"Hazırda rəsmi Moskvanın əlində qalan məhdud təzyiq alətlərindən sərt şəkildə istifadə etməsi Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması ilə nəticələnə bilər"
Rusiya ilə Qərb arasında Ermənistan uğrunda gedən mübarizə getdikcə daha sərt xarakter alır. Kreml açıq şəkildə İrəvana mesaj verir ki, onu asanlıqla itirmək niyyətində deyil. Rusiyalı rəsmilərin və Kremlə yaxın politoloqların ardıcıl təhdidləri də bunu təsdiqləyir.
Rusiya Cənubi Qafqazda geosiyasi mövqelərini qorumaqda israrlı olduğunu növbəti dəfə XİN rəsmisinin dili ilə nümayiş etdirib. Moskva hesab edir ki, Qərbin regionda artan fəallığına baxmayaraq, nə təhlükəsizlik, nə iqtisadi, nə də siyasi baxımdan Rusiyanın təsir imkanlarını yaxın perspektivdə əvəz etmək mümkün deyil.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin TASS agentliyinə verdiyi müsahibədə deyib ki, Rusiyanın Cənubi Qafqazdakı maraqları dəyişməzdir. Qərb gözəl sözlərə baxmayaraq, Moskvanın yerini tuta bilməyəcək. Regiondakı maraqlarımız sarsılmazdır”.
Kaluqin qeyd edib ki, Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir:
“Bizim maraqlarımız ondan irəli gəlir ki, Rusiya sadəcə qonşu deyil, həm də Qafqaz dövlətidir. Regionun bütün ölkələri ilə bizi çox sıx tarixi-mədəni bağlar birləşdirir. Beş respublikadan dördü ilə müttəfiqlik münasibətləri qurulub. Cənubi Qafqaz ölkələrinin hər biri üçün Rusiya əsas ticarət tərəfdaşlarından biridir. Regiondan bizim üçün əhəmiyyətli nəqliyyat arteriyaları keçir. Dağ silsiləsinin o tayında proseslərin necə inkişaf etməsi Şimali Qafqazdakı vəziyyətə də böyük ölçüdə təsir edir. Bir sözlə, Cənubi Qafqaz bizim üçün həyati əhəmiyyət daşıyır”.
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında Moskvanın bu yanaşmasının yeni olmadığını deyib. Onun sözlərinə görə, Rusiya uzun illərdir Cənubi Qafqazı özünün “arxa bağçası” kimi görür. Cənubi Qafqazda ABŞ, Aİ və Türkiyə kimi aktorların artan rolu Rusiyanı öz mövqelərini möhkəmləndirməyə vadar edir:
“Qarabağ münaqişəsinin uzun illər davam etməsi də məhz Kremlin region üzərində təsir imkanlarını qorumaq siyasətinin tərkib hissəsi olub. Rusiya heç zaman təsir imkanlarını əldən vermək istəməyib. Amma 2020-ci ilin 44 günlük savaşı və 2023-cü ilin anti-terror tədbirləri problemi köklü şəkildə həll etdi və münaqişə faktoru və separatçılıq aradan qaldırıldı. Bununla Rusiyanın bölgədəki təsir rıçaqları da zəiflədi. Rusiya-Ukrayna savaşının da burada önəmli rolu var. Rusiya özünün bütün potensialını böyük ölçüdə Ukrayna ilə müharibəyə cəlb edib. Nəticə etibarilə Kremlin Cənubi Qafqaza təsir imkanları azalıb”.
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərini xatırladan politoloq qeyd edib ki, Moskvanın diqqətini regiona, xüsusən Ermənistana yönəldən səbəblərdən biri də budur:
“Mövcud reallıq ondan ibarətdir ki, Rusiya artıq regionda yeganə və mütləq oyunçu statusunu itirməkdədir. Hətta ənənəvi təsir imkanlarının geniş olduğu Ermənistanda belə, Moskvanın əvvəlki rıçaqları öz effektivliyini itirib. Hazırda rəsmi Moskvanın əlində qalan məhdud təzyiq alətlərindən sərt şəkildə istifadə etməsi Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması ilə nəticələnə bilər. Görünən odur ki, Rusiya rəhbərliyi də bu riskin fərqindədir və daha ehtiyatlı manevrlər etməyə məcburdur. Ermənistandakı parlament seçkilərinin nəticələri sadəcə Ermənistanda deyil, bütövlükdə Cənubi Qafqazda gələcək vəziyyəti müəyyənləşdirəcək. Rusiya da çalışır ki, İrəvanda öz tərəfdarlarını başa gətirsin və Paşinyanın komandasını devirsin. Kreml bunun üçün imkanlarını ciddi şəkildə səfərbər edib. Hətta Vladimir Putin Paşinyanla Moskvadakı görüşündə Rusiya vətəndaşları olan ermənilərin seçkidə iştirakı məsələsini qaldırdı, Paşinyanın reaksiyası isə sərt oldu”.