- Qarşıdakı dövrdə burada baş verəcək hadisələr təkcə regional deyil, Avrasiya təhlükəsizlik memarlığının gələcəyini də müəyyən edəcək
Qara dənizdə NATO-nun “Briz” adlı genişmiqyaslı hərbi-dəniz təlimləri başlayıb.
Bolqarıstanın təşəbbüsü ilə keçirilən təlimlər bir ay davam edəcək və NATO komandanlığının dəstəyi ilə həyata keçiriləcək.
Briz-2026 hərbi-dəniz təlimi regionda dəyişən təhlükəsizlik mühitini də yenidən gündəmə gətirib. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə təşkil olunan təlim yeni suallar meydana gətirib.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-ın Briz-2026 ilə bağlı suallarını cavablayıb:
-NATO-nun Briz-2026 təlimi nə ifadə edir?
-Briz-2026 təkcə növbəti dəniz təlimi deyil. Bu fəaliyyət NATO-nun Qara dənizi artıq Avropanın şərq cinahının ən kritik təhlükəsizlik sahələrindən biri kimi gördüyünü göstərir. Rusiya-Ukrayna müharibəsindən sonra Qara dəniz enerji təhlükəsizliyi, taxıl dəhlizləri, dəniz nəqliyyatı və hərbi çəkindirmə baxımından qlobal rəqabətin əsas mərkəzlərindən birinə çevrilib. NATO da buna görə regiondakı görünürlüğünü və hazırlıq səviyyəsini artırır.
-Təlimin Rusiyaya mesajı nədir?
-Bu təlimin əsas mesajı çəkindirmədir. NATO Qara dənizdə birtərəfli hərbi üstünlüyə imkan verməyəcəyini nümayiş etdirir. Xüsusilə Bolqarıstan və Rumıniya vasitəsilə alyansın şərq cinahının gücləndirilməsi Rusiyanın Qara dənizdəki fəaliyyət imkanlarını daha yaxından nəzarətdə saxlamaq iradəsinin göstəricisidir. Bununla yanaşı, bu cür fəaliyyətləri Moskva da birbaşa təhlükəsizlik təhdidi kimi qəbul ediləcəyindən, regionda hərbi rəqabətin daha da sərtləşməsi ehtimalı mövcuddur.
-Türkiyə baxımından bu necə qiymətləndirilməlidir?
-Türkiyə burada əsas ölkədir. Çünki Qara dənizə açılan yeganə strateji keçid nöqtələri olan İstanbul və Çanaqqala boğazları Montrö Boğazlar Konvensiyasının müddəalarına uyğun olaraq Ankaranın nəzarəti altındadır. Türkiyə bir tərəfdən NATO üzvü kimi alyansın təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə Qara dənizin birbaşa NATO-Rusiya qarşıdurma zonasına çevrilməsinin qarşısını almağa yönəlmiş balans siyasətini davam etdirir. Bu siyasət həm Türkiyənin, həm də regionun sabitliyi baxımından əhəmiyyətini qoruyur.
-Bəs, Azərbaycan və Türk dövlətləri baxımından nəticələri nə olacaq?
-Qara dənizdə baş verən hər bir hərbi inkişaf təkcə sahilyanı ölkələri deyil, türk dünyasına da birbaşa təsir edir. Çünki Orta Dəhliz, Xəzər keçidli nəqliyyat marşrutları və enerji layihələri Qara dənizin təhlükəsizliyi ilə sıx bağlıdır. Regionda baş verəcək sabitsizlik Azərbaycanın Avropaya uzanan enerji ixracına və Türk Dövlətləri arasında logistika inteqrasiyasına da mənfi təsir göstərə bilər. Buna görə də Qara dənizin təhlükəsizliyi artıq təkcə Avropanın deyil, türk dünyasının da təhlükəsizlik gündəmidir.
-Bu təlim müharibə ehtimalını artırırmı?
-Təkcə bir təlim müharibə demək deyil. Lakin Qara dənizdə NATO fəaliyyətinin artması, Rusiyanın buna cavab olaraq hərbi tədbirlərini gücləndirməsi yanlış hesablamalar və nəzarətdən çıxan böhran riskini artırır. Xüsusilə pilotsuz uçuş aparatları, dəniz dronları və elektron müharibə vasitələrinin intensiv istifadə olunduğu mövcud təhlükəsizlik şəraitində kiçik bir hadisənin qısa müddətdə daha böyük böhrana çevrilməsi ehtimalı nəzərdən qaçırılmamalıdır.
-Qara dənizin geosiyasi əhəmiyyəti necə dəyişib və qarşıdakı dövrdə regionu nə gözləyir?
-Qara dəniz artıq təkcə Rusiya ilə Ukrayna arasında müharibənin getdiyi dəniz deyil. Bura NATO, Rusiya, Avropa İttifaqı, Türkiyə və türk dünyasının strateji maraqlarının kəsişdiyi yeni geosiyasi mərkəzdir. Qarşıdakı dövrdə Qara dənizdə baş verəcək hadisələr təkcə regional deyil, Avrasiya təhlükəsizlik memarlığının gələcəyini də müəyyən edəcək.