- Zəfərdən iqtisadi gücə doğru - Qarabağ Azərbaycanın regional mövqeyini necə dəyişəcək
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərini davam etdirir. Böyük Qayıdış çərçivəsində yaşayış məntəqələri yenidən qurulur, nəqliyyat və enerji infrastrukturu yaradılır, sosial obyektlər istifadəyə verilir. Növbəti mərhələdə isə əsas diqqət regionun iqtisadi potensialının gücləndirilməsinə, özəl investisiyaların cəlbinə və daimi məşğulluğun təmin olunmasına yönəlir. Qarabağ və Şərqi Zəngəzurun ölkənin yeni iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməsi həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışın nəticələri və Qarabağla Şərqi Zəngəzurun gələcək inkişaf prioritetlərinə toxunub. Dövlət başçısı indiyədək bu ərazilərin bərpasına dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrıldığını bildirib. Növbəti mərhələdə isə özəl investisiyaların cəlb edilməsi, daimi iş yerlərinin yaradılması və regionun ölkə iqtisadiyyatında yeni artım mərkəzinə çevrilməsi əsas hədəflər kimi müəyyənləşdirilib: “Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənmiş, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıtmışdır. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.
Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir. İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilib”. 
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciəti Qarabağ və Şərqi Zəngəzurun bərpasının Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasında tutduğu yeri bir daha nümayiş etdirir:
“Burada söhbət yalnız müharibədən sonra dağıdılmış ərazilərin yenidən qurulmasından getmir. Əsas məqsəd həmin torpaqlarda müasir infrastruktur yaratmaq, dayanıqlı iqtisadi fəaliyyət formalaşdırmaq, əhalinin doğma yurdlarına qayıdışını təmin etmək və azad edilmiş əraziləri ölkənin ümumi inkişaf dinamikasına tam inteqrasiya etməkdir.
Böyük Qayıdış proqramı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni yaşayış məntəqələrinin salınması, yolların, enerji və kommunikasiya infrastrukturunun qurulması, sosial obyektlərin istifadəyə verilməsi insanların doğma torpaqlarına qayıdışı üçün zəruri şərait yaradır. Eyni zamanda, bu proses dövlətin resurslarını, idarəetmə imkanlarını və uzunmüddətli planlaşdırma qabiliyyətini səfərbər edən genişmiqyaslı inkişaf modelidir. Bərpanın əsas göstəricisi təkcə tikilən obyektlərin sayı deyil, həmin ərazilərdə insanların təhlükəsiz, rahat yaşaması, məşğulluğun artması və iqtisadi həyatın davamlı şəkildə canlanmasıdır.
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı da kifayət qədər genişdir. Aqrar sektor, turizm, alternativ enerji, sənaye və logistika istiqamətləri regionun gələcək inkişafında mühüm rol oynaya bilər. Bu sahələr üzrə imkanların reallaşdırılması yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın genişlənməsinə və ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edəcək. “Rebuild Karabakh” kimi beynəlxalq sərgilər isə dövlət qurumları, yerli şirkətlər və xarici investorlar arasında əlaqələrin genişlənməsi, müasir texnologiyaların tətbiqi və biznes imkanlarının təqdim edilməsi baxımından əhəmiyyətli platformadır”.
T. İsmayılov qeyd edib ki, bu prosesin Azərbaycanın regional mövqeyinə təsiri də xüsusi qeyd olunmalıdır:
“Qarabağ və Şərqi Zəngəzurda müasir nəqliyyat infrastrukturunun qurulması ölkənin daxili bağlantılarını gücləndirməklə yanaşı, regional nəqliyyat və logistika marşrutları baxımından da əlavə imkanlar yaradır. Azərbaycanın Şərqlə Qərb arasında nəqliyyat əlaqələrində artan rolu fonunda azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması ölkənin strateji əhəmiyyətini daha da artıra bilər. Burada mühüm məsələ yaradılan infrastrukturun regional iqtisadi əlaqələrə, tranzit imkanlarına və yeni investisiya layihələrinə çevrilməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa prosesi Azərbaycanın hərbi-siyasi Zəfərdən sonra quruculuq və inkişaf mərhələsinə keçidinin mühüm nümunəsidir. Dövlətin qarşısında duran əsas vəzifə əldə olunan nəticələri uzunmüddətli iqtisadi səmərəyə çevirmək, qayıdan əhalinin sosial rifahını təmin etmək və regionun özünü təmin edən, rəqabətqabiliyyətli iqtisadi məkana çevrilməsinə nail olmaqdır. Qarabağın dirçəlişi bu mənada yalnız regional layihə deyil, Azərbaycanın gələcək inkişafı, iqtisadi dayanıqlılığı və regional mövqelərinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyan milli layihədir”.