"Cənubi Qafqaz isə qarşıdurma meydanı deyil, əməkdaşlıq və sabitlik məkanı olmalıdır"
İran Amerika Birləşmiş Ştatları və İsraillə müharibəyə başladığı ilk gündən bəri region ölkələrinə qarşı da gərginlik yaradan addımlar atıb. Az qala hər gün Körfəz ölkələrinə raketlə vurur. Bir neçə gün əvvəl isə İran ərazisinsən Türkiyəyə iki ballistik raket atılıb. Azərbaycana dörd pilotsuz uçuş aparatı göndərilib. Bu addımlar İranın regional siyasətinin artıq sistemli deyil, daha çox xaotik xarakter aldığını göstərir.
Yaxın Şərqdə artan gərginlik fonunda İranın hərbi dairələrindən qonşu dövlətlərə yönələn sərt bəyanatlar isə regionda yeni təhlükəsizlik müzakirələri yaradıb. SEPAH-a bağlı strukturların Azərbaycana ünvanlanan açıq mesajları idarəetmədəki ziddiyyətləri üzə çıxarıb.
İki gün əvvəl İran prezidenti Məsud Pezeşkian region ölkələrinə müraciət edərək bildirib ki, İran silahlı qüvvələri qonşu dövlətlərə hücum etməyəcək və yalnız İran ərazisinə qarşı hücum olarsa cavab veriləcək. Prezidentin bu açıqlaması bir növ diplomatik sakitləşdirmə cəhdi kimi təqdim olundu. Lakin bu bəyanatdan dərhal sonra İranın hərbi strukturları və xüsusilə SEPAH tam fərqli mövqe ortaya qoyub. İranın silahlı qüvvələrinə bağlı “Xatəm əl-Ənbiya” qərargahı Azərbaycanla bağlı sərt bəyanat yayıb və region ölkələrinə qarşı hədələyici ritorika səsləndirib. Bu ziddiyyətlər artıq İranın klassik dövlət idarəçiliyindən uzaqlaşdığını göstərir. Bir tərəfdən prezident qonşulardan üzr istəyir və gərginliyin azalmasını istəyir, digər tərəfdən isə hərbi strukturlar prezidentin mövqeyini faktiki olaraq rədd edən açıqlamalar verir. Siyasi ekspertlərin fikrincə, bu vəziyyət İranın siyasi sistemində dərin böhran yarandığını göstərir. Rəsmi strukturların açıqlamaları artıq vahid dövlət mövqeyi kimi qəbul edilmir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov "Sherg.az"a açıqlamasında SEPAH-ın Azərbaycanla bağlı təhdid xarakterli bəyanatlarınım regionda onsuz da həssas olan hərbi vəziyyəti daha da gərginləşdirdiyini deyib.
Azərbaycanım indiyədək heç vaxt İrana qarşı təhdid dili istifadə etmədiyini xatırladan Z.Məmmədov qeyd edib ki, əksinə rəsmi Bakı bu illər ərzində qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib: "İrana daim əməkdaşlıq və dialoq üçün “qardaş əlini” uzadıb. Buna baxmayaraq, İranın dini - hərbi rəhbərliyi tərəfindən vaxtaşırı səsləndirilən xəbərdarlıqlar və təhdid xarakterli ritorika qəbuledilməzdir. Dövlətlərarası münasibətlər təzyiq və qorxu üzərində deyil, qarşılıqlı etimad və bərabərlik üzərində qurulmalıdır.
Əgər hər hansı ölkə həqiqətən də dostluq və mehriban qonşuluq münasibətləri qurmaq istəyirsə, bunu təhdidlər və güc nümayişi ilə deyil, konstruktiv davranış, əməkdaşlıq və qarşılıqlı hörmətlə etməlidir. Cəlbedicilik və etimad yaradan siyasət hər zaman təzyiq siyasətindən daha effektiv olur".
Z. Məmmədovun sözlərinə görə, son illərdə İranın regionda apardığı siyasəti neoimperialist yanaşma kimi qiymətləndirilir: "Müxtəlif ölkələrin daxili işlərinə müdaxilə cəhdləri, regiondakı proseslərə təsir göstərmək istəyi və ideoloji təsir alətləri istifadə etməsi bu narahatlıqları daha da artırır. Cənubi Qafqaz isə qarşıdurma meydanı deyil, əməkdaşlıq və sabitlik məkanı olmalıdır. Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir: suverenliyə hörmət, daxili işlərə qarışmamaq və regionda sülhə xidmət edən münasibətlərin qurulması. Təhdid dili isə nə regional təhlükəsizliyə, nə də iki qonşu ölkə arasında etimada xidmət edir".