“Rusiya keçmiş imperiyanı toplamaq planı yürüdür" - ŞƏRH

“Ukrayna müharibəsi imperiya bərpasının ilk addımı idi. Rusiya dayanmasa, yeni işğallar qaçılmazdır" 

"Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır, buna görə də təhlükə yalnız Baltikyanı ölkələrlə - Latviya, Litva və Estoniya ilə məhdudlaşmır”. Bunu NATO admiralı Cüzeppe Kavo Draqone deyib. Admiral hesab edir ki, Rusiya bu məqsədlə hərbi gücünü artırmağa davam edəcək və NATO üçün bir nömrəli təhlükə olaraq qalır.“Rusiya Ukraynada olduğu kimi birbaşa işğal ssenarisinə qayıda bilərmi” sualına cavab verən Draqone bildirib ki, artıq hibrid və qeyri-ənənəvi təhdidlər mövcuddur və gələcəkdə də davam edəcək.

“Rusiyanın SSRİ-nin dağılmasından əvvəlki dövrü geri qaytarmağa çalışacağını gözləmək olar. Ona görə də kimin hədəf ola biləcəyini anlamağı sizə buraxıram”, - NATO admiralı vurğulayıb. Baltikyanı ölkələri nəzərdə tutub-tutmadığı soruşulduqda Draqone “yalnız onlar yox” cavabını verib. O əlavə edib ki, NATO 360 dərəcə müdafiə, çəkindirmə və qorunma strategiyasına fokuslanıb, Arktika, Şərq və Cənub istiqamətlərində vəziyyəti yaxından izləyir. Xatırladaq ki, keçmiş SSRİ-yə Azərbaycan, Gürcüstan, Ermənistan, Latviya, Litva, Estoniya, Ukrayna, Moldova, Belarus, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Rusiya daxil idi.

Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin və digər Kreml rəsmilərinin bir neçə dəfə  SSRİ-nin dağılmasına təəssüfləndiklərini və onu faciə kimi dəyərləndirdiklərini xatırladıb. Onun sözlərinə görə, bu reaksiyalar elə Moskvanın bəd niyyətlərindən xəbər verir:

“Dediyim kimi Putin və digərləri bu niyyətlərini heç gizlətmir də. Putin hətta çıxışlarının birində demişdiki, Pyotr rus torpaqlarını toparladı və möhkəmləndirdi, indi həmin missiya bizim üzərimizə düşüb, rus torpaqlarını toplamaq və dövləti möhkəmləndirmək. Bundan açıq nə demək olar? Hətta bunu deməsə də davranış göstərir ki, Rusiya hakimiyyəti keçmiş imperiyanı hansısa formada bərpa eləmək istəyir. Lakin keçmiş SSRİ-də olan və bu gün müstəqil olan dövlətlərin vətəndaşları bunun qarşısını almaq üçün əlindən gələni etməlidir. Əslində Putinin SSRİ torpaqlarını toparlamaq istiqamətində atdığı ilk addım Ukrayna müharibəsi oldu. Ukrayna ərazisini nəzarətə götürdükdən sonra digərləri onun ardınca gəlməli idi. Ukraynanın müqaviməti bu planları müəyyən qədər pozdu. Ancaq bu müqavimət nə qədər davam eləyəcək sualı qarşıda dayanır”.

Politoloq qeyd edib ki, Ukraynanın Rusiya qarşısında dayana bilməsi üçün ona göstərilən yardımlar artırılmalıdır:

“Lakin artıq ABŞ yardımı dayandırıb və bu səbəbdən Avropa ən azı 80 milyard dollar hər il Ukraynaya yardım göstərməlidir ki, Ukrayna dayana bilsin. Ukraynanın irəli getməsi üçün isə yardımlar təxminən 100 milyard dollar səviyyəsinə qalxmalıdır. Avropa isə etiraf edir ki, bizim o gücümüz yoxdur. Bu şəraitdə Ukrayna nə qədər dayana biləcək, çox ağır bir sualdır. Real kömək təəssüf ki, göstərilmir. Rusiya bundan sonra Ukrayna müharibəsində çox ciddi yaralar almasa, digər ölkələrin ərazisini işğal etmək həvəsi davam edəcək və artacaq".