Problem odur ki, Xamneyi öldürülərsə, şəhid statusu ilə tanınacaq - ANALİTİK

"Bu da İran daxilində dini mənsubiyyət baxımından "molla rejimi"nə bağlı olanların müqavimətini artıra bilər"

İran və ABŞ arasında münasibətlərin kəskinləşməsi regionda yeni qarşıdurma ehtimallarını gündəmə gətirir. Təhlükəli geosiyasi mərhələdə dünyanın diqqəti yenidən İranın ali dini lideri Əli Xameneyi üzərində cəmlənib. 1989-cu ildən bəri hakimiyyətin ən yüksək pilləsində qərarlaşan Xameneyi, İranın daxili və xarici siyasət kursunun əsas memarı hesab olunur. Onun rəhbərliyi dövründə Tehranın nüvə proqramı beynəlxalq sanksiyalara, çoxtərəfli danışıqlara və Vaşinqtonla kəskin qarşıdurmaya səbəb olub. ABŞ və İsrailə münasibətdə barışmaz xətt isə Xamneyinin siyasi imicinin ayrılmaz hissəsinə çevrilib. Son zamanlar ABŞ mətbuatı onun öldürüləcəyinə dair xəbərlər yazır. Ona görə də Xamneyi, özünün qətlə yetirilməsi halında İslam Respublikasının davamlılığını təmin etməyi silahdaşı Əli Laricaniyə tapşırıb. ABŞ siyasi dairələrində də İranın ali dini liderinə münasibət kifayət qədər sərtdir. Amerikalı senator Lindsi Qrem, Xamneyinin aradan qaldırılmasının vacibliyindən bəhs edib. Bütün bunlar Xamneyinin həyatının təhlükə altında olduğuna dair şübhələri artırır.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Amerikanın əvvəldən post-Xamenei dövrünün qurulması ilə bağlı planı olub:

“Xamneinin fiziki olaraq aradan götürüləcəyi, yaxud rejim əleyhinə çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı və ya könüllü şəkildə postunu tərk edəcəyi ilə bağlı müxtəlif ssenarilər var. Bu ssenarilərin hansının reallaşacağı helə ki, sual altındadır. Prosesin yekununda Xamneyinin hakimiyyətdən gedəcəyi ehtimalı çox böyükdür. Bunu şərtləndirən digər amillərdən biri də Xamneyinin səhhətində problemlərin olmasıdır. Hazırki vəziyyətdə İran mövcudluğunu saxlamaq üçün dəyişikliyə getməlidir. Xamneyi özü də anlayır ki, varis təyin etmədən vəfat etməsi və ya postundan kənarlaşdırılması məqsədəuyğun olmaz. Buna görə də “molla rejimi” üçün ən əlverişli ssenari Xameneinin yeni ali liderin müəyyənləşdirilməsi prosesini əvvəlcədən formalaşdırmasıdır. Lakin bu prosesdə də bir sıra problemlər olacaq. Çünki rejim daxilində, yeni liderin kimliyi uğrunda ruhanilər arasında mübarizə gedir. Namizəd kimi, keçmiş ali dini lider Ayətullah Ruhullah Xomeyninin nəvəsinin və Əli Xamneyinin oğlu Möctəbanın adları hallanır. Burada İran İnqilabı Keşikçiləri Korpusu olan SEPAH-ın da həlledici rolu var. SEPAH daha çox Möctəbanı dəstəkləyir. Çünki onun SEPAH-da təsir imkanları genişdir”. 

Politoloq bildirib ki, ABŞ İrana hücum edərkən, Xamneyinin sərt müqaviməti ilə qarşılaşarsa, fiziki olaraq onun zərərsizləşdirilməsi variantını nəzərdən keçirəcək:

“ABŞ prezidenti, dəfələrlə İranda yeni ali liderə ehtiyac olduğunu bildirir. Xatırlayırsınızsa, ötən il 12 günlük mübaribədə də məsələ ilə bağlı müzakirələr gedirdi. Problem odur ki, Xamneyi öldürülərsə, şəhid statusu ilə tanınacaq. Bu da İran daxilində dini mənsubiyyət baxımından "molla rejimi"nə bağlı olanların müqavimətini artıra bilər. Hətta İranın “müqavimət oxu” adlandırdığı geniş coğrafi ərazidə, proksi qüvvələr fəaliyyət göstərir. Xamneyinin öldürülməsi, həm onun qəhrəmanlaşmasına səbəb ola bilər, həm də müqavimət oxunun birliyini təmin edə bilər. İranın bütövlüyünün qorunması naminə, ölkədə Xamneyinin vəzifədən getməsini istəyənlər də var. Vaşinqton, Xamneyinin aradan götürülməsinin ciddi əks-təsir doğura biləcəyindən narahatdır. Ona görə də Tramp hələ ki, hücuma tələsmir. ABŞ ilə İran arasındakı danışıqların əsas istiqamətlərindən biri də rejimin təhvil verilməsidir. Bu məsələyə ABŞ və İsrailin yanaşması fərqlidir. Tel-Əviv rəhbərliyi İranda rejimin tamamilə ləğv olunamasının tərəfdarı ikən, ABŞ teokratik sistemin, prezident idarəçiliyi ilə əvəz olunmasını istəyir”.

Aybəniz Səfərova