Prezidentə yüksək dəstəyin əsas səbəbi təhlükəsizlik və sabitlikdir - Fazil Mustafa

  • Bu, eyni zamanda, Qarabağ müharibəsindən sonra dövlətin nümayiş etdirdiyi qətiyyətli siyasətə cəmiyyətin verdiyi qiymətdir

Son ictimai rəy sorğularına əsasən, Prezident İlham Əliyevə etimad səviyyəsi 87,7 faiz, fəaliyyətini müsbət qiymətləndirənlərin payı isə 93,6 faiz təşkil edib. Respondentlərin 81,9 faizi onu alternativsiz siyasi lider hesab edib.

Bu nəticələr Prezident İlham Əliyevin milli maraqları qətiyyətlə müdafiə edən, uzaqgörən siyasət yürüdən lider kimi cəmiyyətdə yüksək dəstəyə malik olduğunu göstərir. 

Millət vəkili Fazil Mustafa Sherg.az-a bildirib ki, bu sorğuların cəmiyyət daxilində gedən proseslərin təhlili baxımından əhəmiyyəti var: 

"Sorğuların nəticəsi insanların daha çox hansı məsələləri ön plana çəkdiklərini göstərir.

Təbii ki, hər bir cəmiyyətdə sosial problemlər də, müxtəlif çətinliklər də mövcuddur. Tərəqqi və inkişafla yanaşı, bu problemlər də var. Amma Prezident İlham Əliyevə göstərilən yüksək dəstəyin əsas səbəblərindən biri məhz təhlükəsizlik amilidir. İnsanların böyük əksəriyyəti regionda baş verən proseslərə, həm cənubda, həm də şimalda yaşanan gərginliklərə diqqət yetirir. Onlar anlayırlar ki, bu xaosun Azərbaycan ərazisinə sirayət etməsinin qarşısının alınması ən mühüm prioritetlərdən biridir. Azərbaycanın təhlükəsizlik və sabitlik məkanı kimi mövqeyini qoruması da sorğularda bu cür yüksək nəticələrin əldə olunmasını şərtləndirən əsas amillərdəndir".

Parlamentari vurğulayıb ki, bu, eyni zamanda, Qarabağ müharibəsindən sonra dövlətin nümayiş etdirdiyi qətiyyətli siyasətə cəmiyyətin verdiyi qiymətdir: 

"Uzun illər Qarabağ məsələsi Azərbaycanın tarixi və həlli mümkünsüz görünən problemi kimi təqdim olunurdu. Bu gün isə Qarabağda genişmiqyaslı quruculuq işlərinin yüksək templə davam etməsi göstərir ki, bu istiqamətdə görülən işlər də xalqın münasibətinin mühüm göstəricilərindən birinə çevrilib.

Qısa müddətdə hava limanlarının tikildi. Şəhər və kəndlər yenidən quruldu. Ağdam kimi tamamilə dağıdılmış şəhər bərpa edilərək yenidən həyata qaytarıldı. Eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesi intensiv xarakter aldı. Bütün bunlar da ümumilikdə aparılan siyasi fəaliyyətə cəmiyyətin verdiyi yekun qiymətləndirilmə kimi dəyərləndirilə bilər".