Pezeşkianı dəstəkləyən ictimai qüvvələr təzyiq altında saxlanılır - Sadiq İsabəyli

"İran rəhbərliyi parçalanıb, SEPAH ölkəni idarə edir, prezident məlumatlandırılmır”

“Iran International”ın məlumatı diqqət çəkib. Mənbədə qeyd olunub ki, "İran hakimiyyətin ən yüksək səviyyəsində parçalanma görünməmiş dərəcədə dərinləşib. Prezident Məsud Pezeşkianla İnqilab Keşikçiləri (SEPAH) arasında davam edən münaqişə açıq qarşıdurma müstəvisinə keçib".

Prezident Administrasiyasına yaxın iki mənbənin dediyinə görə, aprelin 4-də Məsud Pezeşkianla İranın Ali rəhbəri Müctəba Xameneiyə yaxın fiqurlardan biri olan Hüseyn Taib arasında kəskin mübahisə baş verib. Görüşdə iştirak edənlər bunu “çox çətin və gərgin” kimi xarakterizə ediblər.

Məsud Pezeşkian görüşdə SEPAH-ın baş komandanı Əhməd Vəhidi və “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin fəaliyyətlərini “özbaşınalıq” adlandırıb. O, bildirib ki, onların siyasəti region ölkələrinə, xüsusilə də bu ölkələrin infrastrukturuna hücumların gücləndirilməsinə yönəlib. 

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, iranlı siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Sherg.az-a Pezeşkianın açıqlamasında çox ciddi məqamların olduğunu söyləyib:

"İlk növbədə qeyd etmək lazımdır ki, bu vəziyyət hakimiyyət daxilində dərin parçalanmanın getdikcə daha mürəkkəb xarakter aldığını göstərir. Eyni zamanda, məsələni daha geniş siyasi kontekstdə qiymətləndirmək vacibdir. Bu, şəxslərarası mübahisə deyil, Məsud Pezeşkian, SEPAH və hökumət daxilindəki müəyyən qüvvələr arasındakı fikir ayrılığı kimi dəyərləndirilməməlidir. Bu, birbaşa İranın gələcək strateji istiqaməti ilə bağlı fərqli yanaşmaların toqquşmasıdır.

Məsələ ondadır ki, SEPAH (İnqilab Keşikçiləri) həm hərbi, həm təhlükəsizlik, həm də regional siyasət sahəsində qərarları özü qəbul edir və özü də icra edir. Bu prosesdə icraedici hakimiyyətin başında dayanan prezident Məsud Pezeşkianın rolu demək olar ki, yoxdur. O, bu qərarlardan ya gec xəbər tutur, ya da ümumiyyətlə məlumatlandırılmır. Hətta dəfələrlə bu qərarlar ictimailəşdikdən sonra onun məlumat əldə etdiyi müşahidə olunub. Bu mövzuları isə birbaşa özü gündəmə gətirə bilmədiyi üçün, oğlu Yusif Pezeşkian sosial mediada gündəmə gətirib.

Məsələn, Əli Laricaninin öldürülməsi ilə bağlı hadisədən sonra Yusif Pezeşkianın açıqlaması diqqət çəkdi. O bildirdi ki, əgər təhlükəsizlik qurumları-SEPAH yüksək vəzifəli şəxslərin təhlükəsizliyini təmin edə bilmirsə, bu, böyük fəlakətdir və ölkəni məğlubiyyətə sürükləyə bilər. Daha sonra isə o, bu fikirlərinə görə təzyiqlərlə üzləşərək geri addım atmağa məcbur oldu və açıqlamasını dəyişdirdi. Bildirdi ki, ABŞ-ni nəzərdə tutub".

Analitik İranın regiondakı davranış modelinin ciddi risklər yaratdığını vurğulayıb: 

"Bu siyasəti 47 ildir məhz SEPAH formalaşdırıb və icra edib. Fevraldan bu günə qədər də eyni siyasət yürüdülür. Xüsusilə son dövrlərdə bu prosesin daha da açıq şəkildə SEPAH-ın nəzarətinə keçdiyi müşahidə edilir. Ənənəvi olaraq İran prezidentləri müəyyən qədər qonşu dövlətlərlə münasibətləri yumşaltmağa, diplomatik kanalları açıq saxlamağa çalışsalar da, praktiki nəticələr baxımından ciddi uğurlar əldə olunmayıb.

Digər tərəfdən, SEPAH-ın region siyasətində özünəməxsus sərt xətti var, bu kursdan da geri çəkilmirlər. Onların yanaşmasına görə, İranın gücü, ideoloji, hərbi və siyasi təsir imkanlarının genişləndirilməsindədir. Ona görə də terror şəbəkələndirmə xəttini əsas götürüblər. Bu səbəbdən də uzun illərdir proksi qüvvələr və müxtəlif şəbəkələr vasitəsilə regionda təsirlərini artırmağa çalışırlar. Eyni zamanda, sərt təhlükəsizlik doktrinası çərçivəsində qonşu dövlətlər üzərində təzyiq və qorxu faktoru yaratmaq əsas vasitələrdən biri kimi istifadə olunur. Məqsəd dövlətlərin qorxu ilə İranla hesablaşmalarını və ona imtiyaz vermələrini təmin etməkdir. 

Tarixən dəfələrlə müşahidə olunub ki, İran hər hansı fikir ayrılığı zamanı birbaşa təhdid dilinə keçir. O bunu yalnız sözlə deyil, real hərbi və ya terror vasitələri ilə nümayiş etdirməyə çalışır. Bu da region ölkələrinin İranla münasibətlərində daim risk faktorunun qalmasına səbəb olur".

Ekspert Məsud Pezeşkianın yanaşmasının fərqli olduğunu deyib:

"Hüseyn Taib SEPAH təhlükəsizlik orqanının başında gedirdi. O, Əli və Müctəba Xameneiyə çox yaxın idi. Eyni zamanda Xatəm əl-Ənbiya Mərkəzinin rəhbəri və Xatəm əl-Ənbiyanın da imkanları SEPAH və ona bağlı şirkətlərin əlində cəmləşirdi. Onların öz aralarındakı mübahisələrin dərinləşməsi o demək deyil ki, kimsə güc axtarır. Bu mənanı verir ki, strateji kurslarının istiqaməti ayrıdır. 

Məsud Pezeşkian SEPAH-ın strategiyasına əlindən gəldiyi qədər eriraz etməyə çalışır. Dolayısı ilə bunun dəyişdirilməsinin vacibliyini vurğulayır. Onun fikrincə, qonşu və dünya dövlətləri ilə münasibətləri yalnız təhdid üzərindən qurmaq mümkün deyil, daha çox dialoq, qarşılıqlı anlaşma və diplomatiyaya üstünlük verilməlidir. O, açıq şəkildə bildirib ki, əgər İran qonşularla dil tapa bilmirsə, bunun məsuliyyəti məhz İranın öz üzərindədir. Lakin SEPAH bu yanaşmanı qəbul etmir. Onlar hesab edir ki, İranın əsas gücü onun ideologiyasındadır və bu xəttdən geri çəkilmək mümkün deyil. Bu isə daxildəki qarşıdurmanın strateji səviyyədə nə qədər ciddi və təhlükəli olduğunu göstərir".

Müsahibimiz bildirib ki, Məsud Pezeşkian mövcud imkanları çərçivəsində etiraz etməyə çalışsa da, onun təsir imkanları məhduddur: 

"Pezeşkianı dəstəkləyən ictimai qüvvələr də müxtəlif səbəblərdən aktiv şəkildə mövqe ortaya qoya bilmir və çox vaxt təzyiq altında saxlanılır. Bu da göstərir ki, hazırda üstünlük hələ də SEPAH-ın əlindədir. O, əsas qərarverici güc olaraq qalır. Bütün bu proseslər isə gələcəkdə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini daha da maraqlı və eyni zamanda riskli edir".