Professor açıqladı: Çanaqqala Qərb güclərinin planlarını darmadağın etdi

Bu gün Çanaqqala Zəfərinin 111-ci ildönümünü qeyd edirik. Çanaqqala Zəfəri dünya tarixində mühüm yer tutan və Birinci Dünya müharibəsinin gedişinə təsir göstərən əsas hadisələrdən biri hesab olunur. Bu tarixi hadisə təkcə hərbi baxımdan deyil, həm də siyasi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Zəfərin növbəti ildönümü münasibətilə həmin dövrün şərtləri, baş verən hadisələr və onların nəticələri bir daha xatırlanır, bu mübarizənin tarixdəki rolu yenidən qiymətləndirilir.

Tarixçi professor, Türkiyə Cümhuriyyəti Tarixi üzrə mütəxəssis Ali Satan Sherg.az-a I Dünya müharibəsinin ən mühüm cəbhələrindən biri olan Çanaqqalanın imperialist dövlətlərə qarşı Türk ordusunun dirənişi, əzmi və fədakarlığı ilə qazanılmış böyük zəfər olduğunu söyləyib:

"Bu günlərdə olduğu kimi, Qərb gücləri də müharibə gəmilərini göndərərək hər şeyi edə biləcəklərini, istədiklərini qəbul etdirə biləcəklərini düşünürdülər. Lakin Türk millətinin iradəsi buna imkan vermədi.

Türk ordusu maddi imkanları və texnoloji üstünlüyü yüksək olan İngilis, Fransız və Rus donanmaları ilə nisbətdə üstünlük qazandı. Daha sonra isə türklər quru döyüşlərində ordularına qarşı möhtəşəm mübarizə apararaq böyük zəfər qazandılar".

Professor vurğulayıb ki, bu zəfər həm Osmanlı dövlətində, həm bütün Türk və İslam coğrafiyasında, həm də müttəfiqləri olan Almaniya və Avstriya-Macarıstan imperiyalarında böyük əks-səda doğurub:

"Çanaqqala zəfəri ilə türkün gücü bütün dünyaya bir daha göstərildi.

Bu böyük mübarizədə şəhid və qazi olan bütün əcdadlarımıza Allahdan rəhmət diləyirəm".