Rusiyanın Cənubi Qafqazdakı yerini ABŞ və Türkiyə tutur - Hüsamettin İnaç

"Vensinin bölgəyə səfərİ “Tramp yolu” kimi tanınan Zəngəzur dəhlizinin ən qısa zamanda fəaliyyətə başlaması üçün ciddi dönüş nöqtəsi yaradacaq"

Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət bir sıra dəyişikliklərə məruz qalıb. Bölgədə ənənəvi təsir sahibi olan dövlətlərin rolu və münasibətləri dəyişir, yeni regional balans formalaşır. Bu dövlətlərdən olan Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin nə olacağı diqqət mərkəzindədir. Eyni zamanda, Vensinin bölgəyə etdiyi səfər də diqqət çəkir. Çünki səfər Zəngəzur dəhlizinin fəaliyyətə başlaması və ABŞ-nin bölgədə mövcudluğunun izlənməsi baxımından əhəmiyyət kəsb edir. Məqalədə Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə təsir edən əsas faktorlar və bu prosesin regional nəticələri təhlil olunur. 

Türkiyəli ekspert Dr.Hüsamettin İnaç mövzu ilə bağlı Sherg.az-a açıqlamasında son dövrlərdə Rusiyanın Cənubi Qafqazdakı təsirinin əhəmiyyətli dərəcədə zəiflədiyini deyib: 

"Bunun əsas səbəblərindən biri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq istiqamətində atdığı addımlar və hazırda bu üzvlüyü faktiki olaraq dondurmasıdır.

2020-ci ildə baş vermiş Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana dəstək verməməsi İrəvanda ciddi narazılıq yaratdı. Bu səbəbdən Ermənistan ABŞ, eləcə də Fransa başda olmaqla Avropa ölkələri ilə daha sıx və intensiv təmaslara başladı.

Azərbaycanın təyyarə qəzası ilə bağlı Rusiyanın təzminat ödəməkdən imtina etməsi və rəsmi şəkildə üzr istəməməsi münasibətlərə mənfi təsir göstərdi.

Eləcə də Rusiyada yaşayan Azərbaycan diasporuna qarşı nümayiş etdirilən mənfi münasibət Azərbaycan-Rusiya əlaqələrinin ciddi şəkildə gərginləşməsinə səbəb oldu". 

Ekspert Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamalarının da münasibətlərə mənfi təsir göstərdiyini söyləyib: 

"M.Zaxarovanın Ermənistanla bağlı “Ukraynada olduğu kimi müdaxilə və ilhaq mümkündür” məzmunlu bəyanatları regional münasibətlər baxımından ciddi narahatlıq doğurdu.

Xüsusilə Rusiyanın “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizinə dəstək verməməsi və bu layihənin qarşısını almaq məqsədilə İranla birlikdə aktiv şəkildə fəaliyyət göstərməsi də münasibətlərin pozulmasında mühüm faktor kimi çıxış edir.

Moskva Ukrayna müharibəsində faktiki olaraq bataqlığa düşdü. İqtisadi və strateji baxımdan ciddi itkilər verməsi də Cənubi Qafqazın Rusiyadan uzaqlaşmasına və bölgənin nisbətən rahatlamasına şərait yaratdı. Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində özünə daha fəal və fərqli mövqe qazandırdı. Ermənistanın yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırdığı təqdirdə iqtisadi nəfəs ala biləcəyini dərk etməsi Rusiyadan asılılığın əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı". 

Politoloq vurğulayıb ki, bütün bu amilləri bir araya gətirdikdə demək olar ki, Rusiya Cənubi Qafqazdakı mövqelərini mərhələli şəkildə itirəcək: 

"Bu baxımdan Vensinin bölgəyə etdiyi səfər xüsusi əhəmiyyət daşıyır. Çünki bu səfər “Tramp yolu” kimi tanınan Zəngəzur dəhlizinin ən qısa zamanda fəaliyyətə başlaması üçün ciddi dönüş nöqtəsi yaradacaq. Səfər ABŞ-nin bölgədəki mövcudluğunu daha da gücləndirəcək.

Bu proseslər Rusiyanı ciddi şəkildə narahat edir. Çünki Moskva Cənubi Qafqazı özünün ən zəif və ən həssas bölgəsi hesab edir. ABŞ-nin bu bölgəni əhatəyə aldığını düşünür.

Üstəlik, Rusiyanın həm Liviyada, həm Afrikada, həm də Suriyada təsir və nüfuz dairəsini tədricən itirməsi onu öz daxilinə çəkilməyə məcbur edib. Bu proses Cənubi Qafqazda da oxşar nəticələr doğuracaq". 

Analitik Rusiyanın Cənubi Qafqazdakı yerini ABŞ və Türkiyənin tutacağını qeyd edib: 

""Tramp yolu” adlandırılan Zəngəzur dəhlizinin reallaşması ilə Rusiyanın bölgədəki mövcudluğu daha da azalacaq".