Qarabağda tikinti həyata keçirən şirkətlərlə bağlı yoxlamalar aparılmalıdır - Ekspert

  • Mənimsənilmiş vəsait dövlət büdcəsinə qaytarılmalı, yeyinti və korrupsiya faktları təsdiqlənərsə, məsul şəxslər barəsində cinayət işi başlanmalıdır

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qarabağa təyin etdiyi məmurlara ona görə səlahiyyət verməyib ki, tikinti şirkətlərinin keyfiyyətsiz, başdansovdu evlər və binalar tikməsinə göz yumsunlar, keçmiş məcburi köçkünləri isə tələm-tələsik həmin evlərə və mənzillərə yerləşdirsinlər.

Hazırda Qarabağa köçürülmüş insanların çoxsaylı şikayət və narazılıqları məhz bunu deməyə əsas verir. Görünən odur ki, bəzi məmurlar məskunlaşma prosesini keyfiyyətli şəkildə icra etmək əvəzinə, insanları başdansovdu tikilmiş evlərə və mənzillərə yerləşdirirlər. Məqsəd isə yuxarı instansiyalara statistik məlumat təqdim edərək, “filan qədər insan köçürüldü” deyə tapşırığın icra olunduğunu göstərməkdir. Təxminən 30 il yataqxanalarda və yarımçıq tikililərdə məşəqqətli həyat sürmüş insanlar doğma yurdlarında da müxtəlif problemlərlə üzləşirlər. Sosial şəbəkələrdə yayılan görüntülər bunu təsdiqləyir. Ağdamda, Xocalıda və digər şəhər və qəsəbələrdə binaların keyfiyyətsiz inşa edildiyini, ev və mənzillərin qısa müddət ərzində yararsız vəziyyətə düşdüyünü sakinlər videoya çəkərək paylaşırlar.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirib ki, məsələ ciddi araşdırma tələb edir:

-Son zamanlar Qarabağa qayıdaraq məskunlaşan insanların yerləşdirildiyi evlərdə, həmçinin binaların ümumi infrastrukturunda və xarici tamamlama işlərində kifayət qədər ciddi problemlərin ortaya çıxdığı müşahidə olunur. Sosial şəbəkələrdə bununla bağlı paylaşımlar artıq kütləvi xarakter alıb. Açıq görünür ki, burada korrupsiya və yeyinti amilləri mövcuddur. Evlərin fasadlarında tökülmələr və ciddi nöqsanlar müşahidə edilir.

Qarabağa qayıdışla bağlı bizim təklifimiz olmuşdu ki, dövlətin nəzarəti altında, şəhərsalma prinsiplərinə riayət edilməklə sakinlərin öz istəklərinə uyğun keyfiyyətdə, formatda və dizaynda ev tikmələrinə imkan yaradılsın. Hesablamalar aparılaraq tikinti üçün tələb olunan vəsait müəyyən edilə bilərdi. Büdcədən ayrılan vəsait fərdi qaydada vətəndaşlara ödənilər, məsuliyyət də onların üzərində qalardı. Lakin bu təklifə baxılmadı.

Nəticədə belə bir vəziyyət yaranıb. Görünür, tender proseslərində müəyyən maraqlı qüvvələrin təsiri olub. Layihələr hansısa şirkətlərə, onlar isə podratçılara ötürülüb. Nəticədə keyfiyyətsiz evlər və binalar inşa edilir, qısa müddət sonra isə dağılmağa başlayır. Fövqəladə Hallar Nazirliyinin istifadə olunan tikinti materiallarının keyfiyyəti ilə bağlı rəyləri və analizləri olmalıdır. Necə ki, Bakıda betonun keyfiyyəti xüsusi laboratoriyalarda və diaqnostik vasitələrlə yoxlanılır, Qarabağda da eyni qaydada nəzarət həyata keçirilməlidir.

İ.Hüseynli bildirib ki, şikayət edənləri susdurmaq əvəzinə, keyfiyyətsiz tikintiyə səbəb olan şirkətlərlə bağlı araşdırma aparılmalıdır:

- Paylaşımlarda açıq-aşkar görünür ki, evlərin ətraf hissələri dağılıb, üzlük plitələr qoparaq tökülüb, müxtəlif boşluqlar əmələ gəlib. Çox keyfiyyətsiz iş görülüb. Cənab Prezident ictimai nəzarətin və ictimai iştirakçılığın vacibliyini dəfələrlə vurğulayıb. Narazılığa səbəb olan halları göstərən insanlara hədə-qorxu gəlinərək “üzr videosu” çəkdiriləcəksə, problemin həllinə necə nail olmaq olar? Vətəndaş problemi göstərib ictimailəşdirir, lakin ona təzyiq göstərilərək üzr istəməyə məcbur edilir.

Qarabağın kənd, qəsəbə və şəhərlərində tikinti işləri tam başa çatana qədər ciddi nəzarət mexanizmləri qurulmalı, şişirdilmiş smetalar vasitəsilə dövlət büdcəsinin talanmasının qarşısı alınmalıdır.

İ.Hüseynli hesab edir ki, Qarabağda tikinti həyata keçirən şirkətlərlə bağlı yoxlamalar aparılmalı, mənimsənilmiş vəsait dövlət büdcəsinə qaytarılmalı, yeyinti və korrupsiya faktları təsdiqlənərsə, məsul şəxslər barəsində cinayət işi başlanmalıdır.