Polşa Rusiya ilə müharibəyə hazırlaşır - “Yaxın aylarda hücum başlayacaq”

“Polşa Rusiya ilə mümkün genişmiqyaslı müharibəyə hazırlaşır və yaxın vaxtlarda Kreml tərəfindən böyük təxribatların həyata keçiriləcəyini proqnozlaşdırır”.

Teleqraf xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

O bildirib ki, Polşa Müdafiə Nazirliyi və hərbi rəhbərliyi Rusiya ilə birbaşa qarşıdurma baş verəcəyi təqdirdə görüləcək tədbirlər alqoritmini ətraflı şəkildə hazırlayır: “Müharibəyə hazırlaşırıq, amma ümid edirik, bu müharibə heç vaxt başlamayacaq”.

Tomçik təfərrüatlarını açıqlamasa da qeyd edib ki, Kreml yaxın vaxtlarda Polşaya qarşı növbəti genişmiqyaslı təxribata əl ata bilər. Onun sözlərinə görə, Varşavada risklərin qiymətləndirilməsinə yanaşma dəyişib, indi ssenarilər real və qeyri-real olaraq deyil, ehtimalolunan və ehtimalı az olan ssenarilər kimi təsnif edilir:

“Bu gün son müddət müəyyən etməzdim. Kremlin genişmiqyaslı təxribatı tamamilə mümkündür, bu, yaxın bir neçə ay ərzində baş verə bilər”.

Tomçik Moskvanın bundan sonrakı addımlarını müəyyən edəcək əsas amilin Rusiya-Ukrayna müharibəsinin gedişi olduğunu bildirib. O əlavə edib ki, hazırda Moskva NATO ilə birbaşa qarşıdurmaya hazır olmasa da, bu, gələcəkdə belə bir müharibədən yayınmağın mümkün olacağına zəmanət vermir:

“Üstəlik, görürük ki, təkcə Ukrayna Rusiyanı cilovlaya bilib, alyansın bütün potensialını demirəm belə. Pz gücümüzün fərqində olmalıyıq”.