Spiker qazaxıstanlı həmkarlarına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar bu ölkə Parlamenti Senatının sədri Maulen Aşimbayevə və Parlament Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Milli Məclisin sədri şəxsən öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək yaralılara şəfa diləyib.

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış baş verib. Qəza anında şaxtada 252 nəfər olub. Şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb.