Rusiya “3+3” formatında əməkdaşlıqla bağlı sənəd təqdim edib

Rusiya tərəfi təşkilatçı ölkə kimi “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində əməkdaşlıqla bağlı sənəd təqdim edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda baş tutan Cənubi Qafqaz üzrə “3+3” regional platformasının XİN başçılarının toplantısının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, təqdim olunan sənəddə “3+3” formatında iqtisadi, enerji, ticarət, nəqliyyat, informasiya texnologiyaları, təbii sərvətlər, humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivləri barədə Rusiyanın görüşü əks olunub:

“Bütün bu istiqamətlər üzrə bu gün razılıq ifadə olunub. Tərəflər razılaşıblar ki, hər bir iştirakçı ölkə xüsusi nümayəndə təyin edəcək. Həmin nümayəndə mənim qeyd etdiyim istiqamətlər üzrə milli ideyaları formalaşdıracaq. Daha sonra bunlar bizim türkiyəli həmkarlarımızla koordinasiya olunacaq”.

Lavrov “3+3” fromatında XİN başçılarının növbəti görüşünün Türkiyə tərəfinin gələn ilin birinci yarısında keçirəcəyini də söyləyib:

“Bugünkü görüşün konkret nəticələri və əldə olunan razılaşmalar barədə İranın XİN başçısı açıqlayacaq”, - deyə Rusiya XİN başçısı əlavə edib.