Qərbi Azərbaycan İcması Paşinyanın son bəyanatını şiddətlə qınayıb
05:45 03.09.2023
Gündəm
463
“Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 2-də “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanlayaraq Azərbaycan Respublikasına qarşı ərazi iddiası ifadə etməsini şiddətlə qınayırıq”.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, Baş nazirin bu mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, bu ölkənin siyasətində ölçüyəgəlməz səviyyədə olan riyakarlığı göstərir:
“Öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarından azərbaycanlıların hamısını qovmuş, bədnam mono-etnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmə niyyətində olmaqda ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur.
Xatırladaq ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilərək Azərbaycan ərazilərindən çıxarılana qədər, Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməmişdir. Bundan əlavə, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir. Eləcə də, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər”.
Vurğulanıb ki, Azərbaycan 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları re-inteqrasiya etməyə çalışır. Bundan əlavə, Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tamhüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.
“Vurğulamaq istərdik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyidir.
Azərbaycanın 23 aprel 2023-cü ildə öz sərhədləri üzərində nəzarəti tam bərpa etməsi ilə Ermənistanın əsl siması üzə çıxmışdır. Baş nazir Paşinyanın separatçılığı açıq dəstəkləyən son bəyanatı onu göstərir ki, onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları sadəcə Ermənistanın hazırda apardığı irimiqyaslı silahlanma proqramını başa çatdırmaq və Azərbaycanın Qarabağ bölgəsində hərbi mövcudluğunu maksimum gücləndirmək üçün vaxt udmaq məqsədi daşıyırmış.
Bir sıra fransız şəhərlərinin təşkil etdiyi “humanitar yardım” şousundan, məsələlərə dini təəssübkeşlik prizmasından yanaşan Luis Okampo kimilərinin qondarma hesabatlarından, rəyindən vəcdə gələn Ermənistanın baş naziri bu bəyanatla bölgədə vəziyyəti daha da gərginləşdirdi və faktiki olaraq sülh danışıqları prosesini məhv etdi. Bu mənada, N.Paşinyanın son açıqlaması onun təxminən 4 il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını xatırladır.
Biz Ermənistan hökumətindən qanunsuz, destruktiv və təhlükəli əməllərinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdlərinə son qoymağı tələb edirik. Beynəlxalq ictimaiyyət Ermənistanın baş nazirinin son bəyanatını pisləməlidir.
Ermənistan hökuməti əmin ola bilər ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq mexanizmlər çərçivəsində, müvafiq zəmanətlər altında təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını, qayıtdıqdan sonra isə onların fərdi və kollektiv hüquqlarını təmin etmək üçün bütün siyasi və hüquqi vasitələrdən istifadə edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi