Şimali Kiprin gələcəyinə yalnız Kipr türk xalqı qərar verir- Ainur Noqayeva

  • "Kipr türklərinin təhlükəsizliyi Ankaranın dəyişməyən prioritetidir"

Türkiyə Böyük Millət Məclisində (TBMM) Şimali Kipr Türk Respublikasının (ŞKTR) adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürülüb. Təklifə əsasən, ölkənin adından "Şimali" sözü çıxarılaraq "Kipr Türk Respublikası" adlandırılması nəzərdə tutulur. Bildirilir ki, bu dəyişiklik dövlətin beynəlxalq aləmdə daha güclü təmsil olunmasına və hüquqlarının müdafiəsinə töhfə verə bilər.

Bu təklif fonunda Kipr məsələsi yenidən ictimai və siyasi müzakirələrin mərkəzinə çevrilib. Uzun illərdir beynəlxalq münasibətlər sisteminin ən mürəkkəb və həssas mövzularından biri hesab olunan Kipr problemi tarixi, siyasi və hüquqi aspektləri ilə fərqli yanaşmalar doğurur. Eyni zamanda, məsələ təkcə ada ilə məhdudlaşmır, Şərqi Aralıq dənizindəki geosiyasi proseslərə, regional təhlükəsizliyə və beynəlxalq diplomatiyaya da birbaşa təsir göstərir. 

Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ainur Nogayeva Sherg.az-a Türkiyənin bu məsələyə yanaşmasından və həmin mövqeyə əsaslanan qiymətləndirməsindən danışıb:

"Kipr məsələsini qiymətləndirərkən ilk növbədə bu həqiqəti nəzərdən qaçırmamaq lazımdır: Bu gün Şimali Kipr Türk Cümhuriyyəti öz institutları, xalqı və siyasi iradəsi olan müstəqil dövlətdir. Buna görə də gələcəyi, adı və siyasi seçimləri ilə bağlı qərarları da ilk növbədə özü verir.

Türkiyə isə 1974-cü il Barış Hərəkatını 1960-cı il Zəmanət Müqaviləsindən irəli gələn hüquq və öhdəlikləri çərçivəsində həyata keçirib. Ankaranın baxışına görə, bu müdaxilənin məqsədi torpaq əldə etmək deyil, adadakı konstitusiya quruluşunu yenidən bərpa etmək və Kipr türk xalqının təhlükəsizliyini təmin etmək idi. Aradan keçən 52 il ərzində bölgənin geosiyasəti dəyişib. Lakin Kipr türklərinin təhlükəsizliyi Türkiyə üçün əsas prioritet olaraq qalır.

Bu gün Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasındakı münasibətləri yalnız təhlükəsizlik aspekti ilə izah etmək olmaz. Su təchizatından enerji inteqrasiyasına, nəqliyyatdan infrastruktur investisiyalarına qədər bir çox strateji layihə həyata keçirilib. Bu da göstərir ki, Ankara Şimali Kipri təkcə tarixi bir dava kimi deyil, Şərqi Aralıq dənizinin gələcəyində mühüm strateji tərəfdaş kimi görür".

Professor vurğulayıb ki, Türkiyənin əsas yanaşması da aydındır: Şimali Kipr Türk Cümhuriyyətinin daxili siyasi seçimləri və demokratik iradəsi Kipr türk xalqına məxsusdur:

"Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Kipr türklərinin yanında olmağa davam edəcək. Ancaq adadakı türk varlığını və ya təhlükəsizliyini birbaşa təhdid edən fövqəladə vəziyyət yaranarsa, zəmanətçi statusundan irəli gələn məsuliyyətlərin yenidən gündəmə gəlməsi də təbiidir.

Bu səbəbdən Kipr məsələsini gündəlik daxili siyasətin mövzusuna çevirmək düzgün deyil. Çünki Kipr Türkiyə baxımından hökumətlərin deyil, dövlətin uzunmüddətli milli siyasətlərindən biridir. Fərqli hakimiyyətlər dövründə üsullar dəyişmiş ola bilər. Lakin Kipr türk xalqına verilən dəstək heç vaxt yalnız bəyanatlar səviyyəsində qalmayıb, konkret addımlarla davam etdirilib".

Analitik bu gün Kipr məsələsinin 1974-cü ilin və ya keçmişdə yaşanan faciələrin mövzusu ilə yanaşı Şərqi Aralıq dənizinin təhlükəsizliyi, enerji balansı və regional geosiyasəti ilə birbaşa bağlı olduğunu qeyd edib: 

"Davamlı həll yolu da yalnız adadakı iki xalqın siyasi bərabərliyini və Kipr türklərinin iradəsini əsas götürən real yanaşma ilə mümkündür. Buna görə də Kipr məsələsini gündəlik daxili siyasətin alətinə çevirmək düzgün deyil. Kipr hökumətlərin deyil, Türkiyə Cümhuriyyətinin uzunmüddətli dövlət siyasətlərindən və milli davasından biridir. Müxtəlif dövrlərdə üsullar dəyişə bilər. Lakin dəyişməyən əsas prinsip budur: Qərarları Şimali Kipr Türk Cümhuriyyəti və Kipr türk xalqı verir. Türkiyə isə hər zaman onların yanında dayanır və bunu təkcə bəyanatları ilə deyil, konkret fəaliyyəti ilə göstərməyə davam edir".