- “İlham Əliyev heç bir iş görməsəydi belə, Qarabağa görə tarixə qəhrəman kimi düşəcəkdi”
Son illərdə Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və hərbi islahatlar ölkənin inkişafında yeni mərhələ formalaşdırıb. Xüsusilə ərazi bütövlüyünün və suverenliyin tam bərpası, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də beynəlxalq əhəmiyyətli strateji layihələrin icrası Prezident İlham Əliyevin fəaliyyətinin ictimai müzakirələrdə geniş yer tutmasına səbəb olub.
Son ictimai rəy sorğularına əsasən, Prezidentə etimad səviyyəsi 87,7 faiz, fəaliyyətini müsbət qiymətləndirənlərin payı isə 93,6 faiz təşkil edib. Respondentlərin 81,9 faizi onu alternativsiz siyasi lider hesab edib. Bu göstəricilər cəmiyyətdə Prezident İlham Əliyevin fəaliyyətinə yüksək ictimai etimad və dəstəyin mövcud olduğunu ortaya qoyur.
Millət vəkili Məlahət İbrahimqızı Sherg.az-a Prezident İlham Əliyevə olan etimaddan danışıb:
"Mətbuatdan və sosial mediada mən də oxudum ki, möhtərəm Prezidentimizin fəaliyyəti ilə bağlı rəy sorğuları keçirilib və bu rəy sorğuları ən yüksək rəqəmlərdə öz əksini tapıb. Həqiqətən də bu, belədir.
Bunu bir sözlə ifadə etmək lazımdır ki, Prezident İlham Əliyev Azərbaycanda ötən dövr ərzində heç nə, heç bir iş görməsəydi belə, 30 ildən artıq işğal altında olan torpaqlarımızın azad olunmasına, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olduğuna görə əbədi olaraq tarixdə böyük qəhrəman sərkərdə kimi qalacaq idi. Təkcə buna görə belə, möhtərəm Prezidentimizin fəaliyyəti sorğularda 100 faizə yaxın qiymətləndirilib. Hesab edirəm ki, 93 faiz də azdır. Sorğularda əks olunan həmin rəqəm də görünür hansısa səbəblərlə bağlıdır. Təbii ki, aramızda milli maraqları düşünməyən insanlar da var. Fikrimcə həmin faiz 6-7 faiz deyil, hətta 1-2 faiz də etməz".
Parlamentari vurğulayıb ki, Azərbaycanın ərazisinin 20 faizdən artıq hissəsinin cəmi 44 gün ərzində işğaldan azad edilməsi görünməmiş bir hadisədir:
"İstər İkinci Dünya müharibəsindən, istər Birinci Dünya müharibəsindən sonra, istərsə də ümumilikdə bir neçə əsrdir dünyanın müxtəlif bölgələrində ərazi məsələləri ətrafında ciddi münaqişələr davam edir. Kəşmir məsələsi, Yaponiya ilə Rusiya arasında adalar problemi, Çinlə bağlı mübahisələr, Ukrayna-Rusiya münaqişəsi, Orta Şərqdə baş verən hadisələr- bunların hamısı uzun illərdir davam edir.
Məhz bu fonda Qarabağ məsələsinin cəmi 44 gün ərzində həll olunması xüsusi əhəmiyyət daşıyır. Biz yalnız işğalçı Ermənistanı məğlub etmədik, dünyanın erməniləri dəstəklədiyi sistemi məğlub etdik. Hər kəs bilir ki, Ermənistana dəstək verən əsas qüvvələr erməni diasporu və erməni lobbisidir. Onlar ABŞ-da, Fransada, Rusiyada, Almaniyada, Rumıniyada, Danimarkada və dünyanın digər aparıcı dövlətlərində güclü təsir imkanlarına malikdirlər. Buna baxmayaraq, Azərbaycan bu mürəkkəb münaqişəni həll etdi.
Azərbaycan xalqı bundan sonra da, inşallah, möhtərəm Prezidentimizin sözləri ilə desək, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş bir dövlətdə yaşayacaq. Təkcə bu nailiyyət belə möhtərəm Prezidentimizin gördüyü digər işlərlə müqayisə olunmayacaq qədər böyük əhəmiyyət daşıyır".
Deputat qeyd edib ki, müharibədən əvvəl də Azərbaycanda sosial-iqtisadi inkişaf istiqamətində mühüm dövlət proqramları həyata keçirilib, böyük layihələr reallaşdırılıb:
"Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, bu gün isə dünyada geniş müzakirə olunan Zəngəzur dəhlizi, Böyük İpək Yolunun Orta Dəhlizinin ən mühüm hissəsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Azərbaycanın bütün bölgələrində genişmiqyaslı infrastruktur layihələri icra olunub.
Bu gün ölkənin hansı bölgəsinə getsək, müasir dünya standartlarına cavab verən yolları, körpüləri, sosial obyektləri və digər infrastruktur layihələrini görə bilərik. Bütün bölgələrimiz turizmin inkişaf etdiyi mühüm mərkəzlərə çevrilib.
Bütün bunlar təkcə Qarabağın işğaldan azad olunması ilə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən meqalayihələr, çoxsaylı tunellər, körpülər, magistral yollar, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün ağıllı kənd konsepsiyası əsasında salınan yaşayış məntəqələri bunun bariz nümunəsidir.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə artıq Laçın, Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları istifadəyə verilib. Bu, çox böyük layihədir. Tarixən düşmən münasibətlərinin mövcud olduğu Ermənistanla sərhədə yaxın ərazilərdə beynəlxalq hava limanlarının inşa edilib".
Milli Məclisin üzvü söyləyib ki, prezident İlham Əliyev bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və inkişafın qarantoru kimi çıxış edir:
"Müharibə başa çatan kimi Prezident İlham Əliyev bütün dünyaya və Ermənistana bəyan etdi ki, artıq bölgənin tarixində yeni səhifə açılır. Bundan sonrakı mərhələ inkişafın, sülhün, sabitliyin və təhlükəsizliyin mərhələsi olacaq".