Rusiya - Ukrayna müharibəsinin sonuna yaxınlaşmışıq - Engin Özer "Şərq"ə danışdı

  • “Rusiya sanksiyaların ləğvini tələb edir, proses artıq başlayıb”

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 20-də ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır. Bu barədə Ukrayna lideri brifinqdə bildirib.

Qeyd edək ki, Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün təşkili üzərində işləməyə davam edəcəklərini də açıqlayıb.

Politoloq Engin Özer planlaşdırılan Zelenski-Tramp görüşündən proqnozlarını Sherg.az-la bölüşüb:

"Son görüşmələrdən sonra Ukrayna bildirmişdi ki, əslində onu ən çox maraqlandıran məsələ təhlükəsizlik zəmanətləridir. Artıq Ukraynaya, Avropa İttifaqına üzv ölkələr və İngiltərə təhlükəsizlik zəmanəti verəcəyi ilə bağlı söz verib.

Dolayısıyla, Ukrayna hazırda ABŞ-dən də təhlükəsizlik zəmanəti istəyir. Böyük ehtimalla, münaqişənin dondurulacağı bir sülh sazişi olmayacaq. 

ABŞ də bu məsələni danışıqlarda bir bazarlıq vasitəsi kimi istifadə edir. Nadir torpaq elementləri məsələsi ilə bağlı Amerikanın bu bölgədə müəyyən iqtisadi maraqları var.

Buna görə də məsələnin detalları müzakirə ediləcək. Amma Uitkoff və Kuşnerin son Moskva səfəri zamanı Rusiyadan yeni təklif gətirilməsi ilə bağlı razılıq əldə olunub". 

Analitik qeyd edib ki, əslində, tərəflər razılaşmaya yaxın görünürlər:

"Rusiya üçün hazırda əsas maraq doğuran məsələ isə, ilk növbədə, sanksiyalar məsələsidir. Yəni münaqişənin dondurulması hər nə qədər uzaq kimi görünsə də, bu ssenaridə Rusiyanın əsas tələbi sanksiyaların aradan qaldırılmasıdır.

Qərbin tətbiq etdiyi sanksiyaların qismən, ən azı müəyyən hissəsinin aradan qaldırılması məsələsində israr edirlər. Bu proses artıq başlayıb.

Təbii ki, diplomatik danışıqlar daha uzun çəkə bilər, hətta bir neçə ay davam edə bilər.

Amma ümumilikdə, görünür ki, müharibənin sonuna yaxınlaşmışıq".