Qafqaz yeni mərhələyə qədəm qoyur - Deputat 

Bu mərhələdə də qaydaları Azərbaycan müəyyənləşdirir
 
 "Azərbaycanın Laçın yolundan mülki şəxslərin hərəkəti və tibbi məqsədlər, Ağdam-Xankəndi yolundan isə yükdaşımalar üçün istifadə edilməsilə bağlı təklifi bölgədəki mövcud problemlərin həllinə ən optimal yanaşmadır".

 Bu sözləri "Sherg.az"a millət vəkili Vüqar Bayramov deyib. Parlament üzvü vurğulayıb ki, Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi təmin olunmaqdadır. Lakin ermənilər öz təxribatlarından əl çəkmirlər: "Buraxılış məntəqəsindən sərbəst gedişin təmin olunmasına baxmayaraq, erməni əsilli qadınlardan biri üzərində qondarma rejimin “bayrağı” əks olunmuş çanta ilə sərhəd-buraxılış məntəqəsinə daxil olaraq təxribata can atıb. Göründüyü kimi, Ermənistan hətta belə cılız təxribatlarla regiondakı nizamı pozmaq və sülh danışıqlarında maneələr yaratmağa çalışır. Bir tərəfdən Azərbaycan öz suveren hüququları çərçivəsində maneəsiz keçidi təmin edir və yüklərin daşınması üçün yol təklif edir. Digər tərəfdən isə Ermənistan təxribatı davam edir. Amma belə təxribatlar mövcud düzəni dəyişmək iqtidarında deyil".
  Deputat qeyd edib ki, artıq müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması da tamamlanmaq üzrədir: "Bərdə-Ağdam yolu 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq. Nəticədə Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək. Bu, Qarabağ iqtisadi rayonunun inkişafı baxımından da vacibdir. Kifayət qədər iqtisadi potensialı olan Qarabağ 30 illik Ermənistan işğalı nəticəsində inkişafdan kənarda qalıb. Son olaylar bir daha təsdiq etdi ki, bölgədəki istənilən anlaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Qafqaz yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə də qaydaları Azərbaycan müəyyənləşdirir".