- “Biz ən öncədən doğru yolda olmuşuq və indi də irəliləyirik”
Sentyabrın 29-da Nizami Kino Mərkəzində Türk dünyasının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi dəstəyə, qardaşlıq və həmrəylik münasibətlərinə həsr olunan “Türkün gücü tükənməz” filminin təqdimatı keçirilib.
Tədbirdə Türk dünyası ölkələri arasında əlaqələrin inkişafı və mədəni əməkdaşlığın əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib.
Qeyd edək ki, film Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə ərsəyə gətirilib.
Filmin təqdimatından əvvəl Milli Məclisin deputatı Polad Bülbüloğlu Sherg.az-a açıqlamasında Türk dünyasında mədəni əlaqələrin inkişafı istiqamətində atılan addımlardan danışıb:
"1992-ci ildə ilk dəfə olaraq Türk dilli ölkələrin mədəniyyət nazirlərini Bakıda bir araya gətirmişəm. Bakı görüşündən sonra biz qərara gəldik ki, Türkiyədə yenidən görüşək. Türkiyədəki görüş zamanı isə belə bir təşkilat yaratmaq qərarına gəldik. 1993-cü ildə TÜRKSOY- Türk Dövlətlərinin Mədəniyyət Nazirlərinin Daimi Şurası yaradıldı. 1994-cü ildə isə məni baş direktor seçdilər. 14 il bu təşkilata rəhbərlik etdim.
Mən bunu böyük qürur hissi ilə deyirəm ki, dövlətlərimizin və mədəniyyətlərimizin daha da yaxınlaşmasında Azərbaycanın kifayət qədər böyük rolu olub".
Parlamentari vurğulayıb ki, Azərbaycan həmişə bir mərkəz olaraq türkdilli ölkələri, onların iş adamlarını, mədəniyyət xadimlərini və sənət adamlarını birləşdirmək üçün kifayət qədər iş görüb:
"Bu film də bir növ onun göstəricisidir ki, həmin hərəkat inkişaf edir, özünü doğruldur. Bu gün bizim hörmətli Prezidentimiz tribunadan deyir ki, bizim Türk dünyasından başqa ayrı ailəmiz yoxdur. Bu, çox böyük qürur verir. Onu göstərir ki, biz ən öncədən doğru yolda olmuşuq və indi də bu yolda irəliləyirik".