Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırdı

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) "Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun"da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik.

Sherg.az xəbər verir ki, bu barədə XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində Azərbaycan əleyhinə səsləndirdiyi iddiaya münasibət bildirərkən deyib.

O qeyd edib ki, Fransa nazirinin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir:

"Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir.

Demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq".