Qərbdə liderlik savaşı: London Vaşinqtona meydan oxuyur - ANALİZ

İsmail Cingöz: Yaxın zamanda İngiltərə ilə ABŞ-nin bir-biri ilə isti müharibəyə girəcəyi gözlənilmir

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. ABŞ-İran müharibəsi ilə qlobal güc balansında ciddi dəyişikliklər müşahidə olunur. 

Bu hadisələrin fonun İngiltədə Baş naziri Kir Starmerin açıqlaması diqqət çəkib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, Böyük Britaniyanın İranla müharibə etmək niyyəti yoxdur.

Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a ABŞ-İngiltərə arasında müharibə ehtimalının nə dərəcə dorğu olduğundan danışıb: 

"Amerika Birləşmiş Ştatları ilə İngiltərə, Yeni Dünya Sisteminin mümkün Qərb liderliyi üçün rəqabət edəcək iki ölkə kimi önə çıxır. Şərq liderliyində iqtisadi baxımdan Çin yüksəlişdədir. Amerika Birləşmiş Ştatları belə bu yüksəlişi dayandırmağa çalışsa da, buna nail ola bilmir. Qərbdə isə ABŞ hər keçən gün qlobal sanksiya və hərbi gücünü itirdiyi təəssüratı yaranır. Onun yerinə isə ən güclü namizəd kimi İngiltərə ön plana çıxır.

Bu vəziyyət İngiltərə ilə ABŞ münasibətlərinin rəqabətə və bu rəqabətin nəticəsi olaraq müharibəyə çevrilib-çevrilməyəcəyi suallarını gündəmə gətirir. Lakin bunun qısa və konkret cavabı olaraq deyə bilərik ki, yaxın zamanda İngiltərə ilə ABŞ-nin bir-biri ilə isti müharibəyə girəcəyi gözlənilmir. Amma bu, iki ölkənin qlobal səviyyədə siyasi və buna bağlı olaraq iqtisadi güc baxımından rəqabət aparmayacağı anlamına gəlmir. Çünki ilk növbədə Qərb liderliyi üçün İngiltərə, ABŞ-nin qlobal siyasi gücünü zəiflətmək və bunun üçün müxtəlif arqumentlər hazırlayarkən, eyni zamanda onun neft-dollar hegemoniyasını sarsıtmaq üçün öz iqtisadi sistemini gücləndirmək istəyəcək. Bu isə iqtisadi və siyasi mübarizə doğuracaq. İngiltərə qobal maliyyə mərkəzi kimi tanınır. Eyni zamanda rəsmi Londonun kəşfiyyat şəbəkəsinin çox dərin strukturlara malik olduğu əsrlərdir məlumdur".

Ekspert qeyd edib ki, qlobal maliyyə mərkəzi olmaq və kəşfiyyat şəbəkəsinə sahib olmaq təkbaşına Qərb liderliyi üçün kifayət deyil:  

"ABŞ hələ də hərbi güc və hərbi struktur baxımından dünyanın ən böyük hərbi potensialına malikdir. Amma bunun belə qalacağı da qəti deyil. Xüsusilə son bir neçə ildə ABŞ-nin qlobal səviyyədə əvvəlki təsir gücündə olmadığı müşahidə olunur.

Çünki ABŞ Əfqanıstandan Rusiya kimi uğurla çıxış edə bilmədən geri çəkilib. Ukrayna-Rusiya müharibəsində müharibəni dayandıracağına söz verən prezident Tramp buna nail ola bilmədi. Həmçinin qlobal miqyasda Venesuela, Panama, Qrenlandiya və Kanada ilə birlikdə Arktika bölgəsində, yəni Şimal qütbü ətrafında, Qərb ölkələri olan müttəfiqləri ilə tez-tez qarşı-qarşıya gəlir. O, Çin ilə Tayvan üzərindən də mübarizə apararaq Asiya-Sakit okean bölgəsinə hakim olmağa çalışır.

ABŞ 28 fevral 2026-cı ildə İsraillə birlikdə İrana hücum etdikdən sonra xüsusilə Avropalı müttəfiqlərdən, o cümlədən NATO ölkələrindən yardım istədi. Lakin bu yardım göstərilmədi. Bu da ABŞ-nin artıq əvvəlki hegemon gücündə olmadığının göstəricisidir. Beləliklə, ABŞ NATO müttəfiqləri ilə ortaq kəşfiyyat şəbəkəsi, hərbi inteqrasiya və əməliyyat qüvvələri, nüvə çəkindiriciliyi ilə hələ də güc olsa da, əvvəlki müttəfiqləri üzərində təsiri zəifləyib".

Analitib bildirib ki, ABŞ strateji baxımdan İngiltərəni hələ də özünə ən etibarlı mövqe kimi görür:

"İngiltərə isə ABŞ-ni qlobal gücün təminatçısı kimi qəbul edir və aralarında sanki bir iş bölgüsü varmış kimi davranır. Lakin buna baxmayaraq, İngiltərə tədricən ABŞ-yə rəqib olduğunu hiss etdirməyə başlayıb. 

ABŞ-nin neft-dollar gücü sarsıldığı anda onun yerinə iki əsas namizəd çıxır: birincisi İngiltərə funt sterlinqi, ikincisi isə Çin yuanıdır. Lakin burada sterlinqin daha geniş istifadə imkanına malik ola biləcəyi də nəzərə alınmalıdır.

Mövcud şəraitdə və qısa müddətdə ABŞ ilə İngiltərə arasında isti müharibə ehtimalı 1%-dən də aşağıdır. Lakin gələcəkdə ticarət anlaşmazlıqları, xarici siyasətdə qarşıdurmalar və daxili qarışıqlıqlar fonunda bir-birinin siyasətinə birbaşa müdaxilə halları yaranarsa, bu güc mübarizəsi isti qarşıdurmaya çevrilə bilər.

Əgər yaxın zamanda belə bir qarşıdurma baş versə, hazırkı vəziyyətdə ABŞ-nin hərbi gücü daha üstün görünür. Lakin bu üstünlük ABŞ-da “güc sərxoşluğu” yarada bilər. Digər tərəfdən, İngiltərənin də qlobal təsiri, eləcə də İngilis Millətlər Birliyi kimi strukturları mövcuddur. Avropa ölkələrinin ABŞ-dan daha çox İngiltərəyə siyasi və hərbi dəstək verə biləcəyi ehtimalı da istisna deyil. Belə bir qarşıdurmada Çin siyasi baxımdan İngiltərəni dəstəkləyə bilər ki, bu da ABŞ üçün mənfi nəticələr doğurar".

Politoloq yeni dünya sisteminin formalaşdığını söyləyib:

"Bu sistemdə Şərq blokunda Çin yüksəlir, Qərb blokunda isə İngiltərə ön plana çıxır. Bu yüksəlişlər yaxın zamanda İngiltərə ilə ABŞ arasında birbaşa isti müharibəyə səbəb olacaq səviyyədə görünmür. Lakin ABŞ zəifləyərsə, Qərb liderliyinin İngiltərə ilə ABŞ arasında baş verəcək mübarizə nəticəsində ehtimal ki, İngiltərənin nəzarətinə keçə bilər.

ABŞ-da yaxın 25 il ərzində xüsusilə Kaliforniya və Texas başda olmaqla, yeddi zəngin ştatın ayrılaraq müstəqil dövlətə çevrilmə təşəbbüslərinin ortaya çıxması ehtimalı da var. Bu baş verərsə, ABŞ öz hegemon gücünü əhəmiyyətli dərəcədə itirəcək. Çünki bu yeddi ştat ölkənin ümumi daxili məhsulunun təxminən 50%-ni təşkil edir. Bu isə avtomatik olaraq ABŞ-nin həm iqtisadi, həm də hərbi gücünün zəifləməsi və neft-dollar təsirinin azalması deməkdir.

İngiltərə də bu ehtimalı nəzərə alaraq, ABŞ-nin zəifləməsini gözləməklə yanaşı, öz siyasi və hərbi potensialını gücləndirərək Qərb liderliyinə hazırlaşır". 

Analitik vurğulayıb ki, formalaşmaqda olan yeni dünya nizamında Türkiyə və Azərbaycan rəhbərliyi Türk Dövlətləri Təşkilatının üçüncü güc mərkəzi kimi mövcudluğunu davam etdirir:

"Bu sistemin ən azı üçqütblü- Pekin, London və Türk Dövlətləri xətti üzrə formalaşacağı da qeyd olunur. Orta qurşaqda qlobal güc kimi Türk Dövlətləri Təşkilatı çıxış edəcək və bu strukturun aparıcı qüvvələri Türkiyə və Azərbaycan olacaq. Həmçinin yaxın gələcəkdə Pakistanın da bu təşkilata üzv olması gözlənilir".