Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili vətəndaşları hakimiyyətə qarşı kütləvi etirazlara çağırıb.
Teleqraf xəbər verir ki, o, ölkəsinin çox təhlükəli mərhələyə gəlib çatdığını iddia edib.
Saakaşvili jurnalist Vaxo Sanayanın həbsini şərh edərkən deyib:
“Çox təhlükəli mərhələyə gəlib çatmışıq. Vaxo əsl vətənpərvər və ən maraqlı, intellektual mübarizə aparan jurnalistlərdən biridir. Onunla dostam, qətlə yetirilmiş tanınmış jurnalist Giorgi Sanayanın da yaxın dostu olmuşam. Vaxonun hədəf seçilməsi digərlərini qorxutmaq və nümunə göstərmək məqsədi daşıyır. Amma bu, daha böyük planın icrasının başlanğıcı deməkdir.
Məqsəd bir deyil. Birincisi, diktatura televiziya kanallarını bağlamağı, jurnalistlərin sosial mediaya keçidi prosesini dayandırmağı planlaşdırır. Rusiyada olduğu kimi, jurnalistlərə yalnız bir seçim qoyulur - Avropaya getmək və fəaliyyətlərini oradan davam etdirmək.
Qısa desək, Vaxo Sanaya, Nodar Meladze, Tea Adeişvili, Mate Kirvalidze, Giorgi Tarqamadze, İnqa Qriqoliya və digər jurnalistlərin artıq Gürcüstanda yeri qalmayacaq. Hətta onların ölkəyə qayıtması da qadağan olunacaq, Varşava, Amsterdam və ya Vilnüsdə fəaliyyət göstərməyə məcbur ediləcəklər. Məncə, bu, maksimum iki-üç ay ərzində baş verəcək. Hər bir jurnalist seçim qarşısında qalacaq: ya həbs, ya da mühacirət”.
Eks-prezidentin fikrincə, ikinci məqsəd isə bütün cəmiyyəti qorxutmaqdır:
“Məsələn, mənim Feysbuk səhifəmə baxsanız, insanların fəallığı, baxış sayı, bəyənmələr və paylaşımlar sürətlə artır. Yeni bloqlar və podkastlar yaranıb, çoxlu izləyici toplayırlar. Vaxonun və yaxın vaxtlarda digər jurnalistlərin də həbsi ilə bu prosesi geri çevirmək istəyirlər.
Əgər cəmiyyət buna qarşı kütləvi şəkildə müqavimət göstərməsə, televiziya kanalları da yaxın vaxtlarda bağlanacaq, jurnalistlər ölkədən çıxarılacaq və insanlar daha da qorxudulacaq. Bu mərhələ başa çatdıqdan və jurnalistlər ölkədən kənara çıxarıldıqdan sonra diktatura növbəti mərhələyə keçəcək - artıq seçki hüququ əlindən alınmış xaricdə yaşayan bütün vətəndaşlara qarşı mübarizə aparacaq. Sonrakı addımlar onların Gürcüstandakı əmlakının dondurulması və müsadirəsi, pasportların müddətinin uzadılmasından və digər konsulluq xidmətlərindən imtina edilməsi, ümumilikdə isə onların dövlət düşməni elan olunması olacaq. Bütün bunlar artıq Rusiyada baş verir.
Ona görə də Vaxo Sanayanın həbsi təkcə onun, “Formula” telekanalının və ya ümumiyyətlə jurnalistikanın problemi deyil. Çox təhlükəli yol ayırıcındayıq və bu vəziyyətdə hərəkətsiz qalmaqdan başqa bütün seçimlər fəlakətli nəticələrə gətirib çıxara bilər”.