Prezidentin Macarıstana səfəri: Münasibətlərdə yeni səhifə - ŞƏRH
Avqustun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. Dövlət başçısı bu ilin yanvarında Macarıstana səfəri çərçivəsində səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğulayıb. Əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Görüş əsnasında Azərbaycan-Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib. Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub. Ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib. Gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb. Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının önəmi qeyd olunub. Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulanıb. Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana sayca dördüncü səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Səfər çərçivəsində mühüm sənədlər imzalandı. Həmin sənədlər arasında ən əhəmiyyətlisi Azərbaycanın dövlət başçısı və Macarıstanın baş naziri tərəfindən imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə idi. Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir. İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir.
İki respublikanın əməkdaşlığını "Sherg.az"a təhlil edən millət vəkili Vüqar Bayramov deyib ki, iki ölkə arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Parlament üzvünün fikrincə, Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir:
"2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26 faiz artaraq 35,161 milyon dollardan 47,399 milyon dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollarlıq ticarət qeydə alınıb. Artım tendensiyasına rəğmən, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək".
V.Bayramov vurğulayıb ki, Macarıstan Azərbaycan ilə enerji əməkdaşlığını genişləndirmək istəyən Avropa ölkələrindədir: "Macarıstanın "MVM CEE Energy" və Azərbaycanın SOCAR şirkətləri arasında bu ilin iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək. Bütövlükdə, Macarıstan Azərbaycandan ildə 2 milyard kub metr qaz idxal etmək niyyətindədir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.
Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Rumıniya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycandan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yarada bilər. Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir".