-ın mövqeyi ilə üst-üstə düşürdü. İndi isə Vaşinqtonun sərt bəyanatlarına baxmayaraq, prezidentin daha mülayim taktiki yanaşma sərgilədiyi görünür.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Pezeşkian və SEPAH-ın bəyanatları bir-birini təkzib etmir:

“Əksinə, tamamlayıcı xarakter daşıyır. SEPAH ABŞ və İsrailin Yaxın Şərqdəki birgə hərbi gedişlərini birbaşa İrana qarşı məqsədyönlü siyasətin təzahürü kimi görür. ABŞ İrana təzyiqləri yalnız nüvə proqramına görə işə salmır. Bu məsələ olmasaydı belə, Vaşinqton Tehrana qarşı fərqli bəhanələrlə sanksiya xəttini sürdürəcəkdi. İrana tətbiq edilən iqtisadi məhdudiyyətlərin 60 ildən çox tarixi var. Bu proses nüvə böhranından çox əvvəl başlayıb. Hətta Şah rejimi dövründə, İranın nüvə proqramının təməli məhz Vaşinqtonun və Qərbin birbaşa dəstəyi ilə qoyulmuşdu”. 

Politoloqun sözlərinə görə, hərbi və təhlükəsizlik məsələləri SEPAH-ın, iqtisadi-sosial sabitlik isə prezident hakimiyyətinin cavabdehlik zonasındadır: 

“Pezeşkian prezident seçildiyi ilk vaxtlardan etibarən İran cəmiyyəti tərəfindən islahatçı konsepsiyanın müəllifi kimi qəbul edilirdi. O, bu gün də xalq arasında həm insanların rifahının yaxşılaşdırılması, həm də cəmiyyətdə hakimiyyətin mövqeyinin möhkəmləndirilməsi kontekstində islahatçı lider imicini qoruyub saxlayır. Tarixi təcrübə də göstərir ki, siyasi və hərbi elita arasında dövlətçilik maraqları üst-üstə düşsə də, bu maraqların qorunması mexanizmində taktiki gedişlər fərqlənir. SEPAH daxili sabitliyin və nizam-intizamın qorunmasını, eləcə də xarici təzyiqlərə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi üstün tutan struktur kimi formalaşıb. SEPAH daxili sərt nizam-intizamın qorunması və xarici təhdidlərin dəf edilməsinə cavabdehlik daşıdığı halda, ölkə prezidentinin əsas vəzifəsi sosial-iqtisadi islahatlar aparmaq və əhalinin rifahını təmin etməkdir”.

S.İsgəndərov onu da qeyd edib ki, Pezeşkiyan Vaşinqtonun İranı hərbi güclə sarsıda bilməməsini mühüm imkan kimi dəyərləndirir:

“O, bu fürsətdən istifadə edərək, diqqəti iqtisadiyyatın bərpasına və əhalinin sosial rifahına yönəltməyə çağırır. SEPAH-ın mövqeyinə görə, Vaşinqtonun zəifliyi ortaya çıxmışkən, bu fürsəti qaçırmaq olmaz. Əksinə, ABŞ-yə sarsıdıcı zərbə vurulmalıdır. Lakin bu yanaşma geopolitik reallıqla toqquşur. Çünki İran ABŞ-ni heç vaxt hərbi baxımdan tam məğlub edə bilməz. ABŞ isə “anakonda prinsipi” əsasında İran iqtisadiyyatını boğmağa və müharibəni iqtisadi yollarla aparmağa çalışacaq. Vaşinqton tərəfdaşları ilə birlikdə bu niyyəti gerçəkləşdirmək imkanına sahibdir. Pezeşkian istəmir ki, İran cəmiyyəti növbəti dəfə ağır iqtisadi sanksiyalarla sınağa çəkilsin. Prezidentin ABŞ ilə diplomatik dialoqa üstünlük verməsinin əsas səbəbi də budur. Pezeşkian və SEPAH-ın taktiki fərqliliyi bu amillərlə şərtlənir və hər iki qütb öz strateji modelini daha məqsədəuyğun hesab edir:

Politoloqun fikrincə, ABŞ hərbi eskalasiyanı uzatmaq niyyətində görünmür:

“SEPAH sərt bəyanatlar versə də, birdən-birə Amerika ilə müharibəyə başlayası deyil. Şübhəsiz ki, İran hərbi imkanlara malikdir. Lakin bu resurslar məhdud xarakter daşıyır. Müharibə İran iqtisadiyyatına və infrastruktura ağır zərbələr vurub. Bunların bərpası böyük vəsait tələb edir. Əgər İran yenidən barışmaz möqve tutarsa, növbəti sanksiyalar bərpa prosesinə imkan verməyəcək. Bu fasilə həm də İranın hərbi və raket potensialının bərpası üçün lazımdır. SEPAH-dan fərqli olaraq, Pezeşkian ABŞ ilə diplomatik razılaşmaya gəlməyi və bu imkanla İranın hərbi-iqtisadi potensialını bərpa etməyi hədəfləyir".