- Politoloqun sözlərinə görə, cənazənin həmin tabutda olması da dəqiq deyil:
İranın keçmiş ali lideri Əli Xamneinin dəfnində, çəkilən videokadrlarda üzü qara maska ilə örtülmüş şəxsin, ön sıralarda yer alması diqqət çəkib. Kadrlarda naməlum şəxsin başdan ayağa qara rəngdə geyindiyi görünür. O, həm dualar oxunarkən, həm də Xamneinin tabutunu ön sırada daşıyarkən kameraların obyektivinə tuş gəlib. Mərasimdə Əli Xameneinin oğulları Məsud, Meysəm və Mustafanın iştirak etdiyi halda, yalnız Müctəbanın görünməməsi suallar doğurub. Ekspertlərin bir qismi, onun yoxluğunu İsrailin hədəfində olması ilə izah edir. Ancaq naməlum şəxsin ön planda dayanması, onun Müctəba Xamnei ola biləcəyi ehtimalını gündəmə gətirib. Qeyd edək ki, Müctəba Xamnei, istər atasının xələfi elan olunmazdan əvvəl, istərsə də sonra videoformatda ictimaiyyət qarşına çıxmayıb. Onun mediada paylaşılan fotoları da məhduddur. Bu səbəbdən, hazırda heç kəs Müctəbanın real boyu, fiziki quruluşu haqqında dəqiq məlumata sahib deyil.
Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a bildirib ki, böyük ehtimalla, həmin şəxs ictimaiyyətdə psixoloji təsir və müzakirələr yaratmaq üçün seçilmiş xüsusi mühafizə əməkdaşıdır:
“Müctəba Xamenei həyatda olmaya da bilər. Həyatda olsa da, onun dəfndə bu şəkildə iştirakını güman etmirəm. Şəxsin fizionomiyası və çevik davranışları, onun daha çox xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna işarə edir. Həmin şəxsin hər hansı hücum cəhdindən qorunmaq və tanınmamaq üçün üzünü gizlətməsi də mümkündür. Müctəba Xameneinin atasının dəfnində iştirak etməməsinin İsrail təhlükəsi ilə əlaqədar olduğunu güman etmirəm. O, ya ümumiyyətlə həyatda yoxdur, ya da bombardman zamanı ciddi fiziki xəsarət alıb. Müctəba, iştirak etsə belə üzü bağlı, diqqətçəkici qiyafədə ortaya çıxmaz”.
Politoloqun sözlərinə görə, cənazənin həmin tabutda olması da dəqiq deyil:
“Yay mövsümündə cənazənin tabutda günlərlə İraqın müxtəlif şəhərlərində gəzdirilməsi bioloji və logistik baxımdan qeyri-mümkündür. Çox güman ki, əsl cənazəni çoxdan dəfn ediblər, gəzdirdikləri isə simvolik tabutdur. Ümumiyyətlə, mərasimdəki görüntülərin əksəriyyəti sünidir və görüntü xarakter daşıyır. Əslində qara maskalı şəxsi önə çıxarmaqla, onun cəmiyyətdə Müctəba Xamenei olduğu rəyini formalaşdırmaq istəmirlər. Əsas məqsəd, qeybə çəkilmiş İmam Mehdinin mərasimə gəlməsi barədə iddialar yaymaqdır. İran rəhbərliyi, bununla sadəlövh və fanat kütləni rejimə daha sıx bağlamağa çalışır. Yaxın günlərdə həmin şəxsin İmam Mehdi olması ilə bağlı rəvayətlər yayılsa, heç təəccüblənməyin”.