- Saakaşvilinin açıqlamaları Gürcüstanda yeni müharibə qorxusu yaratdı
Gürcüstanda Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələri müxalifət ilə iqtidarın mübahisə mövzusuna çevrilib. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həmin bölgələrə hərbi hazırlıq məqsədilə yanacaq tədarük edildiyini iddia edib.
Qeyd edək ki, Abxaziya və Sxinvali bölgələri tarixən çətin sınaqlardan keçib. 1992-1993-cü illərdə bölgənin titullu etnosu abxazlar ilə əhalinin əksəriyyətini təşkil edən gürcülər arasında şiddətli müharibə baş verib. Münaqişə Gürcüstan hökümətinin Abxaziya üzərində nəzarəti itirməsi ilə yekunlaşıb. 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində, Abxaziyanın separatçı qüvvələri, Rusiya tərəfində yer alaraq, Gürcüstana qarşı döyüşüblər. Müharibə bitdikdən sonra, rəsmi Moskva Cənubi Osetiyanın "müstəqilliyini" rəsmən tanıyıb. Seperatçılarla əlaqələri möhkəmləndirən Rusiya bölgədə hərbi bazalarını yerləşdirmək üçün fürsət əldə edib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili dəfələrlə həmin ərazilərin Rusiyanın işğalı altında olduğunu bəyan edib. İndi isə M. Saakaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Abxaziya və Cənubi Osetiyanı Rusiyanın ərazisi kimi tanıyan sənədi imzalamaq məqsədilə Moskvaya səfər etdiyini açıqlayıb. Sabiq prezident, Gürcüstan xalqını təcili şəkildə hökümətə qarşı səfərbər olmağa çağırıb.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, M.Sakaşvilinin açıqlamaları həmin bölgələrdə hərbi hazırlığın getdiyindən xəbər verir: 
“Amma indiki halda Rusiyanın əlavə cəbhə açıb, resurslarını oraya sərf etməsi ağlabatan deyil. Faktiki olaraq Rusiya bütün resurslarını Ukraynaya sərf edir. Hətta Moskva ciddi resurs qıtlığı ilə üz-üzədir. Əgər Saakaşvilinin dediyi kimi, indiki hökumət Rusiya ilə iş birliyi içindədirsə və Moskvanın diqtə etdiyi sənədlərə imza atacaqsa, belə olan halda Gürcüstanın separatçı bölgələrə (Abxaziya və Cənubi Osetiya) nəyə görə silah-sursat yığılsın? Abxaziya və Cənubi Osetiya onsuz da Rusiyanın nəzarətindədir. Diqqət çəkən digər bir məqam isə Moskvanın Tbilisiyə bu qəbildən olan tələblər irəli sürmək ehtimalıdır. Hətta həmin şərtlər yerinə yetirilmədikdə Rusiyanın xəbərdarlıq və təhdid mexanizmlərini işə salması da istisna olunmur. Lakin mövcud şəraitdə açıq hərbi təcavüzə əl atmaq Rusiyanın beynəlxalq imicinə və məhdudlaşmış resurslarına ciddi zərbə vurar”.
Politoloqun sözlərinə görə, Gürcüstan hökuməti rəsmi müqavilə imzalayıb, həmin əraziləri Rusiyaya verə bilməz:
“Çünki bu addım hakimiyyətin bütün elektoratını itirməsinə səbəb ola bilər. Gürcüstan xalqı bunu bağışlamaz. Hətta Birləşmiş Milli Hərəkatın rəhbərliyi də həmin ərazilərin işğal olunması ilə bağlı fikir bildirmişdi. Bu da açıq şəkildə onu göstərir ki, Gürcüstan hökuməti Rusiyanı işğalçı kimi görür. Belə bir vəziyyətdə həm sözügedən ərazilərin Rusiya tərəfindən işğal olunduğunu bəyan etmək, həm də həmin torpaqlar üzrə güzəştə getmək eyni anda mümkün deyildir. Bəzi mülahizələrə görə, Rusiya Uzaq Şərqdə də gərginliyi körükləyir. Məsələn, Kuril adalarına rəsmi səfərlər təşkil etməklə Yaponiya ilə münasibətləri kəskinləşdirir. Belə olan halda, Gürcüstanda da yeni bir münaqişə ocağı yaradıb, beynəlxalq diqqəti digər məsələlərə çəkməyə çalışa bilərmi? Nəzəri olaraq bu mümkündür, amma indiki halda buna zərurət varmı və ya Rusiyanın buna yetəcək qədər resursu varmı? Düşünürəm ki, bu suallar yaxın müddət ərzində bölgədə yeni münaqişənin gözlənilmədiyini deməyə əsas verir".