İran Prezidenti Pezeşkian ABŞ ilə davam edən müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Sherg.az xəbər verir ki, İranın ISNA xəbər agentliyinin məlumatına görə, Tehranda İslam Həkimlər Birliyinin Baş Assambleyasında çıxış edən İran Prezidenti Pezeşkian ABŞ ilə müharibə ilə bağlı qiymətləndirmələr edib.
Pezeşkian müharibənin davam etməsinin qaçılmaz məqsəd olmadığını, ölkənin gücünü və qazandığı nailiyyətləri qoruyaraq müharibəyə son qoyulmasının lazım olduğunu bildirib.
İran Prezidenti Pezeşkian deyib: “Müharibə müəyyən bir nöqtədə sona çatmalıdır. Bu gün gücə və nüfuza sahib olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi bir dövrdə müharibəni bitirməyimiz daha yaxşıdır”.
İran Prezidenti bunun ölkənin mümkün hücumlar qarşısında geri addım atacağı anlamına gəlmədiyini vurğulayıb.
Prezident Pezeşkian deyib: “Zorakılıq qarşısında heç bir şəkildə başımızı əyməyəcəyik. Son nəfəsimizə qədər onların qarşısında dayanacağıq və onlara sarsıdıcı cavab verəcəyik”.
Pezeşkian ABŞ ilə Pakistanın vasitəçiliyi ilə iyunun 17-də imzalanan, lakin tərəflər arasındakı fikir ayrılıqları səbəbindən həyata keçirilməyən anlaşmanın İran üçün “şərəfli və dəyərli” olduğunu bildirib.
Anlaşmanın Milli Təhlükəsizlik Ali Şurasında “birlik və həmrəylik” şəraitində təsdiqləndiyini deyən İran Prezidenti çıxışında belə ifadələr işlədib: “Bu anlaşmada təslim olmaq anlamına gələn bircə maddə belə tapa bilməzlər. Bütün öhdəliklər qarşı tərəfin üzərinə düşür”.
Pezeşkian həmçinin müharibə və danışıqlar proseslərinin bir-birinin alternativi olmadığını vurğulayıb. O, Həzrəti Əlinin sülhlə bağlı yanaşmasına istinad edərək, əldə olunan razılaşmalara əməl edilməsinin vacibliyini qeyd edib.
Çıxışının mühüm hissəsində “birlik” mesajı verən Pezeşkian deyib: “Birlikdə olsaq, güclüyük, ayrılıq olarsa, yox olarıq”.